Əsas Səhifə > Sosial, Manşet > "Azərişıq"da özbaşınalıq

"Azərişıq"da özbaşınalıq


2-08-2018, 10:33
"Azərişıq"da özbaşınalıq
Rayonlar başda olmaqla, bəzi bölgələrdə rəhbər şəxslərin işçilərinə qarşı kobud davranması, onları durduq yerə işdən azad etməsi adi hala çevrilib.

Şikayətçilərdən Yenicag.az-a daxil olan məlumata görə, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində rəhbər vəzifədə olan Fariz İsmayılov eyni zamanda həm işçilərini təhqir edir, həm onların qarşısında qeyri-qanuni tələblər qoyur, həm də istədiyi şəxsləri işindən azad edir.

Şikayətçilər bildirir ki, İsmayılov işçilərə hədə-qorxu gələrək onlara işdən çıxmaları barədə ərizə yazdırır. İşdən çıxarılmış şəxslər “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsinin rəhbərini məhkəməyə verəcəklərini deyiblər.

Məmmədov Rövşən Rafiq oğlu 2016-cı il oktyabr ayının 13-dən “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində işə başlayıb. O, oktyabr ayından əvvəl 6 ay orada əmrsiz işlədiyini bildirib. Fariz İsmayılov bu quruma rəhbər gəldikdən sonra isə işdə problemlər yaranmağa başlayıb. Rövşən Məmmədov baş verənlərlə bağlı bunları deyib:

“Fariz İsmayılov vəzifəyə gəldiyi ilk vaxtlarda bizimlə çox yaxşı münasibət qurmuşdu. Ancaq sonradan problemlər meydana çıxmağa başladı. Qanunla biz sayğacların üstünü oxumalı, xətlərdə nasazlıq olsa, hansısa oğurluq olsa, rəhbərliyə bildirməliyik. Ancaq biz həm də qapı-qapı düşüb istehlakçılara işığın pulunun ödənilməsini deyir, onların işıqlarını kəsirdik. Bu qanunda olmasa da, “Azərişıq”da “qayda”dır”.

Fariz İsmayılovun işçiləri təhqir etdiyini deyən, Rövşən Məmmədov qeyd edib ki, ona qarşı da qeyri-etik davranışlar olub:

“Yaxın qohumum rəhmətə getmişdi. Gedib işdə tabelə qol çəkib gəldim hüzür yerinə. Üzüm tüklü idi. Fariz İsmayılov məni çağırdı, üzümün niyə tüklü olmasını soruşdu. Bildirdim ki, yaxın qohumum ölüb, ona görə belədir. Mənə dedi ki, bundan sonra atan da, anan da, qardaşın da ölsə, üzünü təraş edərsən. Şənbə, bazar günü də işə çıxarsan. Bu adam kimə güvənir bilmirəm, ancaq işçiləri təhqir etməklə məşğuldur. İşçilərə hədə-qorxu gələrək işdən çıxmaları barədə ərizə yazdırır. “Azərişıq” rəhbərliyi rəhbər vəzifəyə kimisə qoyanda, həmin şəxslə bağlı ciddi araşdırma aparmalıdır”.

Fariz İsmayılovun yerlipərəstlik etdiyini deyən şikayətçi bilirib ki, onlara 2-3 manat borcu olan evlərin işığını kəsdirib:

“Elin o başı, bu başı olmaz. Ancaq Fariz İsmayılov yerlipərəstliklə məşğuldur. Ağcabədidən olan birinin 2-3 manat işıq borcu olanda bizə o evin işığını kəsdirir. Ancaq özü Laçın rayonundan olduğu üçün Laçından olan istehlakçıların külli miqdarda borcu olsa belə, bizə deyirdi ki, əmioğlunun işığını kəsməyin”.

İşdən çıxarılması ilə bağlı isə Rövşən Məmmədov bunları deyib:

“Məmurlar yerlərdə işçilərlə çox kobud rəftar edir. İşçiləri məcbur edirlər ki, hansısa hadisələr baş versin. Bir gün xəbər tutdum ki, məni işdən çıxarıblar. Səbəbini də demirlər. Mən kimdənsə pul istəmirəm ki. İşimi görüb, alın tərimlə maaş alırdım. Aya 448 manat əmək haqqım var idi. İsti-soyuq fərq etmədən, həftənin demək olar ki, hər günü səhərdən axşama kimi küçə-küçə, ev-ev gəzmişik. Adam var ki, işə gəlmir, ancaq ona maaş verirlər. “Azərişıq” gəlib rayonda yoxlama aparmalıdır. Avqust ayında məzuniyyətə çıxmalı idim, ancaq xəbər göndərdilər ki, əmək müqaviləmə xitam verilib. İşimdə heç bir nöqsan olmadığı halda, məni işdən kənarlaşdırdılar. Bununla bağlı dövlət rəhbərliyinə müraciət ünvanlamışıq, yaxın günlərdə də Fariz İsmayılovu məhkəməyə verəcəyik”.

“Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində işdən çıxarılan daha bir şəxs isə Hafiz Xəlilovdur. O, 1998-ci ildən “Azərişıq” ASC-nin müxtlif rayonlardakı şöbələrində işləyib. Ağcabədidə isə 2011-ci ildən işləməyə başlayıb. Hafiz Xəlilov bildirib ki, ali təhsilli energetikdir.

Xəlilov işdən azad edilməsi barədə aşağıdakıları danışıb:

“İyun ayının 7-də məzuniyyətdən qayıtdım. Fariz İsmayılov mənə dedi ki, niyə gəlmisən? Sənin haqqında təqdimat yazmışam, işdən çıxarılırsan. Ayın 5-i mən məzuniyyətdə olan zaman işdən azad edilməyimlə bağlı təqdimat göndərib. Məzuniyyətdə ola-ola işdən çıxarılmaq harada yazılıb? Bunu biri mənə başa salsın. Hər ayın əvvəlində və sonunda işçilərin hamısından işdən çıxamaqla bağlı ərizə alırlar. Yazmaq istəməyənləri isə müxtəlif yollarla təhdid edirlər. Belə olduğu təqdirdə Fariz İsmayılov kimi istəyir, işdən azad etdirir. Əlimizdə sübut yoxdur ki, kimdənsə pul alıb işə götürürlər, ancaq hər nə baş verirsə, qanunsuzdur.

Fariz İsmayılov mənə bildirdi ki, gərək məzuniyyətdə olduğum müddətdə də işə çıxaydım. Başa düşmürəm, bunun adı onda niyə məzuniyyətdir? “Azərişıq” ASC Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsində baş verənlərlə bağlı ölçü götürməlidir”.

Sonda Hafiz Xəlilov bildirib ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsini məhkəməyə verəcək.

Qeyd edək ki, “Azərişıq” ASC-nin Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağcabədi rayon şöbəsi ilə əlaqə yaratmağa çalışsaq da, telefonlara cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt