Əsas Səhifə > Sosial, Manşet > Şamaxının icra başçısı bu kəndin üstündən xətt çəkib?

Şamaxının icra başçısı bu kəndin üstündən xətt çəkib?


20-09-2018, 09:01
Şamaxının icra başçısı bu kəndin üstündən xətt çəkib?
DİA.AZ: - Şamaxı rayonunun Muğanlı kəndində son bir həftə ərzində intensiv torpaq sürüşmələri yaşanır. DİA.AZ-a müraciət edən Muğanlı sakinləri bildirir ki, sürüşmənin miqyası get-gedə artaraq evlərdə böyük çatlar əmələ gətirib.

Sakinlər dia-az.life-a yazır: "Rayonun sürüşməyə meylli ərazilərindən olan bu kənddə son günlər bir neçə ev qəzalı vəziyyətə düşüb. Kəndin aşağı hissəsində yerləşən 12-yə yaxın ev qəzalı vəziyyətdədir".

Qeyd edək ki, sözügedən ərazidə bir neçə ildir ki, torpaq sürüşməsi baş verir. Kənd sakinlərinin sözlərinə görə, torpaq sürüşməsi baş verən ərazilərdə son bir ilə yaxın müddətdə sakitlik hökm sürür, aktivlik müşahidə olunmurmuş. Lakin son günlər havanın yağmursuz olmasına baxmayaraq, torpaq sürüşməsi yenidən aktivləşib.

dia-az.life-a yazan sakinlərbildirir ki, sürüşmə prosesi nəticəsində bəzi evlərin divarlarında yaranan yarıqların eni 15-20 santimetrə qədər genişlənib. Sakinlərin dediklərinə görə, həmin iri yarıqlardan evə heyvanlar girir.

Onu da qeyd edək ki, 2012-ci ildə Muğanlı kəndində sürüşmə nəticəsində 46 ev qəzalı vəziyyətə düşdüyü üçün həmin evlərin sakinləri Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı yeni tikilmiş yaşayış evlərinə köçürülüblər.

Bu arada dia-az.life-a giley edən vətəndaşlar rayon Fövqəladə Hallar Komissiyasından və xüsusən də İcra Hakimiyyətinin başçısı Asif Ağayevdən giley etdilər. Onlar iddia edirlər ki, başçının başı özünə qarışdığından Muğanlının üstündən çoxdan xətt çəkib: "Başı pul qazanmağa qarışıb, biz onun yadına düşmürük də. Mətbuat yazmasa, burda camaat qırılıb-batacaq..."

dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..


Geri qayıt