Əsas Səhifə > Sosial, Manşet > Tovuzun 2 kəndi bir-birilə müharibə vəziyyətində

Tovuzun 2 kəndi bir-birilə müharibə vəziyyətində


2-05-2018, 08:53
Tovuzun 2 kəndi bir-birilə müharibə vəziyyətində
Azərbaycanda müstəqillik qazandıqdan sonra aparılan ən uğurlu islahatlardan biri də torpaqların pulsuz olaraq kəndlilərə paylanması oldu. Sürətlə aparılan bu islahatın uğurları göz qabağında olsa da, səlahiyyətli şəxslərin səhlənkarlığı, məsuliyyətsizliyi səbəbindən vətəndaşların bəzi çətinliklərə rast gəldiklərinin şahidi oluruq.

Tovuz rayonu Ağdam kəndinin sakinləri də bu cür problemlə üzləşdiklərini iddia edirlər. Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə, 1990-cı ildə inzibati ərazi islahatları aparılarkən keçmiş Ağamalıoğlu sovxozu bölünərək Ağdam və Vahidli inzibati ərazi vahidliyinə ayrılıb. Bundan 9 il sonra isə hər iki kənddə torpaq islahatlarının həyata keçirilməsi ilə Ağdam sakinlərinin problemləri başlayıb.

Sakinlərin iddiasına görə, artıq 20 ilə yaxındır ki, onlar öz torpaqlarını əkib-becərə bilmirlər. İnzibati ərazi islahatı zamanı kənd torpaqlarının qonşu kəndə verilməsi, yerli qurumların isə onların problemlərini həll etmək istəməməsi Ermənistanla təmas xəttində yerləşən Ağdamı qonşu kəndlə də müharibə vəziyyətinə gətirib.

Kənd sakini Pərgar Həsənov üzləşdikləri problemlə bağlı bunları deyib: "Kəndlər 1990-cı ildə bölünüb və hər birinə ayrı xəritələr işlənilsə də, islahat yalnız Ağdam kəndinin ərazisində aparılıb. Buna görə 61% təsərrüfat sahibinin imzası ilə bir çox qurumlara məktub ünvanladıq. Dəfələrlə nümayəndələr gəldi və paylanan torpaqların bir hissəsində səngərlər qazıldığını, təmas xəttinə çox yaxın olduğunu gördükdən sonra, sərhəd bölgəsi olduğu əsas gətirilərək islahatlar dayandırıldı və nəticələr ləğv edildi".

Digər kənd sakini Nəsimi Bağırbəyli isə islahatların rəsmi qaydada dayandırılmasına rəğmən, mərkəzi bazada əks olunmadığını deyib: "Torpaq islahatı yerli aqrar islahat komissiyasının qərarı ilə dayandırılsa da, belə görünür ki, bunu yuxarı təşkilatlardan gizlədiblər. Necə ola bilər ki, islahatın dayandırıldığı, əhalinin 61%-inin torpaq aktlarını təhvil verdiyi halda, sosial yardım üçün müraciət edənlərin məlumatlarını mərkəzi bazaya vuranda adlarına pay torpağı çıxır və imtina gəlir ki, "siz pay torpağını gizlətmisiniz". Eyni zamanda, yuxarı təşkilatlara məktub yazanda cavab gəlir ki, bizdə islahatın dayandırılması barədə heç bir məlumat yoxdur".

Kəndin yaşlı sakinlərindən olan İsa Əliyev isə deyir ki, bu problem qonşu kəndləri üz-üzə qoyub: "Xəritədə aydın görünür ki, Axınca çayının sağ sahili Vahidli, sol sahili isə Ağdam kəndinin ərazisi kimi göstərilib. Milli Məclisin qərarı, prezidentin təsdiqi var bu haqda. Yerli təşkilatlar isə məsələni həll eləməməklə iki kəndi üz-üzə qoyub, qardaş qırğınına səbəb olmaq istəyirlər".

Kənd sakini Qasım Hacıyev hər iki kəndin rəhbərliyi və sakinlərinin iştirakı ilə razılaşma aktı imzalandığını, lakin Vahidli camaatının bu razılaşmaya əməl etməməsindən şikayətlənib: "Yerlərimizin ətrafına hərlənə bilmirik. Vahidli camaatı yığılaraq davaya gəlir, polis orqanlarına məlumat verirlər. Onlarsa gəlib müvəqqəti sakitləşdirməklə məşğul olurlar. "Bu məsələ aydınlaşdırılana kimi heç bir tərəf əkib-becərməsin" deyirlər. Məsələ ilə heç bir rəsmi qurum maraqlanmaq istəmir. Nəticədə, Ağdam camaatının torpağa bu qədər ehtiyacı olduğu halda, 10 hektarlarla ərazi əkilməmiş qalır. Torpaq olmadığından qonşu rayonlarda fəhləlik edirik".

Sakin Şıxəli Süleymanov isə müharibə nəticəsində kənd qəbiristanlığının, əkinə yararlı torpaqlarının bir hissəsinin neytral ərazilərdə qaldığını, digər əkinə yararlı ərazilərdənsə kimlərinsə məsuliyyətsizliyi ucbatından istifadə edə bilmədiklərindən gileylənib: "İcra hakimiyyəti rəhbərliyinin qəbuluna gedirik, deyirlər ki, "filan təşkilata məlumat vermişik, düzələcək". İdarə ilə əlaqə saxlayırıq, "bizə heç bir göstəriş verilməyib" deyirlər. Yenidən gedirik, bu dəfə başqa təşkilata tapşırıldığı bildirilir. Oradan da maraqlananda məlum olur ki, əslində, heç bir tapşırıq verilməyib. Nəticədə 20 ildir ki, torpaqsızıq".

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov sakinlərin iddiasının doğru olmadığını, islahat dayandırılsa da, nəticələrinin ləğvi barədə söhbət getmədiyini bildirib: "Torpaq islahatı keçmiş Ağamalıoğlu sovxozunun torpaqlarında aparıldığından hər iki kəndin arasında bərabər qaydada bölünüb. Sonradan islahatdan narazı qalan bir qisim kənd sakini torpaq aktlarını təhvil versə də, pay torpaqları daha yaxşı ərazilərə düşən təsərrüfat sahibləri sənədləri özlərində saxladılar".

"Mərkəzi bazada adlarına torpaq payı çıxması isə, ondan irəli gəlir ki, torpaq aktları çap olunduğuna görə, sənədlər mərkəzi bazaya işlənib. İslahatın dayandırılması isə doğrudur, lakin nəticələrinin ləğv olunması haqda söhbət getmir. Müharibədən sonra islahat aktlarına əsasən, hər kəsin torpaq payı ölçülüb veriləcək", — icra başçısının müavini əlavə edib.

Rayon rəsmisi problemdən müvəqqəti çıxış yolunu da göstərib: "Torpaq aktlarının olmasına baxmayaraq, heç bir sakinin adına faktiki torpaq yoxdur. Camaat müvəqqəti olaraq torpaqları öz aralarında razılaşaraq bölüb, istifadə etsin".

Tovuzun 2 kəndi bir-birilə müharibə vəziyyətində
Tovuzun 2 kəndi bir-birilə müharibə vəziyyətində
Tovuzun 2 kəndi bir-birilə müharibə vəziyyətində
Tovuzun 2 kəndi bir-birilə müharibə vəziyyətində


Geri qayıt