Əsas Səhifə > Sosial, Manşet > “Həkim bir müalicə yazdı ki, az qaldı ölüm”

“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm”


16-01-2020, 09:26
“Həkim bir müalicə yazdı ki, az qaldı ölüm”
DİA.AZ-ın məlumatına görə, Sabirabad rayonunun Ahıska sakini, 39 yaşlı Elnurə Zeynalova danışır ki, Elnurə Zeynalova 28 fevral 2018-ci ildə Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində nazik bağırsaq keçməzliyi diaqnozu ilə əməliyyat olunarkən ehtiyat bankından alınmış və ona köçürülmüş qan vasitəsilə Hepatit C infeksiyasına yoluxub. Ancaq xəstəliyə məhz həmin xəstəxanada yoluxmasını xəstəxana rəhbərliyi boynuna almır.

“Əməliyyatdan əvvəl cərrah dedi, qan lazım olacaq, beş qohumum gəldi, xəstəxananın laboratoriyasında qan verdi. 5 nəfərin verdiyi qanın qarşılığında mənə 70 qram qan vuruldu, vurduqları qanla da məni Hepatit C-yə yoluxdurdular”, - şikayətçi deyir.

Elnurə Zeynalovanın sözlərinə görə, əməliyyatdan bir müddət sonra yüksək hərarət və halsızlıqdan əziyyət çəkib. Həkimə müraciət edib, qan analizlərinin nəticələri ürəkaçan olmayıb: “Hətta qan nümunəmi Türkiyəyə də göndərdilər, Hepatit C təsdiqləndi. Xəstəxanaya müraciət etdim, dedilər ki, ola bilsin ərindən yoluxmusan. Həyat yoldaşımın da, övladlarımın da qanı analiz olunub və onlarda bu virus aşkar edilməyib. Üstəlik, mən eyni xəstəxanada ikinci dəfə idi əməliyyat olunurdum, hər dəfə də əməliyyatdan əvvəl qanım analiz olunurdu və təmiz çıxırdı. Dediyim kimi, bunlar mənim başıma ikinci əməliyyatda 70 qram qan köçürülməsindən sonra gəldi”.

Elnurə Zeynalova Səhiyyə Nazirliyinə müraciət edib. Səhiyyə Nazirliyi də qanın analizi üçün onu Qanköçürmə İnstitutuna yönləndirib: “Mən nazirliyə şikayət etmişəm ki, Qanköçürmə İnstitutunun ehtiyat bankındakı qanla xəstəliyə yoluxdurulmuşam. Nazirlik mənə təzədən həmin İnstituta yönləndirir ki, get, orda qan analizi ver... Mən ora niyə getməliyəm? Gedim, bu dəfə də başqa xəstəliyə yoluxdursunlar? Üstəlik də, qan nümunələrim həm Azərbaycanda, həm də ölkədən kənarda dəfələrlə analiz olunub və hər dəfəsində də Hepatit C təsdiqlənib. Mən hər dəfə nazirlikdən şikayətimi araşdırmağı istəyəndə, şikayətimi araşdırmaq əvəzinə təzədən qan analizi verməyə göndərir”.

Elnurə Zeynalova imkansızlıqdan müalicə oluna bilmir: “Kənddə kasıb bir ailəyik, iki övladım var, birinin gözü görmür, əməliyyat etdirdik, faydası olmadı. İki kurs müalicə yazıldı, hər kurs azı 2500 manat xərc tələb edir. Səhiyyə Nazirliyinə müraciət etdim ki, həkimləriniz məni bu günə salıb, heç olmasa kömək eləyin, ölməyim, balalarım ortalıqda qalmasın. Nazirlik 1 saylı Şəhər Kliniki Xəstəxanasına yönləndirdi. Orada 5 aylıq pulsuz müalicə kursu yazıldı. Yazılan dərman preparatlarına orqanizmim davam gətirə bilmirdi, hərarətim 42-yə çatırdı, halsızlaşırdım, qusurdum, bayılırdım. Hər dəfə o iynə-dərmanı qəbul edəndən sonra mənimçün evə bir neçə dəfə təcili yardım çağırırdılar. Bütün bunlar da başıma gələndən sonra müalicə həkimi bildirdi ki, bu dərman preparatlarını qəbul etmək üçün azı 50 kiloqram çəkin olmalıdır. Mənimsə xəstəlikdən vur-tut 32 kiloqram çəkim qalmışdı. Ona görə də müalicə yarımçıq qaldı. Sonra yenə düşdüm qaldım özəl xəstəxanaların qapılarında, 2500 manatdan çox xərcim çıxdı, yoldaşım daha borc almağa adam tapmadığı üçün o müalicə də yarımçıq qaldı. Durumum çox ağırdır, istədiyim odur ki, məni necə bu dövlətin Qanköçürmə İnstitutu Hepatit C-yə yoluxdurub, elə də bu dövlətin ixtisaslı həkimləri məni müalicə eləyib sağlam həyatıma qaytarsın”.

Elnurə Zeynalova Ombudsmana da müraciət edib. İstəyib ki, Ombudsman onu Hepatit C-yə yoluxdurmuş xəstəxana həkimlərinin cəzalandırılması üçün müvafiq orqanlara müraciət etsin. Ombudsman Aparatı şikayəti araşdırılması üçün Səhiyyə Nazirliyinə göndərib. Səhiyyə Nazirliyi də Ombudsman Aparatına cavab məktubu yazıb ki, məsələ araşdırılıb və Elnurə Zeynalovanın Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində qan köçürülməsi nəticəsində Hepatit C-yə yoluxması ilə bağlı dedikləri təsdiqini tapmayıb.

Geri qayıt