Əsas Səhifə > Sosial, Manşet > Nazirlik büdcə oğrularını kimdən gizlədir?
Nazirlik büdcə oğrularını kimdən gizlədir?30-01-2018, 09:38 |
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatı açıqlayıb. Nazirlikdən verilən məlumata görə, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 14 rayon və şəhər icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların və şəhərlərin abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 1 şəhər ərazi nümayəndəliyinə, həmçinin 11 təhsil, 10 səhiyyə, 1 meliorasiya və su təsərrüfatı müəssisələrinə, 1 statistika müəssisəsinə, 1 mərkəzi icra hakimiyyəti orqanına, 2 diplomatik nümayəndəliyə, regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb, 2 açıq səhmdar cəmiyyətdə suvarma layihələrinin icrası üzrə monitorinq aparılıb. 2017-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına aşkar olunan 7 milyon 367,9 min manat məbləğində artıq ödənişlərin 4 milyon 673,7 min manatının yoxlamaların gedişində, 81,8 min manatının isə cari ilin əvvəlində bərpası təmin edilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılan ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb. Hesabat dövründə ümumilikdə aşkar edilən yuxarıda qeyd edilən artıq ödənişlərin 10 təşkilat üzrə 2 milyon 331,8 min manat hissəsinə dair yoxlama materiallarında mənimsəmə əlamətləri müşahidə edildiyindən bu nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilib. Aşkar edilən əsassız ödənişlərin 4 təşkilat üzrə 280,6 min manat hissəsinə dair yoxlama materialları isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib. Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubları ilə Maliyyə Nazirliyinə göndərilən prokurorluq orqanlarının qərarlarına əsasən 8 təşkilatda prokurorluq orqanlarının qərarlarında qeyd olunan suallar yoxlanılıb, aşkar edilən 678,3 min manat məbləğində artıq və əsassız ödənişlərin 57,6 min manat hissəsi yoxlamaların gedişində bərpa edilib, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib. 2017-ci il ərzində müxtəlif dövlət orqanlarına ünvanlanan və həmin orqanlar tərəfindən Maliyyə Nazirliyinə göndərilən, habelə birbaşa Maliyyə Nazirliyinə daxil olmuş və araşdırılması Dövlət Maliyyə Nəzarəti Xidmətinə həvalə edilən 260-dan çox vətəndaş müraciətləri ölkə başçısının tapşırıqlarına uyğun olaraq daha diqqətlə öyrənilərək araşdırılıb, müraciətlərdə qaldırılan məsələlərin xeyli hissəsi təsdiqini tapıb və vətəndaşların hüquqları bərpa edilib. Bu səpkili 20 müraciətin araşdırılması zamanı aşkar edilən nöqsanların ciddiliyi nəzərə alınaraq araşdırmaların nəticələrinə dair tərtib edilən sənədlər həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 760 vəzifəli şəxsə ümumilikdə 639,0 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub. Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən hesabat dövründə aparılan yoxlamalarla aşkar olunan nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib. Məlumatdan da aydın olduğu kimi 10 təşkilatda 2,3 milyon manatlıq mənimsəmə aşkar edib. Amma nazirlik həmin 10 icra hakimiyyəti qurumunun adını açıqlamır. Maraqlıdır, nazirlik niyə bu təşkilatların adını ictimaiyyətdən gizlədir? Ümumiyyətlə, bu qurumların adlarının açıqlanmaması onlara növbəti illərdə də bu cür mənimsəmə ilə çalışmağa rəvac vermirmi? Onlara bu şərait nədən yaradılır? İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, maliyyə nəzarətinin inkişaf etdirilməsi və təmin olunmasında, xüsusilə dövlət vəsaitlərinin istifadə edilməsində, xərclənməsində iştirak edən müəssisələrin şəffaf hesabatlılığı təmin olunmalıdır: “Bu, Azərbaycan qanunvericiliyinin tələblərindən biridir. Paralel olaraq Hesablama Palatası davamlı olaraq bu qurumlar üzərində öz nəzarət tədbirlərini həyata keçirməli və hesabatlarını da qanunvericiliyə uyğun olaraq ictimailəşdirməlidir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyinin açıqlaması daha çox ənənəvi formadadır. Yəni, konkret olaraq qurumların adlarının açıqlanmaması müəyyən mənada hesabatın və açıqlanan məlumatın keyfiyyətinin aşağı düşməsinə gətirib çıxardır. Daha yaxşı olardı ki, həmin qurumların adları ictimailəşdirilsin. O cümlədən, burada hər bir qurumda yol verilən nöqsanların xarakterik xüsusiyyətləri öz əksini tapmalıdır. Həmçinin bununla bağlı görülən tədbirlər barədə ictimaiyyəti davamlı olaraq məlumatlandırmalıdır. Hesab edirəm ki, yalnız bu halda Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının fəaliyyətini və həmin vəsaitlər üzərində idarəetmənin keyfiyyətinə ictimai nəzarəti gücləndirmək mümkündür. Həmçinin, bu, son nəticədə digər qurumların da fəaliyyətlərində daha ehtiyatlı, nöqsansız olmasını, korrupsiya hallarına yol verməməsini şərtləndirən bir presedentə çevrilə bilər. Amma çox təəssüf ki, hələlik Azərbaycanda dövlət qurumları haqqında bilgilər adətən onların istədiyi detalların öz əksini tapdığı məlumatlar olur, nəinki xalqın və yaxud da ictimai nəzarəti həyata keçirə bilən tərəflərin istədiyi şəkildə. Bu isə Azərbaycanda ictimai nəzarət imkanlarını məhdudlaşdıran əsas faktor kimi göstərilir”. Geri qayıt |