Əsas Səhifə > Sosial, Manşet > Seçkidən sonra kimlər yola salınacaq?

Seçkidən sonra kimlər yola salınacaq?


30-03-2018, 09:06
Seçkidən sonra kimlər yola salınacaq?
Prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyevin yenidən növbəti müddətə prezident seçiləcəyinə əksər siyasətçilər və siyasi ekspertlər şübhə etmir. Ona görə də bir çox siyasətçilər və politoloqlar diqqəti seçkidən çox, seçkidən sonraya yönəltməyi doğru sayırlar.

Seçkidən sonra proseslər necə olacaq, siyasi, iqtisadi, idarəetmə islahatlarına gediləcəyi gözlənilirmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a öncə bildirdi ki, Azərbaycan bölgənin açar dövlətidir. Bundan başqa, “Azərbaycanı Avropanın Şərqə açılan qapısı” adlandırırlar. Bu baxımdan, Qərb ölkələrinin Azərbaycandakı siyasi proseslərə və prezident seçkisinə marağı böyükdür. Azərbaycanda siyasi sabitliyin davamı tərəfdaş ölkələr üçün də, xalqımız üçün də vacibdir. Azərbaycanda budəfəki prezident seçkisi keçmişdəki seçkilərdən fərqlənir: “Növbəti prezident ölkəyə 5 deyil, konstitusiya dəyişikliyinə görə, 7 il başçılıq edəcək. Yəni növbəti prezidentin müddəti 2025-ci ildə bitəcək. Bu 7 il Azərbaycan üçün vacib dövrdür, bu dövrdə cəmiyyətin əsas gözləntiləri bunlardır: siyasi sabitliyin davamı; Dağlıq Qarabağ münaqişəsinin həlli; iqtisadi islahatların sürətləndirilməsi; sosial təminatların və maaşların artırılması, insanların alıcılıq qabiliyyətlərinin yüksəldilməsi.

Azərbaycanda formalaşan siyasi sabitliyin önəmi böyükdür. Bu sabitlik iqtisadi inkişafın sürətində əhəmiyyətli rol oynayır. Məhz bu siyasi sabitliyin varlığıdır ki, Azərbaycan böyük regional layihələri reallaşdıra bilir. Bunun əksi olsaydı, yəni məsələn, Ukraynadakına bənzər siyasi xaos Azərbaycanda olsaydı, iqtisadiyyat arxa planda olacaq, regional layihələrin reallaşdırılması risk altında olardı. Ona görə də Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum layihələrinə TAP, TANAP və Bakı-Tiflis-Qars layihələri də əlavə olundu. Növbəti 7 ildə Dağlıq Qarabağ münaqişəsinin həlli də vacib olacaq. Cəmiyyətin ən böyük gözləntisi iqtisadi islahatların sürətləndirilməsi ilə və sosial problemlərin həlli ilə bağlıdır. Digər tərəfdən, seçkidən sonra islahatların genişlənəcəyinə və hakimiyyətdə islahata meylli gənc kadrların sayının artacağına da ümidlər böyükdür".

