Əsas Səhifə > Sosial, Manşet > Ceyhun Bayramov Misir Mərdanovun itirdikləri uğrunda mübarizəyə qalxıb

Ceyhun Bayramov Misir Mərdanovun itirdikləri uğrunda mübarizəyə qalxıb


12-11-2018, 10:12
Ceyhun Bayramov Misir Mərdanovun itirdikləri uğrunda mübarizəyə qalxıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova uşaq bağçalarının icra hakimiyyətlərinin tabeliyindən çıxarılmasını təklif edib. Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən E.Süleymanova deyib ki, bağçalar Təhsil Nazirliyinin tabeliyinə qaytarılmalıdır. Xatırladaq ki, uşaq bağçaları 2011-ci ilin dekabrında Təhsil Nazirliyinin tabeçiliyindən çıxarılaraq icra hakimiyyətlərinin tabeçiliyinə verilib. Amma bu qərar məktəbəqədər təhsil müəssisələrində daha əvvəl olan problemlərin aradan qalxmasına səbəb olmayıb.

Bağçaların icra hakimiyyətlərinin balansına verilməsinin ilk illərindən başlayaraq, bu müəssisələrin təkrar Təhsil Nazirliyinə qaytarılması ilə bağlı müzakirələr başlanıb. Bu cür təkliflərin səslənməsi son zamanlar daha da intensivləşib. Qeyd etmək yerinə düşərdi ki, Ombudsman Elmira Süleymanova ötən illərin büdcə müzakirələrində də belə bir təkliflə çıxış etmişdi. Bu cür təkliflər Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən də bir neçə dəfə gündəmə gətirilib. Təklif onunla əsaslandırılıb ki, nazirlik ümumtəhsilin ilk pilləsi olan uşaq bağçalarına nəzarət funksiyasını yerinə yetirə bilmir və buna görə də məktəbə hazırlığın səviyyəsi aşağı düşür.

Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan RespublikasınınTəhsil Qanunun və dövlətin təhsil prinsiplərinə əsasən təhsilin bütün pillərilə arasında əlaqə və vəhdətlik mövcuddur:

“Azərbaycan Respublikasında təhsilin beş pilləsi var, məktəbəqədər, ümumtəhsil, peşə, orta ixtisas və ali təhsil. 2010-cu ildə mövcud şəraitə uyğun olaraq, məktəbəqədər təhsilin icra hakimiyyətlərinin tabeliyinə verilməsi keçən müddət ərzində məktəbəqədər təhsilin tamamilə çöküşünə səbəb oldu. Təhsil Nazirliyinin məktəbəqədər təhsil müəssisələrinə müdaxilə edə bilməməsi bu müəssisələrdə olan neqativ halların digər təhsil müəssisələri ilə müqayisədə qat-qat çox olması ilə nəticələnib”.

Ekspert hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyətləri orqanlarından alınaraq yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi günün tələbidir:

“Təhsil müəssisələrinin məhz Təhsil Nazirliyi tərəfindən idarə olunması məntiqi cəhətdən də doğrudur. Məktəbəqədər təhsilin dövlətin təhsil standartlarına və kurrikulumlara əsasən həyata keçirilməsi mümkün olacaq. Bu baxımdan Elmira xanımın təklifini dəstəkləyirəm. Hətta deyərdim ki, bu qərarın verilməsi gecikir. Amma biz əgər təhsildə irəliləyiş istəyiriksə, təhsilin ilk pilləsi olan məktəbəqədər təhsilin tez bir zamanda Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsini gündəmə gətirməliyik. Bununla bağlı təkcə Elmira xanım deyil, özlərini təhsil ekspertləri adlandıran şəxslər, o cümlədən pedaqoqlar, Milli Məclis üzvləri, ictimaiyyət nümayəndələri bu sahədə çağırış etməlidirlər və qatı addım atılmalıdır”.

