Əsas Səhifə > Sosial, Manşet > Ziya Məmmədovun oğlu MÜLK DAVASINDA
Ziya Məmmədovun oğlu MÜLK DAVASINDA31-05-2019, 09:00 |
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Videodan belə anlaşılır ki, sabiq nazir oğlu Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət dəyişib. 15 gün əvvəl Anar Məmmədovun əmisi Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi. Bakı Beynəlxalq Avtovağzalı “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən “ZQAN” Holding tərəfindən inşa edilmişdi. Baş podratçı isə “Bakı XXI Əsr” MMC adlı şirkət idi. “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi. E.Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi... Məmmədovların yenidən fəallaşması, Elton Məmmədovun vəzifəyə təyinat alması, Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə maraqlı gəlişmələrin olduğunu göstərir. Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən getmişdi. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. Həmin dövrdə Məmmədovların “ZQAN” adı ilə qurduqları, sonradan “Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi. Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü. Üzərinə həbs qoyulmuş Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə tikinti sektorunda da fəaliyyət göstərən “ZQAN Konstrakşn” MMC, Məmməd Araz küçəsi, ev 25V ünvanında isə keçmiş “Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi. Anar Məmmədovun 7 ilə qədər ardıcıl inşaat işləri aparılan Bakıdakı 33 mərtəbəli hotelinin qapılarının bu günə qədər qapalı qalması da onun ölkəyə qayıtmayacağı iddialarını gücləndirmişdi. Belə söhbətlər yayılmışdı ki, Məmmədovlar Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı “Trump Tower Baku”) Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb. Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib. Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ “Trump Towers” adlanan brendin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin açılışı olmadı. 4 ildir ki, hotel fəaliyyətsizdir. Hətta 2018-ci ildə hotelin fasadında meydana gələn yanğından sonra belə xəbərlər də vardı ki, tikili ümumiyyətlə sökülə bilər. Fasadında xüsusi qurğuların quraşdırılması hotelin sökülə biləcəyi ehtimalını artırırdı. Bu gün də açılışı olmayan binanın təmirə hazırlandığı və ya söküləcəyi haqda heç nə məlum deyil. Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu “Quba Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən “Quba Palace” adı ilə fəaliyyətə başlayb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş “Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib. “Yeni Müsavat”ın əməkdaşı Anar Məmmədovun ölkəyə qayıtması, holdinqinə daxil olan, sonradan digər şirkətlərin nəzarətinə keçən şirkətlərlə bağlı məhkəmələrə üz tutması, “Yelkən hotel”in açılışı və s. məsələlərlə bağlı onun vəkili Nihat Axundovla əlaqə saxlayıb. Vəkil müvəkkilinin Azərbaycanda olduğunu deyib, bildirib ki, digər məsələlərlə bağlı müvəkkilinin mövqeyini açıqlayacaq. Vəkilin təqdim edəcəyi açıqlamanı da təqdim edəcəyik. “Yeni Müsavat” Geri qayıt |