Əsas Səhifə > Sosial, Manşet > Elman Rüstəmovun yerinə onu gətirirlər...

Elman Rüstəmovun yerinə onu gətirirlər...


3-04-2020, 11:38
Elman Rüstəmovun yerinə onu gətirirlər...
DİA.AZ: - Məlum olduğu kimi, bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır. Qeyd edək ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib. 9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb. Ümumiyyətlə isə, 68 yaşlı E.Rüstəmov 25 ildir ki, AMB-yə rəhbərlik edir.

DİA.AZ-a daxil olan son məlumata görə, yaxın günlərdə Elman Rüstəmovun yerinə kimin gətiriləcəyi məlum olacaq. Mənbə bir neçə namizədin şansının olduğunu qeyd etməklə yanaşı, daha şanslı iddialının da kimliyini açıqlayıb. dia-az.life-a verilən xəbərə görə, bu hazırda "Paşa Bank"ın Baş İcraçı direktoru və İdarə heyətinin sədri postunu tutan Taleh Kazımovdur.

Elman Rüstəmovun yerinə onu gətirirlər...

Qeyd edək ki, Taleh Kazımov ənənəvi və rəqəmsal bankçılıq sahəsində kommersiya və investisiya bankçılığı, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir. O, 1 iyul 2015-ci il tarixində PAŞA Bankın Baş icraçı direktoru və İdarə heyətinin sədri vəzifəsinə təyin olunmuşdur.

Öncəki dövrdə Taleh Kazımov PAŞA Bankın Baş investisiya inzibatçısı və İdarə heyətinin üzvü qismində çalışmışdır və tabelçiliyində biznesin inkişafı, institusional və investisiya bankçılığı, korporativ və KOS-bankçılıq, və risklərin idarə olunması sahələri olmuşdur. Cənab Kazımov PAŞA Banka 2007-ci ildə Risklərin idarə edilməsi departamentinin meneceri olaraq qoşulmuş, 2009-ci ildə isə Bankın Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə yüksəlmişdir.

Cənab Kazımov maliyyə sektorunda peşəkar karyerasına 2004-cü ildə Bank Standard-da Xəzinədarlıq departamentinin aparıcı mütəxəssisi qismində başlamış, daha sonra isə Uçotun idarə olunması və büdcə planlaşdırılması seqmentinin rəhbəri, Korporativ kreditləşmə seqmentinin direktor müavini vəzifələrində çalışmışdır. Eyni zamanda, Cənab Kazımov 2006-cı ildə "Ernst and Young" şirkətində auditor vəzifəsində də işləmişdir.

Ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində almışdır. Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə və ABŞ-ın Georgia State Univercity-ində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını müvəffəqiyyətlə bitirmişdir.

Taleh Kazımov 2015 – 2018-ci illərdə “PAŞA Bank Gürcüstan” ASC-nin Müşahidə şurasının üzvü, 2015-2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar şurasının üzvü və Vitse-Prezidenti olmuşdur.

Hal-hazırda, cənab Kazımov “PAŞA Yatırım Bankası” A.Ş.-də Direktorlar Şurasının üzvü qismində təmsil olunur. Eyni zamanda, cənab Kazımov “PAŞA Bank” ASC-nin tərkibində yaradılan Rəqəmsal Labaratoriyanın Baş Rəqəmsal İnzibatçısıdr.

Cənab Taleh Kazımov 2019-cu ilin aprel ayında Avropanın nüfuzlu “EMEA Finance” jurnalı tərəfindən “European Banking Awards” mükafatı çərçivəsində Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə 2018-ci ilin yekunlarına görə “İlin ən yaxşı Baş icraçı direktoru” adlı mükafata layiq görülmüşdür.

dia-az.life bildirir ki, belə bir peşəkar kadrın Mərkəzi Bankın rəhbərliyinə gətirilməsi hal-hazırda ciddi problem yaşayan bank sektorumuzda böyük inqilabi dəyişiklərin və ən əsası - yaxşılığa doğru dəyişikliklərin baş verməsi ilə müşaiyət oluna bilər.

Geri qayıt