Əsas Səhifə > Sosial, Manşet > Mustafa Babanlı universitet əməkdaşlarına problem yaradıb
Mustafa Babanlı universitet əməkdaşlarına problem yaradıb22-11-2018, 09:31 |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Teyyub Qəni oğlu Əliyev prezident İlham Əliyevə və təhsil naziri Ceyhun Bayramova müraciət edib. Buna səbəb ADNSU-nun rektoru, professor Mustafa Babanlının Əmək Məcəlləsinin tələblərini pozmasıdır. Teyyub Əliyev Reyting.az vasitəsi ilə etdiyi müraciətində yazır ki, ADNSU-nun rektoru M. Babanlı universitetdə çalışan professor-müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmək üçün mövcud olan qanunvericiliyin tələblərinə əməl etmir. Dosent qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə əlaqədar 8 noyabr 2018-ci ildə Azərbaycan prezidentinə müraciət ünvanlamasına baxmayaraq, təəssüf ki, rektor qeyd edilən nöqsanları aradan qaldırmayıb. Əvəzində onları nəinki eyni qayda ilə davam etdirir, hətta qanunsuzluqda daha da irəli gedir: “Cənab Prezident! Sizə ərizə yazdığım üçün rektor məni və ADNSU-nun “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının dosenti işləyən qızım Şəms Əliyevanı müxtəlif vasitələrlə təhdid edir, bizə iş prosesində problemlər yaradılacağı ilə bağlı mesajlar göndərir. Ən utanverici haldır ki, bəzi fakültə dekanları və kafedra müdirlərinin vasitəsilə bizə qarşı start verdiyi qarayaxma kampaniyasına dərs dediyimiz 19-20 yaşlı tələbələri də cəlb etməyə cəhdlər göstərilir (eşq olsun tələbələrə ki, onlar bu kampaniyaya qəti etiraz edirlər). Rektorun vecinə deyil ki, bu, gənclərin mənəvi tərbiyəsinə kökündən ziyan vurur. Rektor M. Babanlı işlədiyimiz “İqtisadiyyat və menecment” fakültəsinin professor-müəllim heyətini də bizə qarşı qaldırmaq istəyir: mesajlar göndərir ki, əgər biz onun istəyini yerinə yetirməsək fakültə bağlana, kafedralar, ixtisaslar ixtisara düşə bilər, müəllimlərə problemlər yaradılar. Rektorun birbaşa göstərişi ilə məni və qızımı işdən çıxarmaq üçün qeyri-qanuni, utanverici bir prosesə də artıq start verilib. Belə ki, 8 noyabr 2018-ci ildə Sizə göndərdiyim ərizədə qeyd etdiyim kimi, rektorun təşəbbüsü ilə ADNSU-nun Elmi Şurası tərəfindən 23 dekabr 2015-ci ildə qəbul edilmiş və cəmi iki il qüvvədə olduğuna baxmayaraq, professor-müəllim heyətinin 5 illik fəaliyyətinə qiymət vermək üçün əsas götürülən "Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işçilərin dərəcələrinin artırılması və təyinatı üzrə Təlimat"a (?) uyğun olaraq mən və qızım Ş. Əliyeva öz vəzifəmizə yenidən seçilmək üçün tələb olunan balları artıqlaması ilə toplamışıq. Bunu nəzərə alaraq “Respublika” qəzetinin 01 may 2018-ci il tarixli 96 (6129) sayında mənim işlədiyim “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və Ş. Əliyevanın işlədiyi “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün elanlarda - hər iki kafedrada - iki yer nəzərdə tutulmuşdur. Biz müsabiqədə iştirak etmək üçün ərizələrimizi müvafiq qaydada təqdim etmişik və ərizələrimiz qəbul edilib. Ancaq qeyri-qanuni istəyinə nail olmayan rektorun təşəbbüsü ilə, əməkdaşların müsabiqədə iştirakının əngəllənməsi üçün "Respublika" qəzetinin 01 iyun 2018-ci il tarixli 121 (6154) sayında