Əsas Səhifə > Sosial, Manşet > Ağsuda icra başçısının müavini at oynadır

Ağsuda icra başçısının müavini at oynadır


13-08-2020, 10:13
Ağsuda icra başçısının müavini at oynadır
Ağsu rayon sakini, ikinci qrup əlil Əfəndiyev Vəfadar Vaqif oğlu rayon icra hakimiyyəti başçısının ikinci müavini Mirqubad Orucovun əməllərindən ölkə rəhbərliyinə şikayət edir.

Bu barədə özü məlumat verən Vəfadar Əfəndiyev ona qarşı haqsızlıqlardan danışıb.

Vəfadar Əfəndiyev bildirib ki, hərbi xidmətdə olarkən sağlamlığını itirib: “2007-ci ildə ali məktəbi fərqlənmə ilə bitirib hərbi xidmətə yollanmışam. Hərbi xidmət vaxtı xəstələnmişəm. Ağciyərimin bir hissəsi əməliyyatla götürülüb. 13 ildir iynə-dərmanla yaşayıram”.

Şikayətçinin sözlərinə görə, iki il əvvəl işsiz olması barədə prezident İlham Əliyevə müraciətdindən sonra onu Ağsuda işlə təmin ediblər: “Müraciətimdən sonra Ağsu rayon DOST İş Mərkəzi Ağsu rayon Mənzil İstismar İdarəsində (Mİİ) ictimai işlərə cəlb olundum. O vaxt maaş 220 manat idi, sonradan 250 manata yüksəldi. Təxminən 15-20 gün əvvəl səhətimlə bağlı problem yarandı. İşə çıxa bilmədim. İşə çıxmadığım müddətdə anam yerimə işə çıxır, rəhbərlik nə tapşırırsa, yerinə yetirir. Bir neçə gün əvvəl Mİİ-nin müdiri Əlihüseyn Mayılov mənə dedi ki, işə gəlmədiyin üçün səni işdən çıxarıram. Səbəbini soruşduqda, bildirdi ki, icra başçısının ikinci müavini Mirqubad Orucovun əmridir”.

Əlihüseyn Mayılov Vəfadar Əfəndiyevə telefonda deyib ki, Mirqubad Orucova tapşırtsın, ondan sonra heç işə gəlməsə də olar: “Mirqubad Orucova zəng etdim. Dedi ki, bu işə mən baxmıram, məsələ Əlihüseyn Mayılovluqdur. Əlihüseyn Mayılova zəng etdim, o isə bildirdi ki, Mirqubad Orucovun tapşırığı olmalıdır”.

Beləcə iki məmur ikinci qrup əlili ötür-ötür oyunlarına alət edirlər.

Vəfadar Əfəndiyev bildirir ki, ikinci dəfə Mirqubad Orucova zəng etdikdə onun nömrəsini qara siyahıya atdığı məlum olur: “Əlihüseyn Mayılov və Mirqubad Orucov köhnə işçiləri işdən çıxraıb, özlərinə yaxın olan şəxsləri Mİİ-nə işə götürürlər. Məni bəhanələrlə işdən çıxarmaq istəyirlər. 230 manat əlilliyə görə pul alıram. O pulu kirayəyə verim, ailəmə xərcləyim, yemək-içmək alım, nə edim? Məmurların özbaşınalığından cana yığılmışıq”.

Vəfadar Əfəndiyev ona qarşı olunan haqsızlığa görə ölkə rəhbərliyinə müraciət edərək, kömək istəyib.(Busaat)

Geri qayıt