Əsas Səhifə > Sosial, Manşet > Qəbələ icra hakimiyyətinə qarşı ağır ittiham...

Qəbələ icra hakimiyyətinə qarşı ağır ittiham...


26-11-2019, 10:30
Qəbələ icra hakimiyyətinə qarşı ağır ittiham...
Qəbələ şəhərinin bir qrup sakini AYNA-nın redaksiyasına müraciət ünvanlayıb. Sakinlər, rayonun mərkəzi küçələrindən birinin bərbad və gediş-gəliş üçün əlverişsiz şəraitdə olmasından şikayət edirlər.

“Qəbələ rayonunda 2 böyük prospekt var. Biri rayonun yuxarı hissəsindən bazar istiqamətinə qədər uzanan Heydər Əliyev prospektidir, digəri isə rayonun nisbətən kənarında yerləşən akademik Zərifə Əliyevanın adını daşıyan küçədir. İkinci küçənin sağ və sol istiqamətlərində, təxminən 800-900 mənzil yerləşir. Sənəd üzərində bu küçəyə asfalt çəkildiyi qeyd olunsa da, ayrılan pullar mənimsənildiyi üçün küçəyə asfalt vurulmayıb və küçə sakinlərə problem yaradır”, - deyə sakinlər gileynəliblər.

Dediklərinə görə, Qəbələ Rayon İcra Hakimiyyətinə (RİH) etdikləri şikayətə verilən reaksiya qəribə olub: “Bir neçə dəfə Qəbələ Rayon İcra Hakimiyyətinə müraciət etdik ki, küçənin bərbad vəziyyətdə olması ən azından akademikin adına yaraşmır. Lakin şikayətimiz əsasında küçəni təmir etmək əvəzinə, adını dəyişdilər. Bir az da təmizlik işləri apardılar və proses bununla da sona çatdı. Artıq 20 ildir ki, küçə bu vəziyyətdədir. Yerli İcra Hakimiyyəti isə müraciətlərə heç bir müsbət cavab vermir”.

“Hətta küçənin, rayonun əsas istiqamətlərindən birində - Bakı-Şəki yolunun Qəbələdən keçən hissəsində yerləşməsi də onun acınacaqlı vəziyyətinə müsbət təsir göstərmir. Çünki bu günə qədər bu küçədə heç bir abadlaşma işləri aparılmayıb. Dəfələrlə Prezident tərəfindən Qəbələ rayonunun küçələrinin abadlaşması üçün vəsaitlər ayrılsa da, Qəbələdə yalnız bir küçədə təmir işləri aparılıb. Bütün vəsait də mərkəzi küçəyə xərclənib. Digər küçələrin əksəriyyəti isə arzuolunmaz vəziyyətdədir”, - şikayətçilər bildirirlər.

Qəbələ Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Abil Ağasəfov AYNA-ya verdiyi açıqlamada sakinlərin şikayətlərini əsassız adlandırıb: “Sakinlərin qeyd etdikləri küçə əslində Zərifə Əliyeva küçəsi deyil. Zərifə Əliyeva küçəsi asfatlanmış, işıqlandırılmış bir küçədir. Şikayət olunan küçə isə şəhərin digər yaşayış məntəqəsində yerləşir. Bu küçə də şəhərin genişləndirilməsi ilə əlaqədar dövlət proqramına daxil edilib. Əslində həmin ərazilər kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu üçün həmin küçəni vətəndaşlar özbaşına ərsəyə gətiriblər. Amma o təyinat dəyişəndən sonra həmin əraziyə asfalt salınacaq və yol çəkiləcək. Həmin ərazidə həm də evlərin qeydiyyata düşməsi məsələsi var ki, onun da dəyərləndirməsi gedir. Prezidentin sərəncamına uyğun olaraq bu işlər öz həllini tapacaq”.

A.Ağasəfov küçənin adının dəyişməsi iddiasını da təkzib edib: “Həmin küçə haqqında kifayət qədər məlumat var. Bu tikililərin hər biri sakinlər tərəfindən qeyri-qanuni olaraq yaradılıb. Yəni bunun sözügedən küçə ilə heç bir əlaqəsi yoxdur. Təyinat dəyişəndən sonra problemin həll olunacağını onlara izah etmişik. Sadəcə həmin ərazilər kənd təsərrüfatı təyinatlı olduğu üçün, hazırda vəsait ayırmaq mükün deyil”.

“Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən küçəyə ayrılan vəsaitin mənimsənilməsi də həqiqəti əks etdirmir. Biz şikayətçilərə problem haqqında dəfələrlə məlumat vermişik. Küçədə təmir-bərpa işlərinin aparılmasını biz də istəyirik. Amma həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu üçün hələlik heç nə etmək mümkün deyil. Torpaqların təyinatı dəyişən kimi bu problemlər öz həllini tapacaq. Lakin ilk növbədə təyinat dəyişməlidir. Bu da gələn il üçün nəzərdə tutulub”, - qurum rəsmisi əlavə edib.

Geri qayıt