Əsas Səhifə > Sosial, Manşet > Dövlət idarəetməsində FƏRQLİ KEYFİYYƏT:
Dövlət idarəetməsində FƏRQLİ KEYFİYYƏT:30-11-2019, 11:26 |
Son iki gündə Milli Məclisin buraxılması təşəbbüsünün irəli sürülməsi və Prezident Administrasiyasının yeni strukturunun təsdiqlənməsi ölkədə həyata keçirilən köklü islahatların məntiqi davamı kimi qiymətləndirilir. Azərbaycanda başa çatmaqda olan həftənin son günlərində atılanaddımlar ölkə gündəminin əsas müzakirə mövzusu olmaqla yanaşı, cəmiyyətdə də müsbət mənada ciddi hərəkətlilik yaradıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının srağagün keçirilmiş toplantısında Milli Məclisin buraxılması tövsiyəsi ilə YAP-çı deputatlara çağırış, sonunçuların da bununla bağlı preziident İlham Əliyevə müraciətlərinin doğurduğu ictimai reaksiya səngimədən Prezident Administrasiyasının yeni strukturunun təsdiqlənməsi bu təpkilərin miqyasını xeyli genişlədib. Təbii, Azərbaycanda, xüsusilə, bu ilin əvvəlindən sürət götürən və ölkə həyatının bütün sahələrini əhatə edən mühüm dəyişikliklər dalğasının ali qanunvericilik və icra hakimiyyətinə də “yetişəcəyi” gözlənilən idi. Buna qədər əhalinin sosial rifahının yaxşılaşdırılması, orta aylıq əmək haqqı, orta minimum əmək haqqı və təqaüdlərin artırılması ilə başlayan, daha sonra vergi, gömrük və məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin həyata keçirilməsi ilə davam edən bu islahatlar obrazlı desək, cəmiyyətdə ciddi gözlənti ovqatı yaratmışdı. O baxımdan, prezident İlham Əliyevin oktyabrın 15-də keçirilmiş müşavirədə ölkənin mövcud gerçəklərini ən açıq mətnlə bəyan etməsi bu gözləntiləri xeyli artırmışdı. Sözügedən müşavirədən cəmi bir neçə gün sonra yüksək dövlət məmurlarının istefaya göndərilməsi ilə aparılan islahatların fəlsəfəsinə və tempinə uyğun gəlməyən komanda üzvlərinin yola salınacağına dair xəbərdarlığın praktik icrasının şahidi olduq. Dövlət başçısının sərəncamı ilə Prezident Administrasiyanın yeni strukturunun təsdiqlənməsi isə cəmiyyətin vurğulanan dəyişiklik gözləntisini sözün tam mənasında aşdı. Mediada və sosial şəbəkələrdə aparılan müzakirələr, ekspert rəylərinə nəzər saldıqda, əksəriyyətin bu qərarı pozitiv təəccüblə qarşıladığı diqqəti cəlb edir. Hətta hakimiyyətin siyasətinə nisbətən tənqidi yanaşan çevrənin təmsilçiləri belə prezident İlham Əliyevin son qərarlarını “İnqilabı addım” təyini ilə ifadə etməkdədirlər. Reallıq bundan ibarətdir ki, artıq Prezident Administrasiyasında yeni strukturlaşma aparılıb və yeni kadrlar yüksək vəzifələrə təyinat alıblar. Bu, əlbəttə, dövlət idarəetməsində yeni keyfiyyət mərhələsinin başlanğıcıdır. Sözsüz ki, yeni mərhələyə tam keçid Milli Məclisə növbədənkənar seçkilər nəticəsində parlamentin tərkibinin müəyyənləşməsi ilə başa çatacaq. “Yeni Çağ” Analitik Qrupu Geri qayıt |