Əsas Səhifə > Sosial, Manşet > İslahatçı nazir sələfinin vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?

İslahatçı nazir sələfinin vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?


13-03-2018, 09:07
İslahatçı nazir sələfinin vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?
Bir neçə gün öncə Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilmişdi. İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış etmişdi.

Nazir xüsusi olaraq vurğulamışdı ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafına dəstək verməlidir.

Təbii ki, Mikayıl Cabbarovun vergilər naziri təyinatından cəmisi 3 ay keçir və bu mnüddətdə onun fəaliyyətinə, daha doğrusu, vergi orqanları qarşısında qoyduğu vəzifələrin icra vəziyyətinə indidən qiymət verilməsi tələskənlik olardı. Çünki etiraf edilməlidir ki, istər vergi orqanlarında, xüsusən də nazirliyin rəhbər strukturlarında çalışanlar, istərsə də illər uzunu vergiyığanların qanunsuz tələblərindən cana doymuş sahibkarlar yaranmış vaakumdan sanki seytnot vəziyyətinə düşüblər. Etiraf etmək lazımdır ki, rüşvət çirkabının yaratdığı izaholunmaz münasibətlər sisteminin ləğv edilərək tamamilə şəffaf müstəvidə yenidən qurulması təbii ki, xeyli zaman aparacaq. Bu baxımdan nazirin iclasda da vurğuladığı kimi həm vergi orqanlarının sahibkarlığın inkişafına dəstək verməsi, həm də Fazil Məmmədovun pambıqla baş kəsən İlqar Əhmədov-Habil Məmmədov duetinin başçılıq etdiyi şəbəkənin cinayətkar əməlləri hesabına vergi orqanlarına itmiş etimadın yenidən bərpası üçün 3 ay elə də böyük zaman kəsiyi hesab oluna bilməz.

Yeri gəlmişkən, istər Moderator.az-da, istərsə də digər media orqanlarında Fazil Məmmədovun vergi başkəsənləri barədə çoxsaylı ifşaedici yazılar gedib. İfşa olunanların bir çoxu sadəcə işlərini itirməklə canlarını qurtarıblar və çox böyük ehtimalla gedib baş kəsməklə əldə etdikləri milyonlarını bir müddət sonra hansısa formada işə yatırmaqla özləri aşkar-gizli sahibkarlara çevriləcəklər, yəni bir zamanlar qənim kəsildikləri zümrənin yol yoldaşı olmaqla çirkli pullarını leqallaşdırmağın qayğısına qalacaqlar. Amma təbii ki, Fazil Məmmədovun komandasında yuxarıda adı çəkilənlər kimi elə "mühüm" personalar olub ki, onların hüquq-mühafizə orqanlarında məhşər ayağına çəkilməməsi cəmiyyətdə süngü ilə qarşılanar və yeni rəhbərlik haqqında dedi-qodulara yol açmış olar. Əksinə, bu şəbəkənin ifşası eyni zamanda bir ibrət dərsi olmaqla bərabər həm də sahibkarlar arasında vergi orqanlarına qarşı formalaşmış etimadsızlıq mühitinin ən qısa zamanda aradan qaldırılmasına töhfə verə bilər.
Təbii ki, yeni nazirin illər uzunu vergi sistemində formalaşmış idarəetmə sistemini və rüşvət piramidasının bütün elementlərini ifşa etmək üçün kifayət qədər alətləri olmamış deyil və çox güman ki, artıq ötən 3 ay İlqar Əhmədov - Habil Məmmədov duetinin dolanbac rüşvətyığma mexanizmi artıq təfsilatı ilə üzə çıxarılmasına kifayət edib, ola bilsin ki, seçkilərdən sonra biz onların əməlləri barədə istintaq orqanlarının səs-küylü məlumatlarının şahidi olacağıq.

Amma biz də cənab prezident İlham Əliyevin köməkçiləri və yeni vergilər nairinin mediadakı dostları olaraq sahibkarların illərlə üzləşdikləri bir sıra qanunsuzluqlara işıq salmaqla ifşa kampaniyasına öz töhfəmizi vermək istəyirik.

Bəri başdan qeyd edək ki, Fazil Məmmədovun "sağ əli" hesab olunan müşaviri İlqar Əhmədovun 2010-2015-ci illər ərzindəki fəaliyyəti ayrıca yoxlansa tükürpədici faktların ortaya çıxacağı qaçılmaz olacaq.

