Əsas Səhifə > Sosial, Manşet > "Uşaqları məktəbə göndərməyə də gücumuz çatmır..."
"Uşaqları məktəbə göndərməyə də gücumuz çatmır..."5-02-2020, 09:56 |
Kürdəmirin Xırdapay kəndinin bir-birindən fərqlənməyən, “əldən düşmüş” evlərinin sırasında bir həyətə daxil oluruq. Qarşımıza çıxan ağsaçlı qadının sonradan cəmi 35 yaşı olduğunu öyrənirik. Qayğılar Günel Süleymanovanın belini büküb. Çox danışmaq istəmir, sanki nədənsə çəkinir. Altı uşağı olduğunu utana-utana deyir. Uşaqlara görə ailəyə cəmi 330 manat gəlir, bunun da 260-nı kredit borcunu ödəməyə xərcləyirlər. Günel çox pis yaşadıqlarını deyir. Həyat yoldaşı heç bir yerdə işləmir, hərdən fəhləlik edir. Böyük oğlu 10-cu sinifdə oxumalıdır, amma imkansızlıqdan üç ildir məktəbə getmir. Qadının nə danışmasından asılı olmayaraq, ilk təəssürat ailənin böyük çətinliklərindən xəbər verir. Ananın danışdıqlarına diqqətlə qulaq asan uşaqların geyimi çox nimdaşdır. Evə daxil olmuruq, amma buranın çox şəraitsiz olduğunu sezmək elə də çətin deyil. Günel az danışır. Uzun təkiddən sonra, nəhayət, səbəbini öyrənirik. Ehtiyat edir ki, bizə problemləri danışması həyat yoldaşının acığına gələr. Elə-hey deyir ki, “özü gəlsəydi, lap əla olardı”. Çox çətinliklə fotosunu çəkməyə razı sala bilirik. İndi qalır həyətdə Günelin həyat yoldaşını gözləmək... Qabil Süleymanov söhbətləşməyə heç bir etiraz etmir. İşsiz olduğundan, evə adicə çörək almağın çətinliklərindən danışır: “Bu dəqiqə fəhləlikdən gəlirəm. Gözləyirəm ki, kimsə zəng vuracaq, iş olacaq. “Voyenkomat”ın yanında fəhlə bazarı var. Nə qədər adam çıxır ora. Hamısı məcburdu. İnanın, dörd gündü heç iş yox idi. Bəzən 10-15 gün iş olmur. Camaatda pul da yoxdu”. Qabil danışır ki, bəzən zibil yığmağa da gedir. Yəni hər cür işə razılaşır ki, təki evə pul apara bilsin. Anası pensiyasından onlara kömək edir, amma ailənin minimum xərclərinin öhdəsindən gəlmək mümkün deyil: “Anam özü də xəstədi. 70 yaşı var, indi onun özünə qulluq lazımdır”. Qabil həyat yoldaşının danışdıqlarını təsdiqləyir. Krediti ev şəraitini yaxşılaşdırmaq üçün götürüblər. Çünki evin düz-əməlli döşəməsi də yoxdur: “Uşaqları məktəbə göndərməyə də gücumuz çatmır. Ona görə də oğlum daha gedə bilmədi. O biri uşaqların məktəb ləvazimatını axırıncı dəfə məscid vermişdi. Çox pis dolanırıq. Nəyə istəyirsiz and içim, ət yediyim yadıma gəlmir. Kimdənsə ummaq da olmur. Qohum-əqrəbanın da vəziyyəti pisdi”. Qabil dərdlərini deyə biləcəkləri hər yerə üz tutduğunu söyləyir. Hətta bir dəfə televiziya verilişinə də çıxmağa cəhd göstərib. Dövlət orqanlarından isə laqeydlik görüb. Qabilin dediyinə görə, kəndə suyu camaat pulla çəkdirib, imkansızlıqdan onun ailəsi kənarda qalıb. İndi su maşınlarına pul ödəyib problemi həll etməyə çalışırlar. “Bir adam gəlib soruşmur ki, necə dolanırsız, bəlkə acından ölürsüz? Baxın, neçə yaşım var, başqasının paltarlarını geyinirəm. Adicə çimmək üçün nə qədər zülm çəkirik. Qaza 400 manat borcum yaranıb. Keçən ay kəsirdilər. 20 manat ödədim, yazıqları gəldi. Yoxsa uşaqlar soyuqdan qırılardı”, - Qabil Süleymanov danışır. Ailənin əsas istəyi sosial yardım almaqdır. Bunun üçün çox çalışıblar, həmişə rədd cavabı alıblar. “Elə adamlar sosial yardım alır ki, “X6” sürür, həyətində 100 qoyunu var. Necə olur ki, onlara yardım düşür, amma mənim bu vəziyyətdə olan ailəmə düşmür? Kimin pulu varsa, ona da yardım verirlər”, - Qabil vəziyyəti belə izah edir. Ata çox şey danışır. Deyir ki, evə daha çox çörək almağa çalışır ki, heç olmasa, uşaqlar qarnını bununla doyursun... Geri qayıt |