Məktəbəqədər təhsil müəssisələrinin mövcud durumundan danışan Elşən Qafarovun sözlərinə görə, bu müəssisələrdə təhsillə bağlı hansısa məsələlərdən danışmaq mümkün deyil:

“İcra hakimiyyətləri bu müəssisələri yarıtmaz formada idarə edirlər. Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi ilə bağlı müəyyən tədbirlərin görülməsinə baxmayaraq, regionlarda acınacaqlı vəziyyət hökm sürür. Bu müəssisələrin yerli icra hakimiyyətlərinin ixtiyarına verilməsi, həmçinin onların özəlləşdirilməsinə icazə verilməsi böyük problemlər yaratdı. Məktəbəqədər təhsil müəssisələrini bu durumdan çıxarmaq üçün atılacaq ilk addım onların Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasıdır. Ən azı bu qanunvericiliyə tam uyğun olardı”.

Təhsil eksperti deyir ki, hazırda bağçaların infrastrukturunun bu qədər bərbad olmasının səbəbi bu müəssisələri təyinatı üzrə olmayan qurumlar idarə etməməsidir:

“Onlar da təbii ki, infrastrukturun yenilənməsi ilə bağlı hər hansı addım atmayacaqlar. Məktəbəqədər təhsil müəssisələrindəki neqativ hallara - rüşvətlə qəbula, pul yığmalara, “aylıq”ların yığılması hallarına gəldikdə, bunlar onunla əlaqədardır ki, bəzi məlumatlara görə, icra hakimiyyətləri bu müəssisələrin başçılarının üzərinə aylıq ödəniş tətbiq edir. Bu ödənişləri ödəmək üçün müəssisələrin rəhbərləri hər bir yola əl atırlar. Çünki əks təqdirdə ödənişləri edə bilməyəcəklər”.

Bəlkə də, ekspert haqlıdır. Məntiqə uyğun olaraq uşaq bağçalarının Təhsil Nazirliyinə verilməsi bəlkə də, doğru olardı. Amma ortada uşaq müəssisələrinin Təhsil Nazirliyinin tabeliyində olduğu uzun illərin təcrübəsi var, bu təcrübə isə heç də uğurlu keçmişdən xəbər vermir. Nazirliyin tabeliyində olduğu müddətdə bağçaların problemləri yox idimi? Və ya bu problemlər operativ şəkildə həllini tapırdımı? Yaxud uşaq müəssisələrində ərzaqla təminatdan tutmuş yer çatışmazlığı probleminə qədər hansı məsələ kökündən həll olunmuşdu? İndiki halda Təhsil Nazirliyinin bütün regionlardakı uşaq bağçalarına nəzarət imkanının azlığını da nəzərə alsaq, bu sahədə vəziyyətin yaxşılığa doğru dəyişəcəyini söyləmək olmaz. Bir anlıq təsəvvür edin ki, hansısa rayonda uçaq bağçaları ilə bağlı şikayət var. İnsanların fikir və təkliflərini, şikayətlərini daha əlçatan quruma- yerli icra hakimiyyətinə bildirməyi, məsələnin rayon səviyyəsində daha tez həlli mümkündür, nəinki Bakıya-Təhsil Nazirliyinə üz tutmaq. Əziyyət çəkən isə uşaqlar və valideynlər olacaq. Rayon məktəblərini demirik, paytaxt məktəblərindəki hər hansı problemi nazirliyin diqqətinə çatdırmaq üçün mətbuata günlər tələb olunur. Biz hələ ayrı-ayır vətəndaşlardan danışmırıq. O vətəndaşlar ki, səslərini nazirliyə çatdırmaq üçün uzun mübarizədən, ötür-ötür oyunundan, bürokratik əngəllərdən yorulub geri çəkilirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun “çevikliyi”, “operativiyi” şikayət və təkliflərə göstərdiyi reaksiya ya yoxdur, ən yaxşı halda isə “araşdırarıq” kəlməsindən o tərəfə keçmir. Bu “çevikliyə” bir də balacaları gözləyən aqibəti əlavə etmək üst-üstə yığılacaq növbəti problemlər deməkdir. Orta təhsildəki bərbad vəziyyəti aradan qaldırmaq üçün heç bir fəaliyyətilə gündəmə gəlməyən Təhsil Nazirliyinə məktəbəqədər təhsili də yenidən etibar etmək nə dərəcədə məntiqli görünür?

Geri qayıt