Əsas Səhifə > Sosial, Manşet > Fazil Məmmədov Bakıya payızda qayıdacaq

Fazil Məmmədov Bakıya payızda qayıdacaq


8-08-2018, 10:27
Fazil Məmmədov Bakıya payızda qayıdacaq
Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycana qayıtmağa tələsmir. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, sabiq nazir müalicə aldığı Türkiyədəki “American Hastahanesi”ndən 2 həftə əvvəl evə buraxılıb. Hazırda onun səhhətində problemlərin olmadığı deyilir. Sabiq nazir gözlənilənlərin əksinə olaraq müalicəsini bitirəndən sonra Azərbaycana dönməyib. Onun hazırda İstanbulda olduğu və “Çırağan Palace”da dincəlməsi haqda da xəbərlər var. İddia edilir ki, F.Məmmədov payızda ölkəyə qayıtmağı planlayır.

“Çırağan” hoteli İstanbulun Avropa hissəsində, Beşiktaş və Ortaköy arasında, Bosfor sahilində yerləşir.

Xatırladaq ki, Fazil Məmmədov vəzifədən kənarlaşdırılandan bir müddət sonra səhhətindəki problemlər kəskinləşib. Onu bu ilin iyununda Gəncə Beynəlxalq Hospitalına yerləşdirmişdilər. Tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur. Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.
“Yeni Müsavat”

Geri qayıt