Əsas Səhifə > Sosial, Manşet > Beyləqan təhsilinin üzü gülmür ki gülmür...

Beyləqan təhsilinin üzü gülmür ki gülmür...


10-08-2018, 09:27
Beyləqan təhsilinin üzü gülmür ki gülmür...
Beyləqan Təhsil şöbəsinin Araz qəsəbə tam orta məktəbində dövlət vəsaitinin illərdir şəxsi məqsədlər naminə “xərclənməsi” iddia edilir. Məsələnin ən qəribə tərəfi isə Regional Maliyyə İdarəsinin bu faktın qarşısını almaqda obyektiv çətinliklərinin olmasıdır. Bilirik ki, dövlət əmlakının mənimsənilməsi cinayət əməlidir. Lakin RMİ-nin bəzi əməkdaşları bölgədəki bir neçə məktəb rəhbərliyi ilə “sövdələşərək” prosesə qanuni don geyindirməyə cəhd edirlər. Mətbuat olaraq ilkin ehtimalımızın sənədlərlə təsdiq olunmasına baxmayaraq, hələ ki, RMİ və TN məsələni araşdırılmasında maraqlı deyil desək yəqin ki yanılmarıq.

Araz qəsəbə tam orta məktəbində 2008-2009-cu illərdən, 2015-ci ilə qədər ölü canlar saxlayan məktəb direktorları əsasən RTŞ-nin sabiq başçısı Tofiq Sadıqov tərəfindən himayə edilib. T.Sadıqov təhsil sahəsinə uzun illər rəhbərlik etməsinə baxmayaraq, Beyləqanda özünün və oğlanlarının ikrah yaradacaq əməlləri ilə tanınır. Sabiq TŞ müdirinin hətta bir zamanlar Beyləqan RİHB Vaqif Abdullayevə, Heydər Əliyev adına parkda hücum edərək onu kəllə ilə vurduğu belə iddia edilir. Sonralar T.Sadıqov RİHB V.Abdullayevə zərbə endirməsini dəfələrlə pedaqoji kollektiv qarşısında çıxışı zamanı fəxrlə danışıb. RTŞ müdiri təsdiq olunduqdan sonra rayon mərkəzində müxtəlif təyinatlı xidmət göstərən obyektə sahiblənən T.Sadıqovun oğlu, polis əməkdaşı Samir Sadıqovun törətdiyi cinayət əməli artıq beyləqanlıların yaddaşına ikrah hissi yaradacaq “xatirə” kimi qalıb. Bu iyrənc əməlindən sonra RPŞ-də işləyə bilməyəcəyini anlayan S.Sadıqov hansısa qüvvələrin “köməyi” ilə Oğuz RPŞ-yə təyinat almağa müvəffəq oldu. Belə ki, sabiq TŞ müdirinin qanunları tapdalamış oğlu hələ də Oğuz RPŞ-də çalışmaqdadır. Polis adına ciddi ləkə gətirən Samir Sadıqovun bu gün vəzifədə hansı yollarla qalmasının “yolunu” isə Beyləqan RPŞ rəisi yaxşı bilir.

