Əsas Səhifə > Sosial, Manşet > Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində narahatlıq

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində narahatlıq


21-02-2018, 09:19
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində narahatlıq
Paytaxtda fəaliyyət göstərən musiqi müəllimləri maaşlarını ala bilmir. Məktəb direktorlarına bu məsələni diqqətdə saxlamaq və onların şikayətlərinin ictimailəşdirilməsinin qarşısının alınması tapşırılıb. Maaşlarının böyük hissəsinin kəsiləcəyi haqqında heç bir rəsmi əmr və məlumat olmadan dekabrdakı maaşda müəllimlər surprizlə qarşılaşıblar. Yeni il hədiyyəsi olaraq Bakı Şəhər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tapşırığı ilə bütün müəllimlərin maaşların demək olar ki, tam yarısı kəsilib.

BiG.AZ-a müraciət edən müəllimlərin sözlərinə görə səbəb kimi büdcədə pulun olmaması göstərilir. Yaranmış vəziyyətlə bağlı müəllimlər müxtəlif orqanlara kütləvi şəkildə şikayət etməsi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində narahatlıq yaradıb. Müəllimlərin dediyinə görə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovun tapşırığı ilə Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva “WhatsApp” vasitəsilə direktorlara səs ilə müraciət etməyi tapşırıb. Həmin səsdə deyilir ki, müəllimlərin narahatçılığına ehtiyac yoxdur. Bütün maaşlar yanvarda ödəniləcək.

Məlum məsələ ilə bağlı Bakı Şəhəri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllim kollektivi prezidentə müraciət ediblər.

Big.az həmin müraciəti oxuculara təqdim edir:

"Hörmətli cənab Prezident,

Adları qeyd olunan Bakı şəhəri uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müəllimləri (siyahı əlavə edilir) Sizə hüquq və azadlığımızın təminatçısı kimi müraciət edir.Belə ki 2017-ci ilin dekabr ayından əmək haqqlarımızın demək olar ki tam yarısı əsassız şəkildə, heç bir rəsmi göstəriş olmadan kəsilir. Nəticədə bir çoxlarımızın əmək haqqları dövlətin təyin etdiyi yaşayış minimumundan da aşağı olmuşdur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı bəndindəki “ hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq ” hüququnu pozur. Bu haqqda hətta Mədəniyyət və Turizm Nazirliyi rəsmi açıqlama verərək kəsilən əmək haqqlarınının veriləcəyini və yanvar ayında problemin aradan qaldırılacağını vəd etmişdir. Lakin məsələ hələ də həllini tapmamışdır. Sizə müraciət edəcəyimizdən xəbər tutan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəb direktorlarına narazı olan müəllimlərin qarşısını almaq və bu işdə aktiv olan müəllimlər haqqında tədbir görmək tapşırığını vermişdi. Bu tapşırığı isə musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva direktorlara şəxsən söyləmişdir. Direktorlar da öz növbəsində bizə bu gün də təzyiqlər edir və işdən çıxaracaqları ilə hədələyirlər. Buna baxmayaraq, durmadan artan narazılıqların nəticəsində 01.02.2018- ci il tarixində bir qrup müəllim idarəyə çağırıldı. Bizi qəbul edən Vuqar Zeynalov bizə heç bir köməklik göstərə bilməyəcəyini, əmək haqqlarımızın daha çox faizlə ilin sonuna qədər kəsiləcəyini və bu problemin yaranmasında Maliyyə Nazirliyini günahlandırdı.

Hər gün dövlətimizin iqtisadi göstəricilərinin durmadan artdığı bir vaxtda bizə büdcədə vəsaitin olmadığını söyləməkləri təəccüblü və həqiqətdən uzaq bir fikir kimi gəlir. Biz şərəfli müəllim adını sevə-sevə daşıyırıq. Nəticədə şagirdlərimizin arasında respublika və beynəlxalq müsabiqələr laureatları, qalibləri kifayət qədərdir. Aramızda Sizin tərəfdən yüksək dəyər və diqqətə layiq görülən əməkdar müəllimlər də var. Lakin Prezident seçkiləri öncəsi xaql arasında narazılıqlar yaradan, təxribat aparan şəxslərin olmağı bizi çox məyus edir. Biz hesab edirik ki, onlar Sizə, millətinə, xalqına, vətəninə xəyanət etmiş sayılırlar.

Bütün bunları nəzərə alaraq yardım üçün Sizə müraciət edirik. Xahiş edirik məsələni müvafiq tapşırığınız əsasında araşdırasınız. Əminik ki Sizin sayənizdə bu haqsızlığa, qanunsuzluğa səbəbkar insanlar layiqli cəzasını alacaqlar".

Qeyd edək ki, məslə ilə bağlı Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və İctimaiyyətlə əlaqələr sektoru ilə əlaqə saxladıq. Onlar yarım saat ərzində cavab verəcəklərini bildirsələr də sonradan suallarımızı cavablandırmayıblar.

Mövqelərini dərc etməyə hazırıq.

Geri qayıt