Əsas Səhifə > Sosial, Manşet > "Nəticə yoxdur deyə təngə gəlmişəm"

"Nəticə yoxdur deyə təngə gəlmişəm"


22-02-2019, 09:42
"Nəticə yoxdur deyə təngə gəlmişəm"
Müharibə əlili dolanışıqdan şikayətçidir.

Ağdaş rayonunun Ərəbkükəl kənd sakini, Qarabağ qazisi Seymur Həsənov Cebhe.info-ya müraciət edərək yeganə ümidinin probleminin ictimailəşdirilməsi olduğunu deyib. 1992-ci ilin mart ayında hərbi xidmətə gedən Seymur Həsənov torpaqlarımız uğrunda döyüşlərdə iştirak edib. Zirehli texnika sürücüsü kimi ən qızğın döyüşlərin iştirakçısı olan Seymur Həsənov hər iki ayağını itirsə də, indiyədək nə müavinət, nə də yardım ala bilib.

“Bu qədər döyüşmüşük, amma bizimlə maraqlanan yoxdur. Bu günə qədər dövlətdən nə pensiya, nə yardım alıram. Dolanışığımız da yoxdur, qiymət verən də. Yerimək qabiliyyətimi itirmişəm, gəzə bilmirəm. Gələcəyin 2 əsgərini böyüdürəm. Amma yaşadığım evi görsəniz, mənzərə sizə aydın olar. Qarabağ əlilinə beləmi qiymət verilməlidir? Döymədiyim qapı qalmayıb. Müraciət etdiyim, üz tutduğum qurumlar sadəcə söz verirlər, amma əməl yoxdur. Müavinətə görə getdiyim qurumların bildiyi iş məni Bakının yollarında süründürməkdir. Nəticə yoxdur deyə təngə gəlmişəm”.

Yaxınlarının köməyilə çətinliklə dolanan Qarabağ qazisini həyat yoldaşı da tərk edib. Seymur Həsənov xanımının onu tərk etməsinə haqq qazandırır. Deyir ki, yaşayış tərzi həyat yoldaşının xoşuna gəlmədiyi üçün onu tərk edib:

“Bu gün ailəsinə qazanc gətirməyən kişini hansı xanım istəyər?”

Qarabağ qazisi son ümidini övladlarına bağlayıb. Hər iki oğlunun orta məktəbdə əla oxuması onu bu həyatda sevindirən yeganə təsəllisidir.

Geri qayıt