ADNSU-da vakant yerləri tutmaq üçün verilmiş müsabiqə elanı kifayət sayda ərizələrin verilməməsi səbəbindən (?) ləğv etdirilmiş və müsabiqənin qanunauyğun şəkildə (?) keçirilməsi üçün yeni elanın müvafiq zamanda veriləcəyi qeyd edilmişdi. “Respublika” qəzetinin 21 noyabr 2018-cil tarixli 260(6293) sayında artıq belə elan verilmişdir”. T. Əliyev yazır ki, dövlət başçısına müraciətindən hiddətlənən rektor həm onun özünün, həm də qızının bu müsabiqədə iştirakını əngəlləmək üçün “Respublika” qəzetinin 01 may 2018-ci il tarixli sayındakı elandan fərqli olaraq, bu elanda, “Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün iki yox, bir yer ayırıb(?). Eyni zamanda onlara bildirilir ki, siz bu müsabiqədə iştirak edə bilməzsiniz: “Məqsədləri odur ki, mənə və qızım Ş. Əliyevaya işimizdə süni problemlər yaratmaqla, müxtəlif bəhanələrlə töhmətlər verib işdən azad edilməmiz üçün “əsaslar” yaratsınlar. Möhtərəm Prezident, bunları Sizə yazmaqda məqsədim nədənsə çəkinməyimlə bağlı deyil, haqsızlığın qarşısının alınması üçündür. Mən, 32 il, qızım isə 22 ildir ki, fasiləsiz olaraq ADNSU-da işləyirik. Bu müddət ərzində universitetin qabaqcıl, təşəbbüskar, intizamlı işçiləri kimi imic qazanmışıq. Mən 119, o cümlədən son beş ildə 35 (onlardan 14-ü xaricdə), qızım 75, o cümlədən son beş ildə 41 (onlardan 11-i xaricdə) dərsliyin, dərs vəsaitlərinin, monoqrafiyanın, məqalələrin müəllifiyik. Xaricdə nəşr olunmuş məqalələrimizə çoxsaylı istinadlar vardır. Keçirilmiş açıq dərslərdə həmişə yüksək ballar toplamışıq. Bu gstəricilərə görə nəinki fakültənin, eləcə də ADNSU-nun professor-müəllim heyəti sırasında ən öncül mövqelərdən birinə sahibik. Kollektivdə, eləcə də, tələbələr arasında yüksək nüfuzumuz və hörmətimiz vardır. İndi rektor M. Babanlının qeyri-qanuni istəyi ilə razılaşmadığımıza və bu barədə Sizə müraciət etdiyimə görə bizə qarşı ədalətsiz mövqe sərgilənməlidirmi və öz vəzifəmizə yenidən seçilmək üçün süni əngəl yaradılmalıdırmı? ADNSU-nun rektoru M. Babanlının əsassız, düşünülməmiş qərarlarına etiraz etdikdə “Məni bu vəzifəyə cənab Prezident təyin edib”, - deyə cavab verir. Bununla da, özünün toxulmaz, qanunvericiliyə riayət etmədən istədiyi qərarı qəbul etməkdə və yerinə yeritməkdə “sərbəst” olduğunu nümayiş etdirir, Sizin imicinizə kölgə saldığını vecinə almır. Hörmətli Prezident! Təbiidir ki, rektorların təyinatı Sizin səlahiyyətinizə aiddir. Ancaq bu, professor M. Babanlıya ADNSU-nu “öz istəyi ilə” idarə etməyə əsas verirmi? Axı şahid olmuşuq ki, Siz dəfələrlə məmurlara tapşırıq, göstəriş vermisiniz ki, fəaliyyətinizdə qanunları əsas tutun, işçiləri əsassız yerə incitməyin, kollektivdə işgüzar mühit yaradın. Məgər bunlar ADNSU-nun rektoruna M. Babanlıya aid deyilmi?” ADNSU rektorunun Əmək Məcəlləsinə və “Təhsil haqqında” Qanuna zidd hərəkətlər etdiyini yazan T. Əliyev müraciətinin sonunda Azərbaycan prezidentindən xahiş edir ki, M. Babanlının qeyri-qanuni hərəkətlərinə, özünə və qızı Ş.Əliyevaya qarşı təhdidlərinə son qoyulması üçün müvafiq göstərişlər versin. dia-az.life saytı professor M. Babanlının fikirlərinə hörmətlə yanaşır və məsələyə münasibətinə yer ayırmağa hazırdır. Geri qayıt |