Əsas Səhifə > Sosial, Manşet > Alimpaşa Məmmədov qanunlardan daha alidir?
Alimpaşa Məmmədov qanunlardan daha alidir?21-07-2020, 10:13 |
Şəmkir icra başçısı Alimpaşa Məmmədov rayonun tanınmış iş adamı Hafiz İbrahimovu Apellyasiya Məhkəməsinə şikayət edib. Ovqat.com-a bu barədə məlumat iş adamı tərəfindən verilib. Şəmkir Şampan zavodunun direktoru olan Hafiz İbrahimov deyib ki, bu ayın əvvəlində Səbail rayon məhkəməsi Şəmkir icra başçısının eyni şikayətinə baxıb və iş adamının lehinə hökm çıxarıb. Görünür, məhkəmənin hökmüylə razılaşmayan icra başçısı işə yenidən baxması üçün Bakı şəhər Apellyasiya Məhkəməsinə müraciət edib. Maraqlıdır ki, Apellyasiya Məhkəməsi bu barədə iş adamını prosesin başlamasına bir neçə saat qalmış xəbərdar edib. Belə ki, məhkəmə prosesi bu gün saat 12.15-də başlayacaq. İş adamına bunun xəbəri isə dünən axşam saatlarında göndərilən mesajla çatdırılıb. Mesajda yazılıb: “Hormetli IBRAHIMOV HAFIZ MEMMED! Sizin 21.07.2020 tarixde, saat 12:15 da, Baki Apelyasiya Mehkemesi, Zal 3-de baresinde xususi ittiham qaydasinda shikayet verilen shexs IBRAHIMOV HAFIZ MEMMED ile bagli 1(103)-678/2020 sayli cinayet ishi uzre baresinde xususi ittiham qaydasinda shikayet verilen shexs qisminde mehkeme iclasinda ishtirak etmeyiniz zeruridir. Bildirish no: 1(103)-678/2020-002 Tel: Hakim: Mirzeli Abbasov”. İş adamının sözlərinə görə, prosesin bu dərəcədə tələsik keçirilməsi heç də yaxşı əlamətə oxşamır: “Faktiki bir neçə saat müddətində mən məhkəməyə hazılaşmalı, vəkil tutmalıyam. Vəkil işlə tanış olmalıdır ki, məni effektli müdafiə edə bilsin. Mənə verilən bir neçə saatlıq müddət ərzində bunu reallaşdırmaq üçün gərək Herkules qüdrətində adam olasan. Mən isə bu qədər böyük qüdrətə malik olmayan sadə bir iş adamıyam. Məhkəmənin bu tələsikliyi məni vəkilsiz yaxalamaq, müdafiə hüququmu məhdudlaşdırmaq deməkdir”. İş adamının bu sözləri istər-istəməz ölkə başçısının bir müddət əvvəl məhkəmə-hüquq sistemində aparılacaq islahatlarla bağlı vədini yada salır. Xatırladaq ki, yeni Baş Prokuror Kamran Əliyevlə video-söhbətində Prezident İlham Əliyev demişdi: “Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır. Bu gün bütün hüquq mühafizə orqanlarının əməkdaşları və rəhbərləri məni eşidirlər. Mənim sözlərim onlar üçün əsas göstəriş olmalıdır ki, Azərbaycanda hüquq mühafizə sistemində islahatlar dərinləşsin və qanunun aliliyi təmin edilsin”. Görünür, ölkə başçısının “qanunun aliliyi”nin təminatı ilə bağlı hüquq-məhkəmə sisteminə tapşırıqları Bakı Apellyasiya Məhkəməsində baş-ayaq başa düşülüb. Vətəndaşa özünümüdafiə üçün bir gün belə, zaman verilməməsini başqa cür izah etmək mümkün deyil. Ovqat.com Geri qayıt |