Əsas Səhifə > Sosial, Manşet > Səfər Mehdiyevin “islahatları” sərhədləri aşır
Səfər Mehdiyevin “islahatları” sərhədləri aşır1-08-2019, 10:07 |
Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətindən narazılıqlar, şikayətlər bitmir. Qurumun keçmiş sədri Aydın Əliyevin dönəmində müşahidə olunan problemlər bu gün də öz aktuallığını qoruyur. Maraqlıdır ki, DGK-nin hazırki sədri Səfər Mehdiyevin mətbuata açıqlamasında dedikləri real fəaliyyətdə təsdiqini tapmır. Gömrük xidmətinin fəaliyyətində müşahidə olunanlar sədrin dedikləri ilə üst-üstə düşmür. Vəziyyət o həddə çatıb ki, artıq Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı şikayətlər ölkə sərhədlərini aşır. Bu günlərdə komitənin fəaliyyətində daha bir biabırçı fakt üzə çıxıb. “DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ” firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) məclis üzvü Yakup Yaşan Azərbaycan gömrüyündə üzləşdiyi problemlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şikayət məktubu göndərib. Türkiyəli iş adamı məktubunda bildirib ki, Azərbaycan gömrüyündə onların malının qiymətini süni şəkildə artırmağa çalışıblar. Bununla da onların ticarətlərinə ziyan vurmağa cəhd ediblər. Şikayətçi habelə qeyd edib ki, Gömrük Komitəsinin bu kimi addımlarından iki ölkə arasındakı ticari əlaqələr də ziyan görür. Qeyd edək ki, gömrükdə ölkəyə gətirilən malların qiymətinin süni artırılması ilə bağlı “Cümhuriyət” qəzetində də yazı dərc edilmişdi. Həmin yazıda da xüsusi olaraq vurğulanırdı ki, Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan malların invosyları (mal və məhsulların alınması üçün köçürülən məbləğin bankdan çıxarışı-müəll.) qəbul olunmur və özlərinin qiymət siyasəti ilə yeni invosylar tətbiq edir. Bu da ölkəyə gətirilən mal və məhsulların qiymətinin artmasına və daxili bazarda baha satılmasına səbəb olur. Bu, həm də komitənin sahibkar və ölkənin vergi sisteminə etimad göstərmədiyinin bariz nümunəsidir. Nəzərə alsaq ki, ölkəyə məhsul gətirən sahibkar həmin malı bazara çıxarır və azad ticarət qaydalarına uyğun olaraq ondan gəlir götürmək istəyir. Vergi Məcəlləsinə görə, hər bir sahibkar gəlir vergisi ödəməlidir. Gömrük Komitəsinin invoys siyasəti isə sahibkarın vergidən yayınmasına zərurət yaradır. Belə ki, sahibkar 1000 manatlıq məhsul gətirirsə, Gömrük Komitəsi həmin malın dəyərini 2 min manat şəklində qiymətləndirirsə, sahibkar ya məhsulu ən az 3-4 dəfə baha satmalı, ya da vergidən yayınmalıdır. Birinci halda bazarda alıcı qıtlığı ilə üzləşir və gətirdiyi malı sata bilmədiyi üçün dövriyyədəki pulu qazanc gətirmir. İkinci halda isə vergi ödəmədiyi üçün həm cərimə olunur, həm də dövlət büdcəsinə zərər vurur. Gömrük Komitəsi isə “məndən keçsin, kimə dəyir dəysin” prinsipi ilə işlədiyi üçün yəqin ki, bu kimi amillər Səfər Mehdiyevin komandasını düşündürmür. Adi vətəndaşlar üçün də gömrük xidmətindən istifadə etmək heç də asan başa gəlmir. Bununla bağlı mütəmadi olaraq şikayətlər yayılır, hətta bir çox hallarda vətəndaşların üzləşdiyi problemlər videogörüntü vasitəsilə təsdiqlənir. Amma komitə fəaliyyətində heç bir redaktə etmir və görünən odur ki, “gömrükdə şəffaflıq” azərbaycanlılar üçün elə arzu olaraq qalacaq. Maraqlıdır ki, gömrük işçiləri ölkəyə əlində hansısa mal-məhsulla girən hər kəsi “alverçi” kimi görür. Bəhanəsi isə odur ki, ölkəyə gətirilən mallar bəyannamədə göstərilmir, gömrük işçilərini aldatmağa çalışırlar. Burada əslində, vətəndaş haqlıdır. Bu məqamda isə gündəmə Gömrük Komitəsinin 15 pilləli rüsum siyasəti gəlir. Qeyd edək ki, hazırda Gömrük Komitəsinin səlahiyyətinə görə gömrükçülər istənilən mala 0-15 faiz aralığında rüsum tətbiq edə bilər. Doğrudur, bu qanunvericiliklə tənzimlənir, amma görünən odur ki, komitə bu məsələdə də tənzimləməyə getmək niyətində deyil. Məsələn, 2 min manatlıq mala görə komitə 0 manat rüsum da tətbiq edə bilər, 300 manat da. Təbii ki, gömrükçülər əsasən ikincidən yararlanır, yəni 15 faiz rüsum tətbiq edirlər. Beynəlxalq təcrübədə isə gömrük rüsumları 3 pilləlidir. Belə ki, daxili bazarda istehsal malların idxalı zamanı sahibkar 3, əks halda isə gətirilən malın təyinatına uyğun olaraq 1-2 faizli rüsum tətbiq olunur. Strateji məhsullarda isə rüsum ümumiyyətlə alınmır (Bu siyahıda olan mal və məhsullar vəziyyətə uyğun olaraq dəyişir-müəl). Azərbaycanda da bu sisteminin tətbiq olunması təklif edilir. Belə ki, daxili istehsalı olan məhsullar ölkəyə yüksək, amma istehsalı olmayan, amma isehlakçının tələbatına uyğun olan məhsullar isə aşağı rüsumlar ölkəyə buraxılmalıdır. Bu sistemin tətbiqi həm də daxili bazarda qiymətlərin ciddi şəkildə aşağı çəkilməsinə səbəb ola bilər. Görünən odur ki, Gömrük Komitəsinin rəhbərliyi şikayətlərə əhəmiyyət vermədiyi kimi, təkliflərə də qapalıdır. Belə olmasaydı, gömrüklə bağlı ən yuxarı instansiyalara ünvanlanan və mətbuatda dərc olunan şikayətlərə reaksiya verilərdi. Xatırladaq ki, bir neçə gün əvvəl "Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 1-ci Vitse-prezident Mehriban Əliyevaya və digər əlaqədar dövlət qurumlarının rəhbərlərinə Gömrük Komitəsinin özbaşınalığı ilə əlaqədar müraciət edib. O, komitə sədri Səfər Mehdiyevin və onun baldızının oğlu Rəfail Niftəliyevin özbaşınalıqlarından şikayətlənib, baş verənləri faktlarla açıqlayıb. Lakin görünən odur ki, bu qəbildən şikayətlər Səfər Mehdiyev və ətrafını maraqlandırmır. Baş verənləri nəzərə alsaq, prosesin gedişatı Dövlət Gömrük Komitəsinin ləğvinə aparır. Qeyd edək ki, artıq bir ildən artıqdır ki, bu qurumun ləğv olunacağı ilə bağlı məsələ müzakirə olunur, ekspertlər bunun doğru qərar olacaını vurğulayır. Dövlət Gömrük Komitəsinin ləğv olunaraq Vegilər Nazirliyinə birləşdiriləcəyi gözlənilir ki, bu da bu sahədəki problemlərin həllinə aparar. Cebhe.info Geri qayıt |