Əsas Səhifə > Sosial, Manşet > Baytarlıq Xidmətinin rəisinin şok maxinasiyası
Baytarlıq Xidmətinin rəisinin şok maxinasiyası8-05-2018, 08:44 |
Rəhbərləri vəzifədən uzaqlaşdırılan dövlət qurumlarında yoxlamalar başlanıb. Əldə etdiyimiz məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətində aparılan yoxlamalar çox ilginc bir faktın aşkarlanması ilə nəticələnib. Məlum olub ki, son illərdə kəsim üçün Azərbaycana xaricdən gətirilən mal-qaranın xeyli hissəsi “damazlıq” adı ilə rəsmiləşdirilib. Məlumatı redaksiyamıza verən mənbənin dediyinə görə, mal-qara idxal olunarkən onu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşı yoxlayır: “Onlar mal-qaranın həqiqətən damazlıq olub-olmadığına dair sənəd verirlər. Son illərdə kəsim üçün gətirilən minlərlə baş mal-qara xidmət əməkdaşlarına verilən rüşvət müqabilində damazlıq adı ilə rəsmiləşdirilib”. Mənbənin dediyinə görə, bu saxtalaşdırma prosesi birbaşa xidmətin rəisi Azər Süleymanovun nəzarətində olub: “Gətirilən hər mal-qara dolu maşın üçün ona xüsusi pul ödənir. Buna görə də bu əməliyyatları Azər Süleymanov birbaşa nəzarətində saxlayır”. Onu da qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan damazlıq heyvanlar gömrük-idxal rüsumundan azad olunub. Bu baxımdan, işbazların ətlik üçün gətirdikləri malları damazlıq kimi rəsmiləşdirmək istəmələri qeyri-adi görünmür. Lakin Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinin bu prosesdə iştirakı birbaşa cinayət əməlidir. Mənbəmizin bildirdiyinə görə, A.Süleymanov xidmətin alqı-satqılarından da ciddi gəlir mənbəyi kimi istifadə edib. Belə ki, baytarlıq laboratoriyaları üçün gətirilən avadanlıqları ucuz qiymətə alıb baha rəsmiləşdirilib. Ölkədə tibbi spirt və pambıq istehsal olunsa da, xidmət yerli məhsulu almayıb. Baha rəsmiləşdirmək mümkün olsun deyə xaricdən alınıb. Məsələn, dabaq xəstəliyinə qarşı olan vaksini 100 dozasını 43 manata rəsmiləşdiriblər. Halbuki qiymət bundan xeyli ucuzdur. Onu da qeyd edək ki, ötən il baytarlıq laboratoriyaları direktorlarının toplantısında çıxış edən A.Süleymanov bildirib ki, ölkənin bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün müasir binalar tikilib, bu binalarda yerləşən diaqnostik kabinetlər müasir laboratoriya avadanlıqları ilə təmin olunub. Bundan başqa, respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin edilib. A.Süleymanov həmçinin qeyd edib ki, 7 zona baytarlıq laboratoriyasının tikintisi gedir və ötən ilin sonuna kimi həmin laboratoriyalardan 6-nın tikintisinin başa çatdırılması və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub. A.Süleymanov baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün tədbirlərin həyata keçirildiyini xüsusi vurğulayıb. Onun çıxışından məlum olur ki, Azərbaycanda olan 12 zona baytarlıq laboratoriyasından 5-i ikinci Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-2) tamamən yenidən qurulub, müasir laboratoriya avadanlıqları ilə təmin edilib. Qalan 7 laboratoriyanın da bu ilin əvvəlinədək BTS-2 səviyyəsində yenidən qurulması, laboratoriya avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulurdu. Göründüyü kimi, mal-qara idxalı və laboratoriyaların tikinti-təmiri, həmçinin avadanlıqlarla təminatından A.Süleymanov külli miqdarda qazanc əldə edə bilib. Və onun bu əməlləri artıq yoxlamalar sayəsində üzə çıxmaqdadır. Görünən odur ki, baytarlıq şefi yaxın vaxtlarda yalnız vəzifəsindən deyil, azadlıqdan da məhrum ola bilər... “Yeni Müsavat” Geri qayıt |