Əsas Səhifə > Sosial, Manşet > Virusla mübarizədə uğurlu Azərbaycan formulu: Dövlət-xalq həmrəyliyi

Virusla mübarizədə uğurlu Azərbaycan formulu: Dövlət-xalq həmrəyliyi


20-03-2020, 11:33
Virusla mübarizədə uğurlu Azərbaycan formulu: Dövlət-xalq həmrəyliyi
Bütün dünyanın diqqəti koronavirusla mübarizəyə yönəlib.

Dünyanın 176 ölkəsində 200 mindən çox insan bu virusa yoluxub. Daha çox insan yoluxmasın deyə ölkələr müxtəlif önləyici tədbirlər həyata keçirir. Hələ ki, konkret nəticə olmasa da, alimlər virusun vaksinini axtarırlar. Hələlik real nəticə olmasa da, axtarışlar davam edir. Mövcud imkan və dərmanlar hesabına sağalan xəstələrin sayı göstərir ki, bütünlükdə dünya bu problemdən qurtula biləcək, hələlik ƏSRİN BƏLASI sayılan bu pandemiya tezliklə yeniləcək.

Azərbaycanda kütləvi olmasa da, virusa yoluxanlar var. Ölkəmizdə indiyə kimi 33 nəfərin virus daşıyıcısı olduğu bildirilir və onlardan da artıq 7 nəfər sağalaraq, normal həyata qayıdıb. Ölkəmizdə virusa yoluxanların hamısı xaricdən gələnlərdir. Bu da onu göstərir ki, ökənin daxilində virus yayılmayıb. Ekspertlər hesab edirlər ki, bunun əsas səbəbi Prezident və Birinci vitse-prezidentin birbaşa nəzarəti ilə Azərbaycan hökumətinin virusla mübarizədə taktiki-strateji addımlarının düzgün müəyyənləşdirilməsidir. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana dəvət olunmuş mütəxəssislərinin apardıqları monitorinqlər də bunu təsdiqləyir.

Ölkədə koronavirusla mübarizə sahəsində təxirəsalınmaz tədbirlər kütləvi yoluxmanın qarşısını almaq üçün böyük əhəmiyyət daşıyır. Tədris prosesinin dayandırılması, virusun yayıldığı və ölüm hallarına görə dünyada ilk üçlükdə dayanan İranla sərhədlərin zamanında bağlanması, xarici ölkələrdəki azərbaycanlıların ölkəyə təxliyyə edilməsi dövlətin öz vətəndaşını qorumasına yönəlik addımlardır. Ekspertlərin rəyinə görə, virusa kütləvi yoluxmanın, ölüm hallarının qarşısını almaq üçün bu qəbildən tədbirlər xüsusi önəmə malikdir və izolyasiya tədbirləri vəziyyəti nəzarət altında saxlamağa imkan verir. Bu baxımdan, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın ictimaiyyətin məlumatlandırılması istiqamətindəki tədbirləri və bu məsələdə KİV-in dəstəyinin xüsusi rolu var. Təbii ki, izolyasiya tədbirləri, əhalinin qorunması üçün qərarların zamanında verilməsi ölkə rəhbərliyinin məsələni birbaşa nəzarətdə saxlamasının nəticəsdir. Zamanında müdaxilə hətta ən ağır xəstəliklərin müalicəsində belə təsirli olduğu kimi, mövcud şəraitdə hətta radikal tədbirlərlə bağlı qərar qəbulu da xilasedici faktor sayılır. Bütün bunlar nəzərə alınaraq, ölkə üzrə izolyasiya tədbirlərinin tətbiqi və hətta Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı xalqa müraciətində bildirdiyi kimi, gərəkli olarsa, fövqəladə vəziyyətin elan olunması əhalinin mühafizəsinə yönəlmiş addım kimi xüsusi dəyərləndirilir.

Vəziyyətin təhlili göstərir ki, əhali arasında hər hansı təşviş, panika yoxdur. Səbəb situasiyanın düzgün dəyərləndirilərək vətəndaşların mühafizəsinə yönəlik qərarların gec olmadan qəbulu və vətəndaş-dövlət həmrəyliyidir.

Bu məsələdə ölkə rəhbərliyinin iradəsi göz önündədir. Ölkə əhalisi vəziyyətin birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarətində olduğunu bilir. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə bu məsələlərə toxunması, koronavirusla mübarizə edən tibb işçilərinin əmək haqqının 3-5 dəfə artırılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, virusla mübarizə üçün 1 milyard manatın ayrılması vəziyyəti tam nəzarət altına almaqla yanaşı, həm də sosial təminatı zəif olan şəxslərin dəstəklənməsi, virusun iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılmasında sahibkarlara dəstək baxımından da xüsusi önəm daşıyır. Tibbi ləvazimatlara ehtiyacın çox olduğu, bəzi işbazların bilərəkdən tibbi maska qıtlığı yaratdığı bu günlərdə Prezidentin tapşırığı ilə bir gecədə yüzlərlə süni tənəffüs aparatının alınaraq ölkəyə gətirilməsi (dünyanın əksər ölkələrində məhz bu aparatlar çatışmır), Heydər Əliyev Fondu tərəfindən tibb müəssisələrinə zəruri tibbi ləvazimatların paylanması xalqı rahatladan tədbirlər oldu.

Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciətindəki səmimi ton isə həm də dövlətin hər bir vətəndaşının qayğısına qaldığını bir daha sərgilədi. İndiki şəraitdə bu, öz təsir gücünə görə heç də tibbi müdaxilədən geri qalmır. Vətəndaş indiki situasiyada dövləti və onun rəhbərlərini öz yanında hiss edir. Bütün dünyanı sarsan bu bəladan daha az itki ilə çıxmağın formulu dövlət-vətəndaş əməkdaşlığıdır ki, Azərbaycanda bu formul faktiki uğurunu göstərir.

Rəsmi qurumlar üzərlərinə düşən vəzifələrin öhdəsindən maksimum nöqsansız gəlməyə çalışır, insanlar problemin mahiyyətini dərk edir, media bu məsələdə öz maarifləndirici rolunu çox düzgün həyata keçirir. Bütün bunlar göstərir ki, Azərbaycan aparılan uğurlu və düşünülmüş taktiki-strateji tədbirlər hesabına ƏSRİN BƏLASIndan maksimum az itki ilə çıxmağı bacaracaq.

Cebhe.info Analitik Qrupu

Geri qayıt