Əsas Səhifə > Sosial, Manşet > 7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR?

7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR?


12-06-2020, 09:43
7 saylı cəzaçəkmə müəssisəsində NƏLƏR BAŞ VERİR?
“Cəzaçəkmə Müəssisəsi buradakı rəhbərlik tərəfindən “bölüşdürülüb”. Müəssisə rəhbərliyi və şöbə rəisləri müəssisənin ərazisində əsl biznes qurublar. Məhkumları ərazidəki öz bostanlarında və quşçuluq təsərrüfatlarında işlədirlər. Müəssisə rəhbərliyi üçün tərəvəz əkib qulluq edən də, ev quşlarını yemləyib təsərrüfatı çoxaldan da, onları müəssisə rəhbərliyindən baha qiymətə almağa məcbur qalan da elə məhkumlardır”.

DİA.AZ bildirir ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan ikinci qrup əlil Əli Səmədov ailəsi vasitəsilə Prezidentə və güc nazirliklərinə müraciət edib. Göyçay rayonu, 1-ci Ərəbcəbirli kənd sakini Əli Səmədov 4 il əvvəl 12 illik həbsə məhkum edilib. Cəzasını 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkməkdədir. Məhkum müraciətində cəza çəkdiyi müəssisədə qanun pozuntuları olduğunu iddia edir.

“Bildiyiniz kimi, məhbuslar müəssisəyə daxil olanda ilk olaraq karantin dövrü keçirlər. Karantin dövrü məhbusların saxlandığı ümumi yerdən kənarda, yəni müəssisədəki ayrıca binada keçilir. Karantinə alınan məhbusa elə ilk gündə təklif olunur ki, əgər karantin dövrünü keçmək istəmirsə, 500-1500 arası məbləğdə rüşvət hesabına baraka (məhkumların yaşadıqları ümumi yer) keçirilə bilər. Karantində qalmaq istəməyən imkanlı məhkumların ailələri o pulu müəssisə rəhbərliyinə ödəyən kimi məhkumu karantinə alındığı binadan çıxarıb dustaqların yaşadıqları yerə götürürlər”, - məhbus yazır.

Məhkum yazır ki, bu Cəzaçəkmə Müəssisəsində ən çox əzilənlər maddi imkanı olmayan məhbuslardır. Onlara şiddət elə karantinə alındıqları binadan başlayır. Ağır işlərə cəlb olunurlar. İşləməyə taqəti olmayan xəstə məhbuslar nəzarətçilər tərəfindən döyülür, karsa salınırlar. Bir həftə sonra yenə karantinə alındıqları yerə qaytarılırlar.

Əli Səmədov ölkə başçısına 7 saylı Cəzaçəkmə Müəssisəsindəki tibbi-sanitariya hissəsindəki durumdan da yazır. Qeyd edir ki, tibbi-sanitariya hissəsi xəstə məhkumlara xidmət etməli olsa da, maddi imkanı olmayan xəstə məhkum oranın qapısına yaxın düşə bilmir. İlin, ayın, günün istənilən vaxtı orada yalnız imkanlı və sağlamların istirahət etdiyini görmək olar: “Cənab Prezident! Müəssisənin tibbi-sanitariya hissəsində iki nəfərlik otaqların aylıq qiyməti 300, 3 nəfərlik otaqların aylıq qiyməti 250, 4 və 5 nəfərlik otaqların aylıq qiyməti 200 manatdır. Xəstə məhkumlarsa elə dustaqların ümumi yerində canıyla çəkişir, o dustağın yoluxucu xəstəliyi varsa, digər dustaqlar da yoluxur”.

Məhkum yazır ki, bununla da iş bitmir. Cəzaçəkmə Müəssisələri əsl gəlir, biznes yeridir. Müəssisə rəhbərliyi müəssisənin daxilindəki marketdən 15 min, çay evindən 3 min, kafedən 2 min, xəstələr üçün xüsusi hamamdan 1500, dustaqların telefon danışıqlarından 5 min manat aylıq qazanc əldə edir. Məhkumların yaşadıqları “barakların” istiliyi kəsilərək müəssisənin ərazisində rəhbərliyə məxsus pomidor parnikinə yönləndirilir. Məhsul 8-ci kilometr bazarına çıxarılır, müəssisə rəhbərliyi təkcə pomidordan mövsümdə 30 min manatdan çox qazanc əldə edir.

Məhkum daha sonra qeyd edir: “Cəzaçəkmə Müəssisəsi buradakı rəhbərlik tərəfindən “bölüşdürülüb”. Rejim şöbəsinin rəisi Elçin Yəhyayev müəssisə ərazisində 1000 ədəd qaz və ördək saxlayır. İmkanlı məhkumlara biri 30 manata satılır. Saçının qırxılmasını istəməyən məhkumlar buna görə hər ayın sonunda ona 5 manat ödəyirlər. Bu da aylıq təqribən 2500 manat edir. Əməliyyat şöbəsinin Yaşar adlı rəisi isə öz əlaltısına çevirdiyi məhkumların əli ilə digər məhkumlara “torba” tikir. Nəticədə dava-dalaşa düşən məhkumlar qandallanaraq kars salınırlar, cinayət məsuliyyətinə cəlb olunacaqları ilə hədələnirlər, cəzalarının üzərinə daha bir ağır cəza gəlməsindən ehtiyat edən məhkumlar rəis müavininə 500-1000 manat verərək necə deyərlər, canlarını qurtarırlar. Pul verməyən məhbusları isə 10-15 gün ərzində davamlı olaraq müəssisədəki hovuza aparıb, başlarını suya salır, dəqiqələrlə o vəziyyətdə saxlamaqla işgəncə verirlər”.

Məhkum ölkə başçısına müraciətində qeyd edir ki, cəzanın yüngülləşdirilməsi, qalan cəzadan azad edilməsi, cəzanın dəyişdirilməsi ilə bağlı qanuni şəkildə məhkəməyə müraciət etmək istəyən məhkum buna görə də müəssisə rəhbərliyinə rüşvət verməli olur.

Əli Səmədov yazır ki, hazırda səhhəti ilə əlaqədar Müalicə Müəssisəsində müalicə olunur. O, ölkə başçısından və güc strukturlarından qeyd etdiyi faktların araşdırılaraq hüquqi qiymət verilməsini, özünün isə təhlükəsizliyinin təmin olunmasını istəyir.

***

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyilənləri həqiqətəuyğun hesab etmir:

“SSRİ dağılandan sonra müəssisələrimizin bir çoxunun istehsalat sahələri də dağılmışdı. İllərdir çalışırıq nələrisə bərpa edək. Birində mebel, digərində tikiş məhsulları istehsal edirik və s. Bir çox müəssisədə təsərrüfat yaratmışıq, parniklər var. Məhkumların çoxu orada könüllü işləmək istəyirlər. Buna görə ərizə də yazıb xahiş edirlər. Heç kimi zorla işlətmirlər. O parniklərin məhsullarının bazarlarda satılması məsələsi isə tamamilə absurd söhbətdir”.


Geri qayıt