Əsas Səhifə > Sosial, Manşet > Məşhur tikinti şirkəti ətrafında yeni qalmaqal:

Məşhur tikinti şirkəti ətrafında yeni qalmaqal:


12-12-2019, 09:43
Məşhur tikinti şirkəti ətrafında yeni qalmaqal:
Xətai rayonu Nəsrəddin Tusi küçəsi 22A (əvvəlki ünvan Gəncə prospekti 29/80-81) ünvanda "Şərur" MTK-ya məxsus olan "Universal Servis" MMC tərəfindən 2005-2006-cı illərdə inşa olunmuş və 10 ildən artıqdır sakinlərin faktiki istifadəsinə verilmiş bina sakinlərindən şikayət var. Həmin binada yaşayan Əmlak Ekspert Mərkəzinin (ƏEM) rəhbəri Ramil Osmanlı AYNA-ya deyib ki, hər biri 128 mənzildən ibarət olan, 2 ədəd 1 bloklu çoxmənzilli binanın bir qrup sakini 10 il yaşadığı evini qeydiyyata aldıra bilmir.

““Şərur” MTK-ya etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq, binaların istismara qəbulu və qeydiyyata alınması üçün şirkət addım atmayıb. 19 fevral 2019-cu il tarixində ölkə rəhbərinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərmanı ilə ötən ay bizim yaşadığımız binalar da istismara qəbul olundu. Amma "Şərur" MTK rəhbərliyinin qanunsuz tələbləri 200-dən artıq ailənin konstitusion hüquqlarının təmin olunmasına əngəl yaradır. Məlumat üçün bildirim ki, qanunvericiliyin tələblərinə uyğun olaraq istismara verilmiş yeni çoxmənzilli binalarda ilkin qeydiyyat üçün tələb olunan sənədlər - MTK-ya borcun olmamasına dair maliyyə arayışı və MTK-nın protokolundan çıxarışdır”, - Osmanlı bildirib.

Onun sözlərinə görə, əksər sakinlərin əlində 5-10 il əvvəl təqdim edilmiş maliyyə arayışları olsa da, protokoldan çıxarışın alınması problemə çevrilib: “MTK rəhbərliyi faktiki olaraq sakinlərə protokoldan çıxarışı verməkdən boyun qaçırır və iddiasını bununla əsaslandırır ki, hər mənzildə, təqribən 3-10 kv.m. artıq sahə var və sakinlər həmin sahələrin pulunu (1800-6000 manat) bu günkü bazar qiymətləri ilə ödəməlidirlər. MTK-nın bu iddiası iftiradır, sakinlərdən əlavə pul almaq üçün ortaya atılmış uydurma, cəfəng bir kampaniyadır. Çünki, MTK-nın 2007-ci ildə bizə təqdim etdiyi binanın planında mənzil sahələri aydın görünür və sahələr 2016-cı ilə qədər müqavilələrlə eynidir, 1 kvadrat belə, fərq yoxdur”.

“Bundan başqa, şirkət bu iddianı ortaya atan günün səhərisi biz mütəxəssis dəvət edib bir neçə mənzilin eskiz layihəsini çəkdirdik və bu layihələrdə balkonlar daxil olmaqla, sahələr nəinki artıq, hətta əskik gəlir. Əskik sahələr 2, 3, 5, bəzi mənzillərdə, hətta 10 kvadrat metrdən artıqdır. "Şəhərsalma və Tikinti Məcəlləsi"nin tələblərinə görə, MTK balkon və terrasları satarkən müəyyən olunmuş kafsentləri nəzərə almalıdır, bu sahələr vətəndaşlara mənzil qiymətinin 30-50 faizindən artıq qiymətə satıla bilməz. Buna baxmayaraq biz, balkonların mənzil qiymətinə satılmasını qəbul edirik, hətta bu halda belə, sahələr müqavilədə göstərilən ölçülərdən az çıxır”, - ekspert vurğulayıb.

R.Osmanlı əlavə edib ki, MTK-nın sakinlərə təqdim etdiyi protokollardan çıxarışlarda külli miqdarda vergidən yayınma halları mövcuddur: “Belə ki, MTK-nın son günlərdə sakinlərə təqdim etdiyi maliyyə arayışlarında 100 kvadrat metrdən artıq sahəsi olan mənzillərin dəyəri 10 min manata yaxın rəsmiləşdirilib - hər kv.m. üçün təqribən 100 manat. Burada MTK-nın vergidən yayınması ilə yanaşı gələcəkdə ona qarşı ola biləcək iddialardan sığortalanma məqsədi də var. Hətta sakinlər məhkəməyə müraciəti də düşünürlər”.

AYNA əməkdaşı məsələ ilə bağlı “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovla əlaqə saxlayıb. O, səslənən iddiaları inkar edib: “Sənədlərin ləngiməsinin bir neçə səbəbi var. Bu insanlar ev istismara verildikdən sonra evin daxilində və çöl fasadında dəyişiklər ediblər, kimlərə isə pul verib, öz işlərini görüblər. Bundan başqa evin sahəsinin hesablanmasında yalan məlumatlar yazdırılıb, mənzilin sahəsi olduğundan az qeyd olunub. Satış şöbəsinin rəhbəri ilə əlbir olublar, özüm təyin etdiyim həmin şəxsi bu işlərinə görə şikayət etmişəm, həmin adam həbs olundu, 2 il sonra həbsdən çıxıb Moskvaya qaçdı. İndi isə biz də tələb edirik ki, yenidən səriştəli adam gəlib mənzillərin ölçüsünü, sahəsini hesablasın. Gizlədilən mənzilin sahəsi üçün pul ödənilsin”.

“Sənəd alanlar varmı” sualına aydınlıq gətirən MTK rəhbərinin sözlərinə görə, təqribən 31 nəfər alıb: “Qalan şəxslər öz səhvləri ucbatından özəlləşdirmə sənədini ala bilmirlər”.

İ.Axundov qeyd edib ki, problemin aradan qaldırılması üçün müvafiq dövlət qurumundan – Fövqəladə Hallar Nazirliyindan mütəxəssis cəlb olunmalıdır: “Bütün tərəflərin iştirakı ilə mənzillərə təkrar baxış keçirilsin, yenidən ölçülər götürülsün. Qiymətləndirmə aparıldıqdan sonra lazım olan sənədlər veriləcək. Əks halda biz özümüz həmin mənzil sahiblərini məhkəməyə verəcəyik”.

Qeyd edək ki, “Şərur” MTK ətrafında tez-tez qalmaqallar yaşanır. Əvvəllər bu şirkətin bir mənzili bir neçə nəfərə satması barədə də şikayətlər gəlirdi.

Geri qayıt