Əsas Səhifə > Sosial, Manşet > Nazirin "stəkanda fırtına" siyasəti...

Nazirin "stəkanda fırtına" siyasəti...


30-05-2019, 10:02
Nazirin "stəkanda fırtına" siyasəti...
Dövlət tərəfindən uzun illərdir ki, milyardlarla vəsaitin sərf edildiyi, proqramların həyata keçirildiyi Azerbaycan səhiyyəsini göstərilən bütün cəhdlərə rəğmən xilas etmək mümkün olmur. Bu gün ölkə səhiyyəsinin acınacaqlı durumu hamıya məlumdur. Bircə dəfə hansısa xəstəxanaya getmək kifayətdir ki, bu sahədə hökm sürən anarxiya, özbaşınalıq səni dəhşətə gətirsin.

Hər şeyin pulun iradəsinə tabe edildiyi səhiyyəmizdə bəlkə də ən son yerdə duran,en ucuz tutulan insan sağlamlığı, insan taleyidir. Təsadüfi deyil ki, bu gün Azərbaycan vətəndaşı canını götürüb qonşu ölkələrə üz tutur. Oqtay Şirəliyevin ozü öz sağlamlığının rəhbəri olduğu Azərbaycan səhiyyəsinə etibar etməyərək Avropanın klinikalarını dolaşmaqdadır. Ümumiyyətlə, onun nazir olduğu dönəmə nəzər saldıqda adamda ele təəssürat yaranır ki, nazir sanki qonşu ölkələrin səhiyyəsini inkişaf etdirmək üçün çalışır.. Məhz onun dönəmində Azərbaycan vətəndaşlarının qonşu ölkələrə müalicə üçün kütləvi axını başlandı, pulun tibb ocaqlarında diktaturası bərqərar olundu. Oqtay Şirəliyev ölkə səhiyyəsini məhv etmek üçün olan her şeyi edib-onun nüfuzunu sıfra endirib,dərman mafiyalarının ölkədə at oynatmasına münbit şərait yaradib, peşəkar kadrlarin xaricə axınını təmin edib. Bir ölkenin səhiyyə nazirinin müalicə üçün xarici ölkələrə üz tutmasından boyük utanc ola bilərmi? Bəs cənab Prezidəntə, Mehriban xanıma təqdim olunan, Avropa klinikalarından geri qalmadığı bildirilən tibb ocaqları harda qaldı, kimin üçün fəaliyyət göstərir? Tam əminliklə demək olar ki, Azərbaycan səhiyyəsi heş zaman indiki qədər acınacaqli durumda, bataqlıqda olmayib. Müasir görünüşlü xəstəxanaların, klinikaların binalarında ölkə səhiyyəsi "can verir". Oqtay Şirəliyev vəziyyeti düzəltmək əvəzinə yalan məlumatlarla yuxarı dairələri aldatmaqla meşğuldur. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı. Əksər özəl və dövlət xəstəxanalarında göstərilən xidmətlərin səviyyəsi həddindən artıq aşağı, qiymətlər isə həddindən artıq bahadır. Həkimlərin səhlənkarlıqları üzündən baş verən ölüm hadisələri isə ölkə mətbuatının gündəmindən düşmür. Belə “səhiyyə xadimləri”nin xidmətləri nəticəsində Azərbaycan səhiyyəsinin özü xəstə vəziyyətdədir.
Artıq vəziyyət elə həddə gəlib çatıb ki, vətəndaşlar nazirliyin binası qarşısında etiraz aksiyaları keçirir, səhiyyənin dəhşətli durumunu diqqətə çatdırırlar. Oqtay Şirəliyevin fəaliyyəti bir qədər də belə davam edərsə kütləvi etirazların olacağı istisna olunmur. Onun vəzifədə qaldığı hər gün dövlətin imicinin zədələnməsinə xidmət edir.
Son illərdə səhiyyə sistemində hökm sürən neqativ halların aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirilməyə başlayıb. Bunlardan biri də həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlıdır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq, elektron ərizənin doldurulmalıdır. Qanunla nəzərdə tutulmuş hallarda sertifikasiyadan keçirilməyən şəxslər ali təhsil haqqında sənədin və olduğu halda, ixtisaslaşma haqqında sənədin surətlərini ərizələrinə əlavə etməlidirlər. Həmçinin namizəd işə qəbul olunmaq üçün ixtisasına və ya baza təhsilinə uyğun 5 vakant yer seçə bilər. Namizədin topladığı bal onun seçdiyi 5 vakant yerə uyğun olaraq ardıcıllıqla yoxlanılır. Vakant elan edilmiş vəzifəyə təyin olunmaq üçün həmin vəzifəyə namizədlər arasında daha yüksək bal toplamış şəxs seçilir.
Göründüyü kimi prosesin şəffaflığı üçün mükəmməl hüquqi baza formalaşdırılıb. Lakin apardığımız araşdırma əslində Səhiyyə Nazirliyinin “stəkanda fırtına” effekti yaratdığını, həkimlərin işə qəbul prosesinin Nuh Nəbidən qalma üsullarla aparıldığını ortaya çıxartdı.
Xatirladaq ki, bu günlərdə paytaxt xəstəxanalarında vakant yerlərə qebulla bağlı elanlar verilib. Düzdür, ilk baxışda hər şeyin qanunauyğun olduğu görünsə də apardığımız araşdırmalara gorə bütün bunlar görüntü xatirinə edilir. Əslində isə artıq boş yerlərə nazirliyin xüsusi siyahısı ilə təyinatlar edilib. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. İnanmırıq ki, bizə və çoxlarına məlum olan faktları onlar bilməsinlər. O zaman sual yaranır ki, nədən dövlətin qanunları bir qrupun mənafeləri naminə tapdalanır və buna göz yumulur? Niyə savadlı həkimlərin işə qəbulu prosesi bir qrupun tamahı ucbatından korrupsiya, rüşvət bataqlığına çevrilir.
Hormətli Mehriban xanım! Sizin səhiyyənin inkişafı üçün atdığınız addımlar bütün vətəndaşlar tərəfindən təqdir edilir. Bütün fəaliyyətinizlə ölkəmizin güclənməsinə, insanların daha rahat, asan həyat şərtlərində yaşamasına çalışırsınız. Amma, yuxarıda qeyd etdiyimiz kimi Səhiyyə naziri O.Şirəliyev bütün mümkün vasitələrlə sizin fəaliyyətinizə kölgə salmağa çalışır. Azərbaycan səhiyyəsinin «Oqtay Şirəliyev xəstəliyini» müalicə etməyin tam zamanıdı.. İnanırıq ki, siz yenə də hər zaman olduğu kimi ən doğru qərarı qəbul edəcək, hamının çoxdan gözlədiyi bu qərarın reallaşmasına çalışacaqsınız. Sizə öncədən təşəkkür edirik.
Nicat Mahmudov
Rubrika.Az

Geri qayıt