Əsas Səhifə > Sosial, Manşet > “Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...”
“Şirkətin əsl sahibi Hesablama Palatasının şöbə müdiridir...”29-06-2020, 09:18 |
“Bina hələ tam hazır deyil, işlər yarımçıq qalıb. Mənzillərin hamısı satılıb. Hətta bir mənzil bir neçə şəxsə satılıb. Alqı-satqı müqavilələrimiz, maliyyə arayışlarımız var. O mənzillərə görə 150, 200, 300 min manat ödəyən 160-a yaxın ailə var. İndi deyirlər, evləri sizə satan “Konstra” ev satışı ilə məşğul ola bilməzdi. Qalmışıq ortalıqda...” DİA.AZ-ın məlumatına görə, Nabat İsmayılova danışır ki, 2 il əvvəl “Konstra” MTK ilə müqavilə bağlayaraq şirkətin Mövsüm Sənani 13/15 ünvanında tikdiyi binadan 3 otaqlı mənzil alıblar. Ancaq hələ də mənzillərinə köçə bilmirlər. Birincisi, binanın tikintisi yarımçıq dayandırılıb, ikincisi isə, Nabat xanımın yuxarı qeyd etdiyi kimi, 130 ailə iki şirkət arasındakı hərc-mərcliyin qurbanına çevrilib. “Söhbət Tibb Universitetinin yaxınlığında tikintisi yarımçıq qalmış binadan gedir. Tez-tez binanın qarşısına toplaşırıq, ancaq sözümüzü deməyə adam tapmırıq. İndi karantinə görə toplaşa da bilmirik, toplaşan kimi tutub cərimələyirlər. Vaxt isə gedir. 86 min manatımız ciblərində, özümüz 4 uşaqla onun-bunun qapısında qalmışıq. Karantinə görə yoldaşım da işini itirib. Əvvəlki kimi əlimizdə işimiz, qazancımız da yoxdur ki, kirayə pulu ödəyə bilək. Bizə lazımdır ki, binanın tikintisi tezləşdirilsin, hərə öz evinə köçsün, əlavə xərclərdən canımız qurtarsın. Bunların öz aralarındakı çəkişməsinin qurbanına çevrilmişik”, - şikayətçi deyir. Nabat xanım deyir, binadakı mənzillərə görə pul ödəmiş vətəndaşlara bildirilib ki, torpağın sahibi olan “Orxan TİT” şirkəti ilə binanı tikən “Konstra” MTK arasında mübahisə düşüb. “Orxan TİT” şirkətindən vətəndaşlara deyilib ki, “Konstra” MTK mənzilləri saxta sənədlər əsasında satıb. Podratçı şirkət olduğuna görə mənzil satışı ilə məşğul ola bilməzdi. Mənzil almış vətəndaşların iddiasına görə, “Konstra” MTK-nın sahibi Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovdur. Demələrinə görə, onlar dəfələrlə Bəhram Abbasovla görüşüblər, Bəhram Abbasov hər dəfə onlara yaxın vaxtlarda problemin həll olunacağını vəd edib. Lakin “Konstra” MTK-dan bildirilib ki, Bəhram Abbasovun şirkətə aidiyyəti yoxdur. Onun oğlu Bəsrət Abbaslı şirkətin təsisçisidir. Bəhram Abbasovsa şirkətin işlərinə qarışmır. Binadakı mənzillərin satışındakı fırıldaqlardansa şirkət rəhbərliyinin xəbəri olmayıb. Vətəndaşlar Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər. Bu il iyunun 3-də Baş Prokurorluq bu məsələ ilə bağlı məlumat da yayıb. Məlumatda bildirilir ki, “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 m2 qeyri-yaşayış sahəsi, eyni zamanda 13 qaraj podratçı “Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda satışa çıxarılıb. Bununla da şirkət rəhbərlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq, pulları dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bununla belə, daşınmaz əmlak alqı-satqısı saytlarında mübahisəli binadakə mənzillər daşınmaz əmlka agentlikləri tərəfindən satışa çıxarılıb. Elanlarda binanın 2020-ci ilin sonunadək istifadəyə veriləcəyi qeyd olunur. Mənzillər “Konstra” MTK-nın adından satılır və elanlarda qeyd olunur: “... Binada müxtəlif kvadratlarda mənzillər mövcuddur və şirkət qiymətindən çox aşağı qiymətə satır”. Geri qayıt |