Əsas Səhifə > Sosial, Manşet > “Elektron cibgir” elektrik sayğaclarıyla abonenti necə aldadır?
“Elektron cibgir” elektrik sayğaclarıyla abonenti necə aldadır?23-02-2018, 09:37 |
2010-cu ildən başlayaraq Azərbaycanda əhalinin işıq, qaz, su təminatıyla bağlı müasir texnologiyaya əsaslanan SMS-smart sayğaclarının quraşdırılacağı haqqında məlumatlar yer almağa başladı. Bölgələr də daxil olmaqla, Bakı və ətraf qəsəbələrində bu tip sayğacların istismarına başlandı. Bir növ mobil telefonların yüklənməsi funksiyasında olan SMS-smart sayğacların quraşdırılımasından əhali sevincək oldu. Çünki kommunal sahə üzrə yetkililər vəd edirdi ki, onlayn ödəmə aparılan bu sayğaclarla abonent hesablaşması tam şəffaf olacaq, nəzarət və istismar mərhələsində insan faktoru minimuma endiriləcək. Camaat da zənn etdi ki, daha abonentlərdən sui-istidafə mümkün olmayacaq. Amma redaksiyaya daxil olan şikayətlər bunu demir. Bilgəh qəsəbəsində yaşayan oxucularımızdan biri, S.Z. (abonentin ad-soyadı haqqında məlumat “Azərişıq”da var) bildirir ki, 2016-cı ildən qəsəbədə SMS-smart tipli elektrik sayğacları quraşdırılıb. Abonentlərə bildirilib ki, dövlət vəsaiti hesabına pulsuz quraşdırılan bu sayğacların işə düşməsi üçün ilkin olaraq 10 manatlıq kredit veriləcək. Sonrakı mərhələdə bu vəsait vətəndaşın balansından çıxılacaq. “Pul silinməsindən şübhələndim deyə...” Şikayətçi deyir ki, SMS-smart sayğaclara müdaxilədən şübhələndikdən sonra, hesabına az məbləğdə vəsait ödəməyə başlayıb ki, sayğacdan pul silinib-silinmədiyini öyrənsin: “Yanvarın 25-də balansıma 20 manat yüklədim. Baxdım ki, mənə 16 manat 90 qəpik borc yazıldı. Mənim də heç zaman borcum olmayıb. Həm də bildiyimə görə, SMS-smart elektrik sayğacları qalıq borc tam ödəndikdən sonra mənzillərə quraşdırılır. Dövlətin verdiyi 10 manatlıq kredit isə 2016-cı ildən bu yana hesabımdan çoxdan silinib. Ondan başqa mən çalışıram kredit götürməyim, qabaqcadan ehtiyatımı görürəm. Özü də borcum olmadığı halda sayğac mənə 16 manat 90 qəpik necə yaza bilər?! Uzaqbaşı 5-10 manat yazar. Müşahidə etdim ki, əvvəl nə qədər çox məbləğ yükləsəm də balansdan pul bir o qədər çox silinir. Ona görə də sonradan hər dəfə 5 manat yüklədim. Mənim kimi minlərlə insan var ki, bu prosesdən xəbərsizdir. Hər abonentin ayağına 17 manat borc yazsalar, bununla nə qədər insanın cibinə girmiş olarlar. Ona görə də mən əlaqədar qurumlardan bu problemin ədalətli çözulməsini, bu məsələnin ictimailəşməsini istəyirəm”. Şikayətçi Maştağa qəsəbəsindəki Enerji Təchizatı və Satışı Sahəsinə (EETS) gedib. Ona telefon nömrələri verilib ki, baş idarəyə müraciət etsin. O isə həmin telefonlarla əlaqə saxlaya bilmədiyini deyir. Abonentin ayağına yazılan fərqli borclar Hurriyyet.org-un müxbiri problemi araşdırmağa çalışıb. “Azərişığ”ın əməkdaşı Aynurə Əzizova isə abonenti daha da borclu çıxarıb. Deyib ki, onun borcu 16 manat 90 qəpik deyil, 75 manatdır. “Azərişıq”dan: “...Qalan hallarda abonentin sayğacdakı məlumatıyla bazadakı məlumat düz gəlmir” (?!-red.) Bu qədər fərqli rəqəmlər ziddiyyətli mənzərə yaradır. Maştağa EETS-lə əlaqə yaratdıq. Cavab verildi ki, abonent baş idarəyə müraciət eləsin. Baş idarədən də başdansovdu cavab aldıq. “Abonentin enerji sərfiyyatı ayda bir dəfə oxunur, ona görə də onun öz balansı haqqında baza məlumatlarını yalnız ayda bir dəfə əldə etmək hüququ var. Qalan hallarda abonentin sayğacdakı məlumatıyla bazadakı məlumatı düz gəlməyə bilər”. (?!-red.) Ümumiyyətlə, bu əndrabadi cavab elektron sitemdə şəffaf fəaliyyətin olmağını şübhə altında qoyur. Çünki biz bu uyğunsuzluğun səbəbini soruşanda, qarşı tərəfdən məsələyə aydınlıq gətirəcək cavab ala bilmədik: “Abonent özü müraciət etsin”. Rəsmilər şikayətçini borclu çıxarır Düşündük ki, “Azərişıq” ASC-nin mətbuat əlaqələndiricisi Tanrıverdi Mustafayev məsələyə aydınlıq gətirə bilər. Lakin o da ənənəvi olaraq “Azərişıq” ASC-nin müdafiəsinə qalxdı: “SMS-smart sayğaclara kənar müdaxilə heç bir halda mümkün deyil. Əgər vətəndaşın şübhəsi varsa, Maştağa EETS-ə, Şahin Qədimliyə ərizəylə müraciət etsin və bildirsin ki, sayğacın fəaliyyətindən şübhəlidir. Qalan hallarda SMS-smart sayğacları saat kimi düz işləyir”. 