Əsas Səhifə > Sosial, Manşet > "Sizin səsiniz rol oynamır, mandatım cibimdədir"
"Sizin səsiniz rol oynamır, mandatım cibimdədir"28-01-2020, 11:13 |
Baxıram, bəzi saytlar: “Lerikin ən layiqli namizədi – İqbal Məmmədov” sərlövhəli yazılar paylaşırlar. Arzu edirəm, cənab prezidentin dəyişiklik – islahatları mətbuata da gəlsin, bu məmurların əlindən media alınsın. Bu harda görsənib ki, dövlət məmuru media saxlasın?! Səbəb, niyyət nədir?!. Gələk, hörmətli İqbal Məmmədova yazılan “tərif yazıları”na… Mən heç vaxt inanmaram ki, öz adına, şəxsiyyətinə, peşəsinə az da olsa, hörmət edən kimsə nəyinsə müqabilində məddahlıq etsin, yalan yazsın… Hələ, yazmaq bir kənara, bunu adına “ölkənin mediası” deyən media qurumları da tirajlasın?! Heç utanmırsınızmı?!. İki gündür Lerikdə kəndləri bir-bir gəzirəm. İnsanların ah-naləsindən xəbəriniz varmı?!. Tərif yağdırdınız, hörmətli Hacıya sual etmirsiniz ki, keçirdiyi görüşlərin video görüntülərini niyə yaymır?!. O görüşlərdə iştirak edən lerikliləri mən çəkmişəm. Çox qısa zamanda yayacağam, baxarsınız, utana bilsəniz, utanarsınız… Unutmayın, pul hər şey deyil! Bir az da bu dövləti pulsuz, mənfəətsiz sevin! Hansı ki, bu gün bəh-bəhlə nəyinsə müqabilində ictimai fikrə sırımaq istədiyiniz adamı öz yerində qəbul etmirlər. Və bu narazılıq Lerikdə ölkə miqyasında ciddi narazılığa gətirib, çıxara bilər ki, bu bizə lazım deyil! Rayon İcra Hakimiyyətinin Başçısı, müavinləri konkret insanları hədələyirlər. Hər şeyini itirən insanlar daha təhlükəli deyilmi?.. Yəni, sizlərin ortaq biznesləriniz bu ölkənin taleyindən bu qədərmi üstündür?!. Mən gözəl anlayıram, İqbal müəllimin oğlu və qohumları dövlətə əl qaldırdıqları üçün həbsdədirlər – Allah qapılarını açsın – ona görə də deputat olması vacibdir ki, martda oğlu azadlığa çıxsın. Təki, çıxsın, daha tez çıxsın. Hansısa bir gəncin bir saat belə, azadlıqdan məhrum olmasını istəmərəm. Amma… Bu işin amması bir az çox uzundur. Çünkü burda səbəb təkcə o deyil. Burda milyonluq layihələr, bizneslər və s. Hətta dövləti aldadaraq, küllü miqdarda korrupsiya halının da olduğunu dilə gətirsək, yanılmarıq!.. Əziz, dəyərli həmkarlarım deməyəcəyəm, jurnalistlər! Mən başa düşürəm, siz də yaxşı yaşamaq istəyirsiniz. Amma pula görə nahaqqı haqq kimi qələmə vermək çox ayıbdır! Hər şey bu dünya ilə bitmir. Hətta bitsə belə, yaşadığınız müddətdə vicdanınız (olmaya da bilər) sizi sızlatmasa da, mütləq hər əməlinizlə qarşılaşacaqsınız!.. Həyat bumeranqdır axı… Dövlət başçısı və onun komandası açıq-açığına ciddi dəyişikliklərə start verib, ölkəni dəyişir. Prezident hər çıxışında da xalqa istinad edir. Amma xalqa istinad etməyən: “Sizin səsiniz rol oynamır, mandatım cibimdədir” – deyib, insanlara yuxardan aşağı baxan, onları aşağılayanların bu əməlləri insanların inamını qırır, görülən işləri ləkələyir. Hansı ki, Lerikdə görüşdüyüm hər bir vətəndaş dövlət başçısını sevdiyini, onun siyasətini dəstəklədiyini, açıq dilə gətirir. Onu da bilirlər ki, dövlət nə lazımdırsa, edir, lakin yerli icra məmurları və onlara yuxardan baxan deputatları onu xalqa göstərmir, sanki bilərəkdən insanları dövlətdən, onun başçısından narazı salmağa çalışırlar. Lakin insanlarımız da ayıqdı. Baxın, yerlərdə bu kimi haqsızlıqlar olduğu üçün insanlar hakimiyyətdən narazı düşür. Bu adamlar yerlərə xalqla hakimiyyət arasında körpü yaratmaq üçün göndərilmələrinə baxmayaraq, çox böyük uçurum yaradıblar… Elə bir uçurum ki, dibi çox dərindi… Hər zaman bu fikirdəyəm ki, fərdlərdən öncə dövlət gəlir. Hər şey dövlət üçün, Azərbaycan üçün olmalıdır! Bir İqbal Məmmədovun və onun biznes ortaqlarının maraqlarına görə bu qədər Lerik camaatını görməzdən gəlmək olarmı?.. Bu qədər narazılığın fonunda, Yeni Azərbaycan Partiyası kimi bir partiyanın İqbal Məmmədov kimi birini namizəd etməsi nə dərəcədə düzdür?! Hər nə isə, biz dövlətimizi, bayrağımızı qorumalıyıq. Hər bir kəsin vəzifə borcu olmalıdır ki, yerlərdəki hadisələri ictimailəşdirib, diqqətə çatdırsın. Dövlət də əsl, dəqiq informasiyanı müəyyənləşdirib, qərar verə bilsin. Çünki dedik axı, DÖVLƏT BABAnın əsas istinad nöqtəsi xalqdır, onun istəyidir! Çox yaxında Lerikdən eksklüziv görüntüləri ReaksiyaTV-də izləyəcəksiniz… Haqq-ədalət qalib gəlsin! Zaur Qəriboğlu Reaksiya.az Geri qayıt |