Əsas Səhifə > Sosial, Manşet > Gənc başçının səriştəsizliyi belə yerdə ortaya çıxır...

Gənc başçının səriştəsizliyi belə yerdə ortaya çıxır...


11-06-2020, 10:02
Gənc başçının səriştəsizliyi belə yerdə ortaya çıxır...
Əhalinin içməli su ilə təmin etmək məqsədi ilə “Azərsu” ASC-nin bir neçə maşını rayona içməli su daşısa da, bu su qıtlığı ilə üzləşən əhalinin təlabatını ödəmir...

Xəbər verdiyimiz kimi, son günlərdə ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması səbəbindən çayların suyu azalıb. Nəticədə dənizdən Kür çayı istiqamətində axın əmələ gəlib. Dəniz suyunun Kür çayına qarışması Neftçalada içməli su probelemi yaradıb.

Neftçaladan PİA.az-a daxil olan məlumata görə hazırda rayon mərkəzində, o cümlədən bəzi qəsəbə və kəndlərdə kritik vəziyyət davam edir. Əhalinin içməli su ilə təmin etmək məqsədi ilə “Azərsu” ASC-nin bir neçə maşını rayona içməli su daşısa da, bu su qıtlığı ilə üzləşən əhalinin təlabatını ödəmir. Maraqlı məlumatlardan biri də odur ki, Salyan rayonundan su gətirən “Azərsu” ASC-nin maşınlarına da artıq Salyanda su verilmir. Salyanda bunu özlərinin su ehtiyatının azalması ilə əlaqələndiriblər. Su qıtlığından ən çox əziyyət çəkən yaşayış məntəqələri arasında Neftçala şəhəri, o cümlədən Qoltuq kəndi, Bankə qəsəbəsi yer alır.

Qeyd edək ki, Rayon İcra Hakimiyyətində yaranmış vəziyyətlə bağlı Operativ Qərəragah yaradılıb. Lakin sakinlər iddia edirlər ki, bu qərargah demək olar ki, fəaliyyət göstərmir. Əhalinin şikayətlərinə isə məhəl qoyan yoxdur. Market və dükanlarda isə içməli su demək olar ki, tapılmır. Hətta marketlərdə su olsa belə, kasıb əhalinin bu suyu almaq imkanları da yoxdur.

Şikayətçilərdən biri PİA.az-a bildirib ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov özü üçün Bakıdan bir maşın su gətizdirib. Bəzi şikayətçilər isə yaranmış kritik vəziyyəti icra başçısının naşılığı və səriştəsizliyi ilə əlaqələndirirlər. Şikayətçilər deyirlər ki, başçı onların susuz qalmalarına tamamilə laqeyd yanaşır və yaratdığı Operativ Qərəragah da işləmir. “Azərsu” ASC-nin bir neçə maşının rayon mərkəzini su ilə təmin etməsi isə imkansızdır.

Başqa ciddi problem isə əkin sahələrinin suvarılması ilə bağlı ortaya çıxıb. Əkin sahələrinə ən çox suyun tələb olunduğu indiki vaxtda Kür çayının suyunun şorlaşması kənd təsərrüfatında da çox ciddi problemlər yaradıb. Əkin sahələrinin məhv olması təhlükəsi var. Ümumilikdə isə bu il Neftçalda məhsuldarlığın kəskin şəkildə aşağı düşməsi gözlənilir.

Geri qayıt