100 minlərlə SMS-smart sayğaclar quraşdırılıbsa... Qeyd edək ki, fevralın ilk günləri “Azərişıq” ASC-nin sədri Baba Rzayev geniştərkibli iclas keçirib. O, hesabat məruzəsiylə çıxış edərkən “Azərişıq” ASC yaradıldıqdan sonra ölkədə 300 min elektron tipli sayğac quraşdırıldığını deyib. Amma bu hesabatda SMS-smart tipli sayğaclar haqqında məlumata rast gəlmədik. T.Mustafayev isə Hurriyyet.org-a açıqlamasında dedi ki, indiyədək ölkədə 100 minlərlə bu tipli sayğaclar quraşdırılıb: “Bu sayğaclar qüsursuz işləyir. Əgər vətəndaşın şübhəsi varsa, sayğac quraşdırılan gündən elektrik sərfiyyatı nə qədərdir öyrənsin. Nə mən, nə qeyrisi deyə bilməz ki, vətəndaşın nə qədər borcu var. Bunu elektron sistem göstərir”. İstehlakçı haqlı olsa, qarşı tərəf cinayət məsuliyyəti daşıyır Azad İstehlakçılar birliyinin elektrik sahəsi üzrə eksperti Camal Tahirov vətəndaşların elektrik təchizatıyla bağlı AİB-ə çox müraciətlər edildiyini dedi. Amma SMS-smart sayğaclarıyla bağlı vətəndaşlar məlumatsız olduqlarına görə, onlara şikayət edilməyib. C.Tahirov hesab edir ki, SMS-smart sayğaclarında hər hansı qüsur olarsa, bunu yalnız ekspert qiymətləndirməsindən sonra müəyyən etmək mümkündür: “Vətəndaş neqativ hallardan şübhəlidirsə, bizə müraciət etsin, biz də dövlət enerji satışının mütəxəssisləriylə birgə bu məsələni araşdıraq. İstehlakçılar çox hallarda öz hüquqlarını bilmirlər. Əgər sözügedən məsələdə də neqativ hal sübuta yetirilərsə, bu aidiyyatı qurumlar haqqında cinayət məsuliyyəti yarada bilər. Amma SMS-smart sayğaclarla bağlı onu demək mümkündür ki, nə qədər məbləğdə pul yüklənirsə, o qədər də elektrik enerjisi verilir, pul qurtarandan sonra, sayğac dayanır. Necə mobil telefonda kontur bitdi, əlaqə kəsilir elə...” Mobil telefonlarda balansa müdaxilə olursa, bütün elektron sistemə də mümkün ola bilər Ekspert deyir ki, vətəndaş bir ay ərzində lap min kolovat da enerji işlədə bilər, amma borc yarandığı halda smart-sayğacın necə çalışması təəccüblüdür: “Gərək bu məsələ araşdırılsın. Doğrudur, indiyədək bizə SMS-elektrik sayğacları haqqında şikayət gəlməyib, amma SMS-smart tipli qaz sayğaclarından şikayət almışıq, vətəndaşa kömək edilib. Vətəndaşın borcu olub, ona smart qaz sayğacları quraşdırılıb və bu borc hissə-hissə balansdan çıxılıb. Amma bir məsələ var ki, əgər mobil telefonlara müdaxilə mümkünsə, məntiqlə yanaşsaq o zaman SMS-lə çalışan digər qurğulara da müdaxilənin olması ehtimalı mümkün ola bilər”. Şikayətçilər çoxdursa... Onu da bildirək ki, SMS-smart tipli elektrik sayğaclarından narazı qalan tək Bilgəh qəsəbəsindəki şikayətçi deyil. Redaksiyamıza daxil olan məlumata görə, bu cür şikayətçilər çoxdur. Əgər “Azərişıq” sözçüsü etiraf edirsə ki, ölkədə yüz minlərlə SMS-smart tipli elektrik sayğacları quraşdırılıb və bu sayğacların qüsurlu fəaliyyətindən şikayət varsa, o zaman doğrudan da bu məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyac yaranır. Oğru elektron “cibgirlər”... Bir halda ki, “saat kimi işlədiyi” deyilən bu cür qurğuların qüsurla işləməsi istisna deyil, o zaman bəzi məmurların da rüşvətxorluq etməsinə artıq gərək qalmır. “Elektron cibgir”in camaatın cibinə girib, hər müştəridən ayda 5-10 manat oğurlaması kifayət edər ki, dəbdəbli villaların, bahalı maşınların hansı mənbədən üzə çıxdığı məlum olsun. Hurriyyet.org P.S. “Azərişıq” əməkdaşlarının ictimailəşən bir şikayətə biganə davranışı və yetərsiz cavabları Hurriyyet.org olaraq bizi ASC-nin sədri Baba Rzayevə müraciət etmək məcburiyyətində qoyur: Abonentləri məsələni ictimailəşdirməyə vadar edən bu proesisin qarşısını almaq üçün problemi yaradan kəslər, yaxud səbəblər lütfən, araşdırılsın. Yaxud da proses o qədər şəffaf olsun ki, bu problemdən ziyan çəkən sadə insanlarımız səlahiyyət sahiblərinin qapılarında qalıb, haqlı ola-ola haqsız duruma düşməsinlər. Geri qayıt |