1) Məhz onun rəhbərliyi ilə ölkədəki tikinti şirkətlərinə sözün həqiqi mənasında divan tutulduğu, bir çox şirkətlərin müflis edildiyi və sahiblərinin başına oyun açıldığı təsdiqini tapacaq.
2) Şadlıq saraylarının vergiyə cəlbedilməsi və dövriyyəsinin müəyyənləşdirilməsi də İlqar Əhmədovun sevimli hobbilərindən hesab olunub və məhz o hansı şadlıq saraylarının aylıq və illik hansı məbləğdə haqq ödəməsini öz arşını ilə ölçüb...
3) Xidmətdə fərqlənən vergi əməkdaşlarının mükafatlandırılması və onlara hansı kriteriyalara görə seçilməsi də çox hörmətli Mikayıl Cabbarovun islahatçı-təftişçi komandasının araşdrıma predmeti ola bilər.
4) Ölkədə istehsal sahələrinin və beləliklə də iş yerlərinin açılmasını təşviq etmək əvəzinə bu sahəyə yatırım qoyan sahibkarların başına oyunlar açılması da diqqətdən qaçmamıldır. Bu gün biz media olaraq təkcə Bakıda deyil, regionlarda da çoxsaylı iş yerlərinin bağlanmasının və sahibkarların ölkədən baş götürüb getməsinin də təkcə keçmiş MTN şefi Eldar Mahmudovun cinayətkar bandasının əməllərinin nəticəsi olduğu ilə razılaşmamalıyıq. Burada İlqar Əhmədovun da özünəməxsus payı və "xidmətlər"i var...

İşin ən acınacaqlı tərəfi isə Fazil Məmmədovun sağ əli hesab olunanların öz aralarında sövdələşmə quraraq keçmiş nazirə "torba tikmələri"dir. Amma İlqar Əhmədov və Habil Məmmədov arasında belə bir razılaşma olub ki, hər fürsətdə Fazil Məmmədovun yanında bir-biri haqqında "sadiq xidmətçi" obrazı yaratmağa xidmət edən gəlişigözəl fikirlər söyləsinlər, bununla da Fazil Məmmədovda onların dönüklüyü barədə zərrə qədər də şübhə yeri qalmasın. Sual oluna bilər ki, burada "sağ əllər"in niyyəti nədən ibarət olub? Tutaq ki, hansısa obyektdən bir milyon manat tələb edib ələ keçirəndə razılaşma əsasında məbləğin uzağı 300 min manat olduğu nazirə məruzə olunub və yerdə qalan hissə "sağ əllər" arasında "qardaş malı" kimi bölünüb. Fazil Məmmədovun da bütün bunlardan xəbəri olmayıb. Bu azmış kimi Fazil Məmmədovun içki düşkünü olması barədə informasiyaları da məhz İlqar Əhmədovun məqsədli şəkildə müxtəlif kanallarla dövriyyəyə buraxması da keçmiş nazirin yatsa yuxusuna da girməzdi. Amma təbii ki, məntiqlə Fazil Məmmədov ən yaxın adamları ilə içki məclisi təşkil edə bilərdi və onun nəyə necə meylli olduğunu onunla bir masa ətrafında oturandan yaxşı kimsə bilə bilməzdi...

Bu gün İlqar Əhmədovun daşınar-daşınmaz əmlakı barədə əlimizdə dəqiq informasiyaların olmaması heç də o demək deyil ki, onun intəhasız sərvətə sahib olduğunu iddia etməyimiz üçün əsas yoxdur. Əksinə, adını bildiyimiz və burada yazmağa hələlik gərək duymadığımız bir sıra ticarət obyektləri var ki, "sağ əllər" onlar vasitəsilə dəbdəbəli villalarını, mənzillərini və bağ evlərini dəyəri milyonlarla dollarla ölçülən kafel-metlax, çılçıraqlar, mebel dəstləri ilə "alınmaz qala"ya çeviriblər. Eyni zamanda İlqar Əhmədov - Habil Məmmədov cütlüyü onların şərik kimi nəzarət etdikləri biznes imperiyasına opponentlik edən və eyni adda-profildə məhsullar satan ticarət obyektlərinə "Seyid Əhməd əli" ilə torba tikmə əməliyyatı həyata keçirərək onların əksəriyyətini bazardan çıxarıblar, bəzilərinə isə tələb olunan ağılasığmaz "vergi borcu" əvəzinə real dəyərindən iki - üç dəfə aşağı qiymətə kafel-metlax, mebel dəstləri, çılçıraqlar və digər məişət avadanlıqları müsadirə edib özününkiləşdiriblər.

Təbii ki, biz bir kənar müşahidəçi olaraq zaman-zaman vergi orqanları ilə qarşı-qarşıya gəlmiş sahibkarların verdikləri informasiya əsasında belə bir qorxunc mənzərə barədə bildiklərimizin ictimailəşməsinin faydalı ola biləcəyni düşünürük. Heç şübhə etmirik ki, hörmətli Mikayıl Cabbarovun masası üzərinə qoyulmuş qovluqlarda daha qorxunc əməllərdən bəhs olunub. Biz media və cəmiyyət olaraq onu islahatçı və neqativlərə qarşı mübarizə aparan bir məmur kimi tanıyırıq və hər zaman əminliklə bunu deyirik, yazırıq. Ona görə də ümid edirik ki, gerçəkdən də tezliklə cəmiyyətdə vergi orqanları haqında Fazil Məmmədovun komandasının yaratdığı etimadsızlıq mühitinin aradan qaldırılması üçün yeni nazirdən ifşaedici addımların atıldığının şahidi olacağıq.
\\moderator.az\\

İslahatçı nazir sələfinin vergi sistemindəki "əllər"ini kəsib atacaqmı?
Geri qayıt