Əsas Səhifə > Sosial, Manşet > “İcra hakimiyyətinə çox yalvardım”

“İcra hakimiyyətinə çox yalvardım”


24-04-2020, 10:10
“İcra hakimiyyətinə çox yalvardım”
Sabirabadın Xəlfəli kəndində qızı və nəvəsi ilə birlikdə yaşayan Əzbikə Qarayevanın problemləri çoxdur. DİA.AZ xəbər verir ki, yaşadıqları yeri ağızdolusu ev də adlandırmaq olmur. Bura evdən daha çox vaqona bənzəyir. Əzbikə Qarayeva deyir ki, yaşadıqları yeri qohum-qonşunun sayəsində ev halına gətirməyə çalışıblar. Çünki daşınan tikilidir, müvəqqəti sığınacaq xarakteri daşıyır.

“Dəmiryolu kazarmasında yaşayırdıq, sonra hökumət sökdü. Neçə ay qapılarda qaldıq. Hərə bir söz dedi. Çox çətinliklər gördük. Yaşamağa yerimiz qalmamışdı. Axırda nəvəm atasına zəng elədi ki, küçədə qalmışıq, bizə heç olmasa, “fin evləri”ndən almağa kömək elə. Bu evlər taxtadandı, bir yerdən başqa yerə aparmaq olur”, – qadın köhnə günləri xatırlayır.

Ailə yaşayış vəziyyətini düzəltmək üçün çox çalışıb. Əzbikə Qarayeva danışır ki, hətta Sabirabadın İcra Hakimiyyətinə də gedib.

“Gedib dərdimizi danışdım. Çox yalvarıb-yaxardım. Axırda icra başçısının müavini gətirib 500 manat verdi. Uşağın atası da kömək elədi, özüm də yemədim, pul yığdım, axır ki, 1500 manata bu evi aldıq. Yer olmalıydı ki, o evi qoyaq, yaşayaq. Amma o yeri tapa bilmədik. Axırda evi qardaşımın həyətinə yerləşdirdik, o vaxtdan da burada yaşayırıq”.

Birotaqlı “ev”də çox əşya gözə dəymir. Çarpayı, dolab, “əldən düşmüş” divan və bir də soba. Əzbikə xanım deyir ki, qışı ordan-burdan odun tapıb qızınmaqla keçiriblər: “Qohum-qonşu qurumuş ağacları verir. Bir zülmlə doğrayıram. Balta vurmaqdan qolum elə ağrıyırdı ki, gecə səhərə qədər yata bilmirdim. Başqa çarə də yoxdur. Hardansa odun qırıb gətirəndə də cərimələyirlər. Bir Allah bilir ki, qışı hansı əziyyətlərlə başa vurduq”.

Əzbikə Qarayevanın dediyinə görə, kənddə bir çox evə qaz çəkilib, amma onun ailəsinə “yox” cavabı veriblər. Sonradan çox çalışsalar da, təbii qaz problemini həll edə bilməyiblər: “Qaz idarəsindən gələndə qardaşım oğlu dedi ki, bizim üçün də çəksinlər. Eləmədilər. Pulum olmadı deyə, qazım da yoxdu”.

Söhbətimizi dinləyən Əzbikə xanımın qardaşı oğlunun həyat yoldaşı deyir ki, qaz çəkdirəndə ümumilikdə 800 manat xərcləri çıxıb. Dediyinə görə, pulu da kredit götürüb veriblər. Qadın hələ iki il borc ödəyəcəklərini bildirir. Əzbikə xanım bu yerdə deyir ki, onsuz da 800 manata gücləri çatmayacaqdı: “Deyirlər ki, qaz çəkdirmək üçün dövlətə pul ödənilməlidir.

Ailənin çətinliklə dolandığını hiss etmək çətin deyil. Əzbikə Qarayeva deyir ki, yaşayış yeri düzəltmək üçün götürdüyü kredit hələ də bitməyib, 230 manat pensiyasının bir hissəsini borca ödəyir. Qızı bir neçə il əvvəl boşanıb, xəstə övladı ilə anasına sığınıb. Aliment də almırlarlar. Əzbikə xanımın nəvəsinin əziyyət çəkdiyi xəstəliklər var, bunun da öhdəsindən gəlməyə çalışırlar.

“O 230 manatın bir hissəsi kreditə gedir. Başqa bir nəfər adıma pul götürüb, ödəmədi. Yenə özüm götürsəydim, yandırmazdı. Qalan hissəsi də uşaqın dərmanlarına, yavan çörəyə heç çatmır. Qızım gedib cücə zavodunda ağız açdı ki, onu işə götürsünlər. Canı əl vermir. Amma yenə də gecə qalır orda. Növbəli işin necə ağır olduğunu bilirsiz. Uşaq elə-hey soruşur ki, anam niyə gəlmədi? ”, – Əzbikə Qarayeva qızının çox əziyyət çəkməsindən danışır.

Ailənin vəziyyəti sosial yardım kəsiləndən sonra bir az da ağırlaşıb. Əzbikə xanımın nəvəsinin 9 yaşı tamam olan kimi yardımı dayandırıblar: “Getdim idarəyə. Dedim, axı bütün sənədləri qaydasındadır. Doqquz yaşı var bu uşağın, işləyib qazanc gətirən böyük adam deyil ki! Niyə yardımını kəsirsiz? Belə çətin vaxtda bunsuz necə yaşayaq? Ümumiyyətlə, pulsuz necə yaşamaq olar?”.

Ailənin vəziyyəti sosial yardım kəsiləndən sonra bir az da ağırlaşıb.

“İcra hakimiyyətinə çox yalvardım”
“İcra hakimiyyətinə çox yalvardım”
“İcra hakimiyyətinə çox yalvardım”
“İcra hakimiyyətinə çox yalvardım”


Geri qayıt