Beyləqan RTŞ-nin sabiq müdiri T.Sadıqovun bir zamanlar yol verdiyi ciddi korrupsiya əməlləri isə hələ də bitmir. Zaman keçməsinə baxmayaraq bu gün də həmin qanuna zidd addımlar araşdırıldıqca üzə çıxır, təhsil sisteminin idarəçiliyinə ciddi maneələr törədir. Bir zamanlar Tamara Əhmədova ilə birlikdə hərəkət edən T.Sadıqov Araz qəsəbəsində yerləşən tam orta məktəbdə “ölücanlar” saxlamaqla, eyni zamanda müəllimlərin müxtəlif “maraqlar” konteksində işə qəbul edilməsi nəticəsində kifayət qədər böyük hesab olunan var-dövlətə sahib olublar. Onu da qeyd edək ki, bir zamanlar əmək müffətişliyi tərəfindən 1500 azn cərimələnən Tamara müəllimə bu gündə vəzifəsini icra etməkdədir. Belə ki, qəsəbə tam orta məktəbinin direktoru olan Tamara xanım rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinin övladlarının xaricdə olmasına baxmayaraq, adlarının müəllimə kimi ştata əlavə edərək, dərsə gəlməyən müəlliməyə dərs saatları yazaraq, məvacibi özü mənimsəyir. Bu qəbildən olan iddialar redaksiyaya demək olar k, mütəmadi daxil olur. Dövlətin müəyyən etdiyi son çalışma yaşını çoxdan tamamlayan bu xanımın hələ də vəzifədə qalması müəmmadır. Tamara Əhmədovanın qanuna zidd əməlləri bununla da bitmir. Belə ki, xanım direktor müqavilə ilə 2-3 il işləyən 3 ayrı-ayrı müəllimin iş yerini vakant kimi təqdim edərək onları vaxtından əvvəl işdən azad edib. Aldığımız məlumata görə isə vakant yerlərlə bağlı RTŞ-yə hər hansı məlumat verilməyib. Məlumatda o da qeyd edilir ki, T.Əhmədova hər 3 müəllimədən məhz sabiq TŞ müdiri T.Sadıqovun rəhbərliyi dönəmində 3500-4000 manat məbləğində “şirinlik” aldığı iddia edilir. Lakin T.Sadıqovun vəzifəsindən azad edilməsindən sonra, qərəzli olaraq həmin müəllimələri işdən azad edib. Artıq bu məsələdə məhkəmə predmetinə çevrilib. İllərdir T.Əhmədova ilə müəllimlər arasında məhkəmə çəkişməsi gedir. Mənbə RMİ-nin baş mühasibi Sulduz Quliyevində məlum şəbəkə ilə “iş birliyinin” olduğu iddia edilir. Onu da qeyd edək ki. Yuxarıdakı iddiaları təsdi edən sənədlər mərhəllərlə redaksiyaya daxil olmaqdadır. “Ölücanlar”a arayış verilməsini təmin edən rəsmi şəxslərin müəyyən edilməsi barədə araşdırmamız isə davam etməkdədir. Belə ki, Araz qəsəbə tam orta məktəbinin direktoru Tamara Əhmədovanın idarə etdiyi təhsil müəsissəsində bir vaxtlar, konkret olaraq 2014-cü ilin aprelində müəllim kimi fəaliyyətə başlamış Fərəcova Könül Şamil qızı, 2015-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçüb. O məktəbdə daha işləməyəcəyi barədə rəhbərliyi də məlumatlandırıb. Buna baxmayaraq məktəb direktoru K.Fərəcovanı işdən çıxması ilə bağlı nə RTŞ rəhbərliyinə, nə də RMİ-yə məlumat verməyib. Əvəzində isə artıq müəllimə kimi çalışmayan şəxsin adına məvacib formasında 4536 manat məbləğində vəsait ödənilməsini təmin edib. Əslində isə müəllimənin həmin məbləğdən xəbəri olmayıb. Həmin müəllimənin adına yazılmış 329.85 manat dəyərindəki aylıq məvaciblə bağlı sənədlərdə redaksiyadadır. Əslində bu dövlət büdcəsinin talanıdır. Hesab edirik ki, TN Ceyhun Bayramovun bu faktı bilməməsi, bilib hərəkətə keçməməsi qədər yolverilməzdir. Beyləqandakı müəssilərdən birinin rəhbəri Möhəbbət müəllimin qızı (adı gələn yazıda açıqlanacaq) Rusiya Fedarasiyasında yaşamasına baxmayaraq, onun adı Tamara Əhmədovanın rəhbərlik etdiyi təhsil müəssisəsində illərdir rəsmi işçi kimi qeyd edilib. Cənab nazirə məhz saytımız vasitəsilə sual edirik, 2008-2009-cu illərdən, 2015-ci illə qədər T.Əhmədova tərəfindən “ölü canlara” yazılan əmək haqqı büdcə talançılığı deyilmi? Tamara Əhmədova artıq çalışması üçün müəyyən edilmiş son yaş həddini tamamlayıb, eyni zamanda bu qədər qanun pozuntularına yol verir, bəs nə üçün bu xanım rəhbər haqqında hər hansı ölçü götürülmür? Hətta Təhsil nazirliyinin Daxili Təhqiqat idarəsinin belə aşkarladığı qanun pozuntuları bu günə qədər cəzasız qalıb. 3 müəllimin öz vəzifələrini icra etməsinə baxmayaraq, onların vəzifələrinin vakant olaraq təqdim edilməsi hansı qanunla təsbit olunub? Tamara Əhmədova özünə yaxın olan şəxslərə nəzərdə tutulduğundan da çox dərs saatları verir. Üç müəllimə işdən azad edilir, əvəzində isə iki müəllimə işə götürülür. Direktorun məktəbdə RTŞ-nin xəbəri olmadan, qanunsuz olaraq əlavə siniflər açması ifşa edilsə də, bu günə kimi bu xanım hələ də cəzalandırılmayıb. Hansısa məbləğdə cərimələnməsi direktoru məsuliyyətdən azad edir…? Beyləqanda təhsilə ayrılmış dövlət büdcəsi hələ də bu tip insanlar tərəfindən talanır. Lakin böyük mənimsəmələr konteksindəki kiçik həcmli cərimələr prosesi nəinki düzəltmir, əksinə bir azda həmin şəxsləri ruhlandırır. Xatırladaq ki, bu tip şəxslər Beyləqan RTŞ-də hələ də fəaliyyət göstərməkdədir. Belə ki, bir zamanalar RTŞ müdirinin səhhəti ilə bağlı məzuniyyətə çıxmasını fürsət bilən Hüsaməddin Babayevin şəhər, kənd və qəsəbə məktəblərinə özünə yaxın olan şəxslər vasitəsilə Səlib yürüşü təşkil etdirmişdi. Mətbuatın bu məsələyə müdaxiləsində sonra “qondarma yoxlamaları” dayandıran Hüsaməddin müəllim sonradan RTŞ müdiri keçmək arzusunu reallığa çevirmək üçün fəaliyyətə başladı. Lakin buna da nail ola bilmədiyi təqdirdə başqa birinin bu vəzifəyə gətirlməsi üçün əlaqələrini işə saldı. Əslində bu hal, yəni Beyləqan TŞ-nin fürsətçillərin əlinə keçməsi bu sistemin daha ciddi fəsadlara məruz qalmasına səbəb olardı.

Redaksiya araşdırmada qeyd olunan faktlarla bağlı Təhsil nazirliyindən rəsmi münasibətin olacağına əminlik nümayiş etdirməklə, adı çəkilən müəssisə və şəxslərində cavablarını dərc edə bilər.

M.Seyidov
Bakunews.az

Geri qayıt