Əsas Səhifə > Sosial, Manşet > Lerikin deputatı azmış kimi başçısı da narazılıq yaradır...
Lerikin deputatı azmış kimi başçısı da narazılıq yaradır...20-08-2019, 10:39 |
Lerik rayonun Kekonu və Sorsçay kəndlərinin sakinləri adından növbəti dəfə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunaraq kəndlərin əsas probleminin həll olunmasına köməklik göstərmələri xahiş olunub. Lerik rayonun Sorsçay kənd sakini, şəhid atası Bayraməli Bəbirovun yazdığı müraciətdə bildirilir ki, Lerik rayon İcra Hakimiyyəti Kekonu və Sorsçay kəndlərinin kiçik olmasını bəhanə gətirib, onları dovlət qayğısından kənarda saxlayıb. Müraciəti olduğu kimi təqdim edirik: “Hörmətli Prezident! Lerik rayonunun sərhəd bölgəsində yerləşən Kekonu və Sorsçay kəndləri müasir sivilizasiyadan kənarda saxlanılıb. Belə ki, abadlaşdırılmış rayonun mərkəzindən Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinə qədər müasir tələblərə cavab verən yol infrastrukturunun çəkilişinə başlanılsa da bu kəndlərdən cəmi 3 kilometr məsafədə yerləşən Kekonu və Sorsçay kəndlərinin sakinləri olaraq həm iqtisadiyyatdan, həm sosial inkişafdan, həm həyatdan, həm də ümumiyyətlə, sivilizasiyadan kənarda qalmışıq. Sizin Lerik rayonuna diqqətinizi Piran yolunun açılışı, cümlədən, Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinin yollarının abadlaşdırılması üçün verdiyiniz sərəncamlar və göstərişləriniz də bunu təsdiqləyir. Lakin Kekonu və Sorsçay kəndlərini müasir həyatdan ayıran cəmi 3 kilometrlik yolun inşa edilməməsi, ümumiyyətlə müvafiq qurumların kənd sakinlərinin yol probleminə diqqət ayırmaması onu təsdiqləyir ki, Sizin bu məsələdən xəbəriniz yoxdur, əks təqdirdə, mənzərə başqa cür olardı. Dəfələrlə Siz başda olmaqla müvafiq qurumlara müraciət edərək problemlərimizi bildirmişik. Lakin yerli icra orqanları Sizə yalan məlumatlar verərək, guya kənd yollarımızı təmir etdiklərini deyiblər. Hər bir ölkə vətəndaşı kimi gördüyünüz işləri dəstəkləyir, vətənimizin inkişafını görüb fərəhlənirik. Lakin bəzi məmurların əməlləri nəticəsində bizim kəndlərimiz – Kekonu və Sorsçay bu inkişafdan kənarda qalıb. Yalnız öz maraqlarını güdən, bunun üçün yeri gəlsə xalqın mənafelərini belə qurban verən vəzifə sahibləri sizin Lerikə göstərdiyiniz qayğıdan bizləri məhrum ediblər. Artıq keçilməz vəziyyətdə olan bu yollar kənd sakinlərinin həyatını daha da dözülməz edib. Dəfələrlə əlaqədar dövlət qurumlarına müraciət etsək də səsimizi eşidən olmayıb. Özlərini Sizin sadiq əsgərləri kimi qələmə verən Lerik rayon İcra Hakimiyyətinin məmurları əslində sizin xalqa göstərdiyiniz qayğıdan sui-istifadə edir, öz şəxsi maraqlarını qoruyurlar. Lerik rayonunun təbii qazla təmin edilməsi üçün həyata keçirilən layihələrdən də bizim kəndlər kənarda saxlanılıb. Lerik rayon İcra Hakimiyyətinin məmurları sanki bu iki kəndi – Kekonu və Sorsçayı görməzdən gəlirlər. Yerli icra məmurları bizim kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı heç bir iş görmürlər, infrastruktur və sosial layihələrdən kənarda saxlanılırıq. Cənab Prezident! Biz Lerik rayon İcra Hakimiyyətindən və rayonun müvafiq qurumlardan yolumuzun təmir olunmasını istəyirik. Yalandan bir traktor ayıraraq, guya yolumuzun genişləndirəcəyini dedilər. Amma yolda demək olar heç bir iş görülmədi və yolun keçilməz hissələrinin genişləndililməsi təmin olunmadı. Payız və qış aylarında kəndlərimizin yolları tam yararsız vəziyyətə düşür. Adicə yağışlı havalarda Kekonu və Sorsçay kəndlərinə minik avtomobilləri gedib-gəlmək olmur. Kəndlərin əhalisinin təcili tibbi yardıma ehtiyacı yarandıqda onları normal xəstəxanaya vaxtında yetişdirə bilmir. Biz bilirik ki, Prezident başda olmaqla Siz sərhədyanı kəndlərin abadlığına xüsusi diqqət yetirirsiniz. Düşünürük ki, axı necə ola bilər bütün vətəndaşların qayğısına qalan, gecə-gündüz ölkəmizin rifahı üçün çalışan Sizlər cəmi 3 kilometrlik yolu diqqətdən kənarda saxlasın. Cənab Prezident! Biz həmişə dövlətimizə güvənmişik.. Bizim yaşadığımız Kekonu və Sorsçay kəndlərinin kiçik olmasını bəhanə gətirib, bizi dovlət qayğısından kənarda saxlanıldığını rəsmilər bizə bildirir. Amma biz Sorsçay və Kekonu kəndlərinin sakinləri daim vətən eşqi həsrətində olmuşuq. Qarabağ uğrunda döyüşlərdə iştirak edən onlarla veteranımız var. Təkcə yaşadığım Sorsçay kəndində iki şəhid var – Bəşirov Sərxan Balabəy oğlu və oğlum Bəbirov Zahir Bayraməli oğlu. Biz şəhid valideynləri olaraq şəhid övladlarımızın məzarlarını ziyarət etməyə belə çətinlik çəkirik. Çünki kəndlərimizdə heç bir infrastruktur yoxdur. Hərdəm bizə elə gəlir ki, qonşu kəndlərin sakinləri müqayisədə Kekonu və Sorsçayda yaşayanlara dövlət ögey vətəndaşı kimi baxır… Siz Prezident kimi and içən zaman çıxışınızda bildirdiniz ki, “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacagam”. Bu sözlərinizə bizdə böyük ümidlər yaradıb. İnanırıq ki, Kekonu və Sorsçay kəndlərində yaşayanların da problemlərini həllnə göstəriş verəcəksiniz. Hörmətli Prezident! Kəndlərimizin problemləri ilə əlaqədar şəhid atası kimi məni qəbul etməyinizi xahiş edirəm. İnanıram ki, yazdığımız məktublar və şikayətlər sizə gəlib çatmır. Və Sizləri yalan məlumatlarla inandırmağa çalışırlar ki, bu iki sərhəd kəndində problemlər həll olunub. Amma biz burada orta əsrlər dövründəki vəziyyətdə yaşamağa davam edirik”. Geri qayıt |