Əsas Səhifə > Sosial, Manşet > Bura təhsil ocağıdır, yoxsa?..

Bura təhsil ocağıdır, yoxsa?..


18-06-2019, 10:52
Bura təhsil ocağıdır, yoxsa?..
Artıq dərs ili yekunlaşsa da məktəblərdə baş verən qanunsuzluqlar barəsində şikayətlər kəsilmir.

Buzovnada yerləşən Ə.Əliyev adına 125 saylı tam orta məktəbdə cərəyan edən hadisələr barədə Rubrika.az saytına danışan valideynlər təhsil adına baş tutan rəzalətdən söz açıblar. Valideynlər bildirir ki, məktəbdə şagirdlərdən pul toplanması demək olar ki, adi hal alıb. Məktəbdə toplanan qanunsuz vəsaitlərin aylıq məbləği 3-4 min manat təşkil edir. Hər bir şagirddən ayda 2 manatdan pul yığılır. Məktəbdə fəaliyyət göstərən valideyn komitəsinuin təşkilatçılığı ilə toplanan pulların taleyini isə direktor Zeynəb Əliyevadan başqa bilən yoxdur. Fond pulu, kağız pulu, hətta mühafizə pulu adıyla toplanan böyük məbləğli pullar xüsusi ciblərə axır. Guya məktəbin mühafizəsi adıyla toplanan pulların isə harada mühafizə olunduğunu kimsə bilmir. Çünki, məktəbdə heç bir mühafizə sistemi və ya xüsusi mühafizəçi yoxdur. Hərdənbir 11-ci sinif şagirdlərindən biri məktəbin girişində növbətçi qismində dayanır. Fond pulu adıyla toplanan pulların da hansı fonda yığıldığı məlum deyil. Adı,məqsədi bilinməyən bu fondda toplanan pullardan isə nə məktəbin,nə də məktəblilərin xəbəri yoxdur.

Ümumiyyətlə məktəbdə mümkün olan hər vasitə ilə pul toplanılır. Şagirdlərə məcburi surətdə çəkilən fotoşəkillər baha qiymətə satılır. Başqa yerdə 1 manata başa gələn şəkillər burada şagirdlərə 2-3 manata satılır.

Valideynlər bildirir ki, direktor Z.Əliyeva rəhbərlik etdiyi məktəbdə ailə podratı sistemi formalaşdırıb. Qızı,gəlini,digər qohum-əqrəbalarını başına yığan direktor qanunlara məhəl qoymur. Hər biri xüsusi maşınıyla işə gəlib gedən qohumlar məktəbin imtiyazlı təbəqəsi hesab olunurlar.

Rubrika.az saytına danışan valideynlər məktəbdə təlim-tərbiyə prosesinin düzgün qurulmadığını, şagirdlərə ciddi nəzarət edilmədiyini bildirirlər. Başı pul toplamağa qarışan məktəb rəhbərliyi nizam-intizama ciddi yanaşmır. Bu səbəbdən də şagirdlər arasında tez-tez kriminal haqq-hesablaşmaların baş verdiyi söylənilir. Bu günlərdə məktəbin 9-cu sinif şagirdi Məmmədov Nihat Anar oğlu digər şagirdlər tərəfindən amansızcasına döyülüb. Əvvəlcə məktəbin arxasında Nihatı döyəndən sonra onu dəniz kənarına apararaq təkrar döyərək bədən xəsarətləri yetiriblər. Bıçaqla xəsarət yetirəndən sonra onun qolunu da sındırıblar. Hadisə barədə polislər məlumat alsalar və cinayət işi başlansa da məktəbin direktoru Z.Əliyevanın cidd-cəhdiylə hadisə gizlədilməyə çalışır. Direktorun təlimatı ilə Nihatın guya tut ağacından yıxıldığı barədə məlumat verilib. Valideynlər də məcbur qalaraq Z.Əliyevanın təlimatına uyğun ifadə veriblər. Aldığımız məlumata görə polislər direktorun yalan ifadələrinə inanmayaraq araşdırmaları davam etdirirlər.

Direktorun cidd-cəhdlə ört-basdır etməyə çalışdığı hadisə 125 saylı məktəbdə tədrisin,təlim-tərbiyənin hansı səviyyədə olduğunu göstərir. 1996-cı ildən məktəbə rəhbərlik edən Z.Əliyeva uzun illər ərzində formalaşdırdığı idarəetmə üsulu ilə ciddi narazılıq formaılaşdırır.Təhsil nazirliyi məsələni ciddi nəzarətə götürməli, baş verənlərlə bağlı qəti tədbirlər görməlidir. Əks təqdirdə burada daha ciddi kriminal hadisələrin baş verəcəyi istisna edilmir.

Məsələni diqqətdə saxlayacağıq.

Geri qayıt