Politoloq qeyd etdi ki, prezident seçkisindən sonra bəzi nazirlərin dəyişdiriləcəyinə dair xəbərlərin sayı artır. Bu belə də olmalıdır, hakimiyyətə yeni nəfəs lazımdır, bunu dövlət başçısı da anlayır, təsadüfi deyil ki, elə son illərdə postlarında şişən nazirlər gənc kadrlarla əvəzləndi: “Seçkidən sonra bu prosesin bir az daha sürətlənəcəyini düşünürəm. Dəyişməli olan nazirlər sırasında xarici işlər naziri Elmar Məmmədyarov da olmalıdır. Elmar Məmmədyarovun verdiyi açıqlamalar siyasi ekspertlər və cəmiyyətdə birmənalı qarşılanmır. Məsələn, Elmar Məmmədyarov uzun illərdir deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı substansiv danışıqlar aparılmalıdır. Aparılmır, indi nə edək? Elə ”substansiv danışıqlar aparılmalıdır" deməklə deyil ki. Ermənistan istəmir və böyük dövlətlər İrəvanın işğalçı siyasətinə təsir etmirlər. 2016-cı ilin aprel savaşından sonra belə bir inam var idi ki, beynəlxalq aləm, o cümlədən həmsədr dövlətlər Azərbaycanın gücünü gördülər və əgər müharibənin bir daha təkrarlanmasını istəmirlərsə Ermənistan hakimiyyətinə təsir edəcəklər. Etmədilər, İrəvanın xətrinə dəymədilər və Azərbaycan Xarici İşlər Nazirliyi bu durumu xeyrimizə dəyişmək üçün gücsüz qaldı. Daha sonra Elmar Məmmədyarov həmsədrlə Krakov görüşündən sonda dedi ki, “kreativ təkliflər var”. Ancaq üstündən aylar keçib, nə ortada Məmmədyarovun dediyi “kreativ təkliflər” var, nə də danışıqlarda irəliləyiş qeydə alınıb. Bizim vəziyyətdə, yəni torpaqlarımızın işğal olunduğu dövrdə yumşaq, başımızın altına yastıq qoyan əsaslandırılmamış açıqlamalar yox, kəskin bəyanatlar lazımdır ki, mesajlar həm bizi, həm də işğalçını silkələsin. Ermənistan bizim qırımımızı görməlidir və bu, yalnız Müdafiə Nazirliyinin işi deyil, həm də XİN fəal olmalıdır".

Bir sıra digər ekspertlər də seçkidən sonrakı proseslərlə bağlı çox ciddi gözləntilərin olduğunu bildirirlər. Ekspertlərin fikrincə, prezident Əliyev seçkidən sonra komandasını ciddi şəkildə yeniləyəcək, tamamilə yeni komanda, yeni düşüncə tərzi iş başına gələcək.

Bəzi ekspertlər, hətta hakimiyyət təmsilçiləri seçkilərin təxminən 7 ay irəli çəkilməsini həm də hakim komandada hər kəsin gözlədiyi ciddi kadr dəyişikliklərini sürətləndirmək niyyəti ilə bağlayırlar.

Bir çox ekspertlər, deputatlar və siyasətçilər isə Azərbaycanda hökumətin struktur və tərkibinin çox geniş olduğunu bəyan edirlər. Prezidentin Dövlət Dəniz Administrasiyasını və Dövlət Mülki Aviasiya Administrasiyasını Nəqliyyat və Rabitə Nazirliyinə birləşdirməsinə dair sərəncamından sonra üzvlərinin sayı 40-a düşən Nazirlər Kabinetimiz nəinki regionda liderdir, hətta dünyanın ən geniş tərkibli hökumətlərindən biridir. Düzdür, son illər Nazirlər Kabineti üzvlərinin sayı bir qədər azaldılıb - 2015-ci ildə Nazirlər Kabinetinin 45 üzvü vardı. Ancaq yenə də hökumətin tərkibini ciddi şəkildə ixtisar etməyə ehtiyac var. Müqayisə üçün qeyd edək ki, əhalisi bizdən 8 dəfə çox olan Türkiyədə 27, Gürcüstanda 20, Ermənistanda 25 nəfər hökumət üzvü var.

Buna görə də hökumətdə aparılacaq islahatlar nəticəsində bəzi qurumların birləşdirilməsi, bəzi vəzifələrin ləğv olunması gözləniləndir. Dövlət başçısı da ötən il çıxışında bildirmişdi ki, idarəetmə sahəsində çox ciddi islahatlar davam etdiriləcək: “Bu islahatlar daim aparılır. Ancaq gələn il daha da ciddi struktur islahatları aparılacaq. Biz xüsusilə idarəetmə sahəsində artıq yeni formatda, daha böyük səmərə ilə işləməliyik”.

Kimlərin vəzifədən çıxarılacağı, hansı qurumların birləşdirilərək və ya ləğv edilərək, bu yolla kimlərin hakim komandadan kənarda saxlanacağı prezidentin səlahiyyətində olduğundan, əvvəlcədən qəti fikir söyləmək çətindir.
“Yeni Müsavat”

Geri qayıt