Əsas Səhifə > Sosial, Manşet > İcra Hakimiyyəti 2-3 min manat pul alıb, qəzalı evləri yenidən tikir

İcra Hakimiyyəti 2-3 min manat pul alıb, qəzalı evləri yenidən tikir


29-08-2019, 10:27
İcra Hakimiyyəti 2-3 min manat pul alıb, qəzalı evləri yenidən tikir
Lerik rayonu Siyov kənd sakini Fərhad Muradov narazılıq edir. O, deyir ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinə, Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya dəfələrlə evinin qəzalı vəziyyətdə olması ilə bağlı məktub yazıb. DİA.AZ-ın məlumatna görə, naraz vətəndaşın şikayəti yerli İH-nə yönləndirilib, amma heç bir nəticəsi olmayıb:

“1997-ci ildə 7 bal gücündə zəlzələdən sonra ev tamamilə yararsız vəziyyətə düşdü. Əlli ilin evidir, uçulub-dağılır, zəlzələlər, yağışlar, torpaq sürüşmələri vəziyyəti daha da ağırlaşdırıb. İndi də evin aşağı hissəsi sürüşərək, gedir. Bu acınacaqlı durumu Lerik Rayon İcra Hakimiyyəti başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi də təsdiqləyib. Amma bir çarə tapmırlar, daha ora-bura məktub yazmaqdan yorulmuşam”.

“Lerik Rayon İcra Hakimiyyəti mane olur, imkan vermir ki, evlərə baxış keçirilsin. İcra Hakimiyyəti yeni evin tikilməsi üçün 2-3 min arasında pul alır. Siyov kəndində yeddi-səkkiz ev tikilib. Evi tikilən adamlar özləri danışır ki, pul veriblər. Burunlarından gəlsin, ev tikintisi üçün axı pul ayrılıb. Evin birinə 65-69 min manat pul xərclənir. Tikilən evlərə baxırsız, mənim evimdən daha yaxşı vəziyyətdədir. Elə ev var ki, çatı yox idi. Pulunu vermişdi, sökdülər, yerində təzədən ev tikdilər.

Qonşuluqda bir nəfər var, Ekologiya və Təbii Sərvətlər Nazirliyi onun evinin qəzalı və təhlükəli vəziyyətdə olmasına dair rəy vermişdi. Sənədləri əlindədir, ondan üç min manat pul istəyiblər, vermədiyi üçün evini tikinti planına salmayıblar. Adam var, illərdir Bakıda yaşayır. Onun evini tikiblər. Evdə yaşayış yoxdur, elə bomboş qalıb.

Bir dəfə icra nümayəndəsini gətirdim, dedim ki, özün bax evə, gör hansı vəziyyətdədir. O, da protokol tərtib edib, aktlaşdırdı. Məsələ ilə bağlı bələdiyyədən tutmuş, icra hakimiyyətinə qədər yazacağını dedi. Amma akt Lerik Rayon İcra Hakimiyyətinə gedib çatmadı”.

Fərhad Muradov deyir ki, ildə bir dəfə özü evin qəzalı yerlərində təmir işləri aparır: “Hər il evin çatlarını palçıqla doldururam ki, görünməsin. Çünki evimiz qonaqlı-qaralıdır. Məcburam ki, çatların üzərinə suvaq çəkib, rəngləyim. Evə suvaq çəkməsəm, rəngləməsəm bütün çatlar görünəcək. Həm də ilan-çayandan qorunmağa görə bu tədbirləri görürəm. Adam var döşəmənin rəngini sökürdü ki, evi köhnə görünsün, plana salsınlar. Mən də hər il təmir edirəm, amma nə olsun, altda çatlar qalır. Birinci mərtəbənin döşəməsi 20 santimetr aralanıb, taxtanı salırsan, 2 metr yerə qədər gedir. Evin içində, hamamda nə qədər ilan öldürmüşük”.

Geri qayıt