Əsas Səhifə > Sosial, Manşet > Özünü doğrulda bilmədi...

Özünü doğrulda bilmədi...


1-06-2019, 10:33
Özünü doğrulda bilmədi...
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Amma bu gün uşaqları onlara təlim - tərbiyə verməli, cəmiyyət üçün yetişdirməli olan müəllimlərdən, direktorlardan müdafiə etmək məcburiyyətindəyik.
Bu təhlükə tendensiyaya çevrilir. Təhsil ocaqları uşaqlar üçün qorxu yuvalarına, işgəncə ocaqlarına çevrilməkdədir.
İndi valideynlər övladlarını ətraf mühitin mənfi təsirlərindən, küçənin pisliklərindən qorumaqla bərabər məktəb müəllimlərinin, direktorlarının caynağından xilas yolları axtarmaqdadır.
Anaxeber.info oxucuları da razılaşar ki, bu, bir millətin gələcəyinin faciəsinin başlanğıcıdır. Çünki vətəndaşlar özlərinin və uşaqlarının səhhətini yerli həkimlərə etibar etmədiyi kimi müəllimlərinə də güvənmirlər.
Lakin sabah hər kəs 1 iyundan, uşaqların müdafiəsindən, onlara dövlət qayğısından bəh-bəhlə danışacaq, “ağzına çullu dovşan” sığmayacaq.
Onlar unudacaqlar ki, başda Təhsil Nazirliyinin başbilənləri olmaqla məktəb direktorlarının, müəllimlərin göstərdiyi “qayğı” nəticəsində Elina intihar elədi, elinalar bu faciədən dəhşətli psixoloji travma aldılar, valideynlər xüsusilə qız övladlarına nəzarəti, məktəbdə basqı olub-olmadığına diqqət yetirməyi dərs götürdülər.
Hər bir ata həyəcanlanmağa başladı ki, onun məktəbli qızı Elinanın taleyini yaşaya bilər. Ən ağrılısı buydu ki, nazirlik insanları sakitləşdirmək, maarifləndirici işlər aparmaq, şagird-müəllim münasibətlərini nizama salmaq üçün addımlar atmadı. Sanki Elinanın özünü öldürməsi məişət zəminində bir hadisəymiş. Bu, ciddi sosial mesaj, həyəcan təbili idi.
Axı Elina tək deyildi. Onun faciəsindən sarsıntı keçirən yüzlərlə məktəbli qızlar oldu, müəllimlərə, direktorlara aşkar şəkildə heç bir sərt qulaqburması verilmədi. Əksinə, növbəti müəllim işgəncəsi təkrarlandı.
Söhbət Bakının Nərimanov rayonundakı 36 saylı məktəbin birinci sinif şagirdi balaca Ləmana müəlliməsi Arifə İsmayılovanın təzyiq göstərməsindən gedir.
A.İsmayılova ailəsinin yoxsul olmasına görə Ləmanın az pul gətirməsindən narazı qalır, məktəblini ayrı-seçkiliyə məruz qoyur, döyür, psixoloji təzyiq göstərirmiş.
Məktəblinin bullinqə məruz qoyulması səbəbinin isə onun kasıb olması, digər uşaqlar 50-100 manat verəndə Ləmanın anasının 10 manata gücünün çatması olub.
Hətta məktəblinin anası Oksana Paşayeva ilə müəllimənin sözləri çəpləşib, A.İsmayılova ondan Ləmanı bu məktəbdən çıxarmağı tələb edib.
Dəhşətlidir. Hadisənin ictimailəşməsi 36 saylı məktəbin direktoru Emilya Səfərəliyevanı hərəkətə keçirir, Ləmanın evinə baş çəkir, könlünü alır, növbəti intihara bərabər basqının olduğu dolayısı ilə təsdiqlənir.
Direktorun Ləmangilə getməs sübut edir ki, qızcığaz məktəbdə müəlliməsinin təzyiqləri ilə üzləşib. Bu “nümunə” bir çox məktəblərdə yaşanır, kütləvi hal alıb, kimisi səsini çıxarmır, kimisi şikayət eləmir.
Təhsil ocaqlarını rüşvət yuvasına, bazara çevirənlər, tədrisdən başqa hər şey öyrədənlər Azərbaycanın gələcəyini, yeni nəsli necə məhvə sürüklədiklərinin fərqindədirlər.
Sadəcə, rüşvətə bulaşmış təhsil sistemi bunu diqtə edir. Maliyyəçi Ceyhun Bayramovun təhsil naziri vəzifəsinə gəlişindən sonra baş verənlər göstərdi ki, onun dərinləşməkdə olan böhranı aradan qaldırmaq gücü yoxdur.
Elinalar, Ləmanlar tək deyillər. Nazirlik xüsusi proqram əsasında fəaliyyət göstərməli, bu istiqamətdə narahatlıq doğuran, valideynləri təşvişə salan problemləri aradan qaldırmalıdır.
Məktəblər uşaqlar üçün girovluğa çevrilməməlidir. Hər bir valideyn övladını dərsə göndərir ki, təhsil alsın, müəllimin yumruq-şilləsini yeməsin, intihara təhrik edilməsin.
Pula görə uşaqları sıxışdırmaq nanəciblikdir. Bir millətin gələcəyini məhv etmək istəyirsənsə, təhsilini əlindən al şüarı artıq dərimizə işləyib, üzərimizdə bu “təcavüzü”, “terroru” hiss edirik. Təhsil naziri tərəfindən hansı ciddi bir bəyanat olub?
C.Bayramov təhsil şöbələrinin “bazarkom” sədrləri, məktəblərin alverçi direktorları, “kassir” müəllimləri barəsində hansı kompleks addımlar atıb?
Nazirlik kortəbii fəaliyyət göstərir, heç bir proqramı, konsepsiyası yoxdur, ört-basdır, malalama siyasəti yürüdürlər, özlərinə yaxın KİV-lərdə piarlarını təşkil edirlər.
Allahınızı sevərsiniz, bununla nəyə nail olmaq mümkündür, kimi aldadırsınız??? Ümumiyyətlə, məktəblərdə bullinqlər araşdırılmır, monitorinqlər aparılmır, komissiyalar təşkil edilmir.
Bakının və bölgələrin əksər məktəbləri Misir Mərdanov dövrünün qaydaları ilə işləyirlər. Amma insafən, Mərdanov dönəmində müəllimin şagirdi cəzalandırması, döyməsi faktlar istisna halda olardı. Bu gün internet resurslarında kifayət qədər faktlar tirajlanıb.
Elinanın qanının batırılması, direktorun həbs edilməməsi, eləcə də Ləmana təzyiq göstərilən məktəb direktoruna xəbərdarlıq edilməklə kifayətlənilməsi bu başıpozuq təhsil sistemində belə hallara son qoyulmayacağı qənaəti yaradır....
Anaxeber.info

Geri qayıt