Əsas Səhifə > Sosial, Manşet > "8 aydır ki, olmazın əziyyətini çəkirik"
"8 aydır ki, olmazın əziyyətini çəkirik"9-03-2018, 10:44 |
“8 aydır ki, olmazın əziyyətini çəkirik. Yaşadığımız ərazidə “Azərişıq” ASC tərəfindən şəbəkə qurulmadığından evlərimizdə elektrik enerjisindən istifadə edə bilmirik. ASAN xidmət mərkəzinə də müraciət etmişik. Orada əyləşən "Azərişıq" nümayəndəsi bildirir ki, "Azərişıq" ASC-nin bu qəsəbədə şəbəkəsi olmadığından bu iş alınmır.” FaktXəbər-in məlumatına görə, bu barədə Sumqayıt şəhər Kimyaçılar qəsəbəsi ərazisində yaşayan 40 nəfərdən çox sakinin Azərbaycan Prezidenti İlham Əliyevə və əlaqədar orqanlara müraciətində deyilir. Müraciətdə daha sonra deyilir: “Hər birimizə məxsus tikilinin eskiz layihəsi və lisenziyası var. Biz Sumqayıt şəhərinin günü-gündən gözəlləşdiyinin, inkişafının şahidiyik. Lakin biz evimizdə odunla isinirik. Uşaqlarımız dərslərini şam işığında oxuyur. Bu problemlə bağlı “Azərişıq” ASC-yə rəsmi qaydada müraciət də etmişik. 1 aydan da çox vaxt keçməsinə baxmayaraq, problem həll edilmir. “Azərişıq” ASC-nin Ruslan adlı əməkdaşı bizə telefonla bildirdi ki, “qəsəbə ilə yarımstansiya arasında 600 metrdir, şəbəkə qurulma xərci çoxdur, 30 ədəd dayaq lazımıdır, bundan da başqa bu işlər Sumqayıt şəhər bələdiyyəsi tərəfindən görülməlidir” Həmin əməkdaşa bu haqda dövlət başçısına və digər orqanlara şikayət edəcəyimizi də bildirdik, ondan “bu sizin hüququnuzdur, özünüz bilərsiniz” cavabını aldıq. Maraqlıdır, harada görünüb ki, bələdiyyə vətəndaşlara şəbəkə qursun? Respublikada elektrik enerjisi sisteminin yenidən qurulması və inkişafı üçün dövlət başçısının sərəncamları əsasında dövlət büdcəsindən kifayət qədər vəsait ayrlıb. Bu işlər bələdiyyə tərəfindən görüləcəksə, işıq idarəsi nə üçündür? Ölkənin ən ucqar kəndlərində işıq var. Respublikanın iri sənaye şəhəri olan, günü-gündən inkişaf edən Sumqayıtda Kimyaçılar qəsəbəsində insanların işıqsız olmasını təsəvvür etmək mümkün deyil. İnsanlar qarşıdan gələn Novruz bayramının gəlişini bayram edir, biz evlərimizdə işığın yanmasını arzulayırıq. Sizdən xahiş edirik qəsəbəmizdə şəbəkə qurulmasında bizdən öz köməyinizi əsirgəməyəsiniz.” Geri qayıt |