Əsas Səhifə > Sosial, Manşet > ""Modern Hospital”a öz ayağı ilə gedən oğlum oradan yarımcan vəziyyətdə aparıldı..."

""Modern Hospital”a öz ayağı ilə gedən oğlum oradan yarımcan vəziyyətdə aparıldı..."


1-10-2018, 08:54
""Modern Hospital”a öz ayağı ilə gedən oğlum oradan yarımcan vəziyyətdə aparıldı..."
Bakının Mərdəkan qəsəbəsində, Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün Akif Bulud oğlu Dəmirov prezident İlham Əliyevə müraciət edib.

Novator.az-a təqdim etdiyi müraciətində Akif Dəmirov yazır:

"Möhtərəm cənab Prezident! Sizə təsvirəgəlməz böyük kədər içində üz tutmaq məcburiyyətindəyəm. Hər zaman vətəndaşların harayına yetdiyinizə görə Sizə həm də böyük inamla müraciət edirəm. Əminəm ki, mənim dərdimə şərik olacaq, üzləşdiyim problemin nəzarətə götürülməsi üçün səylərinizi əsirgəməyəcəksiniz.

Hörmətli Prezident, 2018-ci il iyul ayında mənim 1984-cü il təvəllüdlü oğlum Samir Dəmirov arıqlamaq üçün Bakıdakı "Modern Hospital”a müraciət etdi. Xəstəxananın baş hakimi Taryel Ömərov aparılan müayinələrdən sonra yeganə çarənin cərrahi əməliyyat – mədənin rezeksiyası olduğunu bildirdi. O, müayinələrin nəticələrinin Samirin əməliyyat olunmasına tam imkan verdiyini qeyd etdi.

İyul ayının 26-da Samir mədəsindən əməliyyat olundu. Sleeve-qastrektomiya əməliyyatını Taryel Ömərov özü apardı. Çox təəssüf ki, əməliyyatdan bir neçə gün sonra – avqustun 3-də oğlumun halı qəflətən pisləşdi və biz kəskin ağrılar içində qıvrılan Samiri yenidən "Modern Hospital”a aparası olduq. Bilmədik ki, qarşıda bizi hansı faciə gözləyir.

Biz iyulun 26-da aparılmış əməliyyatın uğursuz olmasından, həkimin hansısa yanlışa yol verməsindən şübhələnirdik, bunu da xəstəxana rəsmilərinə dönə-dönə bildirirdik. Düz 10 gün ərzində "Modern Hospital”da oğlum qarın boşluğunda baş qaldıran ağrılar içində qaldı, aparılan konservativ müalicələr heç bir effekt vermədi, təkrar cərrahi müdaxilə isə bizim israrlarımıza baxmayaraq yubadıldı.

Avqustun 13-də Taryel Ömərov professor Nuru Bayramovla birgə Samiri yenidən əməliyyat etdi. Amma qarın boşluğunun sanasiya və təkrar drenaj olunması adı verilən bu əməliyyat da uğursuz alındı. Həmin gün oğlumun halı daha da pisləşdi və onun Mərkəzi Klinik Xəstəxanaya köçürülməsi zərurəti yarandı. Buna xəstənin köçürülməsi də demək olmaz, cənab Prezident, "Modern Hospital”a öz ayağı ilə gedən Samir avqustun 16-da oradan yarımcan vəziyyətdə aparıldı.

Biz hesab edirik ki, məhz həkim səhvi və məsuliyyətsizliyi ucbatından oğlumun qarın boşluğuna kənar maddə axıb, orada çirk yaranıb, bu isə orqanizmin zəhərlənməsinə gətirib çıxarıb.

Hörmətli Prezident, Mərkəzi Klinikada qonum-qonşudan, dost-tanışdan topladığımız vəsait hesabına aparılan müalicənin heç bir xeyri olmadı. Çünki "Modern Hospital”da yol verilən səhv öz işini görmüşdü və Mərkəzi Klinika həkimlərinin böyük səylərinə baxmayaraq oğlumun həyatını xilas etmək mümkün olmadı. Avqustun 30-da Samir həyatını itirdi.

Cənab Prezident, mən doğma yurdunu itirmiş, köçkünlüyün hər ağrı-acısını görmüş, balalarımı yüz cür əzab-əziyyətlə böyütmüş bir atayam. İndi mənim çiyinlərim həm də oğul itkisinin ağırlığı altında əzilir. Mən atasız qalmış nəvələrimin – Samirin iki balasının üzünə baxanda ölüb-dirilirəm.

Cənab Prezident, bizim ailəyə dəyən zərbə məni ən çox həkim məsuliyyətsizliyinə görə yandırır. Axı Sizin rəhbərliyiniz altında dövlətimiz, Azərbaycan hökuməti əhalinin tibbi təhlükəsizliyi üçün nə qədər iş görür, həmçinin ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə son illər səhiyyə sistemimiz necə böyük inkişaf yolu keçib. Azərbaycanda ən müasir xəstəxanalar tikilib istifadəyə verilib, bütün səhiyyə ocaqları dünya standartlarına uyğun avadanlıqlarla təchiz olunub. Niyə bu fonda belə ağır faciəyə gətirən həkim səhvi yaşanmalıdır?

Möhtərəm Prezident! İyul ayında oğlumun səhhətinin cərrahiyyə əməliyyatı aparılmasına tam imkan verdiyini bildirən "Modern Hospital”ın rəhbərliyi indi qüsurlu əməliyyatı ört-basdır etməyə səy göstərir, baş həkim Taryel Ömərov təqdim etdiyi epikrizdə Samirin bir çox xəstəlikləri olduğunu iddia edir, ölümün səbəblərini ora-bura yozmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır. Amma biz Səbail Rayon Prokurorluğuna müraciət etmişik, hazırda təhqiqat aparılır. Hüquq mühafizə orqanlarına böyük etimadımız var, amma bununla belə Sizdən oğlumun ölümünün səbəblərinin dərindən, hərtərəfli və qərəzsiz araşdırılması üçün Səbail Rayon Prokurorluğunda aparılan təhqiqatı şəxsi nəzarətinizə götürməyinizi, günahkar olan tibb personalının cəzalandırılmasını diləyirəm. Ümid edirəm ki, bu çətin günlərimdə mənə dayaq olacaqsızınız!

Başımıza gələn faciəvi olayın dəqiq araşdırılması, günahkarların cəzalandırılması həm bizim üçün mənəvi təsəlli olar, həm də millətimizin övladları gələcəkdə həkim xətasından və məsuliyyətsizliyindən sığortalanar!”

Geri qayıt