Əsas Səhifə > Sosial, Manşet > Başçı "hiking" turuna çıxa bilir, vətəndaşa isə vaxt ayıra bilmir...

Başçı "hiking" turuna çıxa bilir, vətəndaşa isə vaxt ayıra bilmir...


15-09-2020, 09:58
Başçı "hiking" turuna çıxa bilir, vətəndaşa isə vaxt ayıra bilmir...
“Bu ilin aprelində ölkə başçısı İlham Əliyevin çıxışını izlədim. Cənab Prezident deyirdi ki, dövlət məmurlarının yaramaz əməllərinin qarşısını almaq lazımdır. Rüşvətxorluğa qarşı mübarizədə prokurorluq orqanları ilə yanaşı, sadə vətəndaşlar da fəallıq göstərməlidir. Prezident insanları səsləyib ki, qanunsuz hesab etdiyiniz əməlləri mənə yazın, yaxud müvafiq orqanlara müraciət edin”. DİA.AZ bildirir ki, bu sözləri İsmayıllı rayonu, Qubaxəlilli kənd sakini Fikrət Şirəliyev deyir.

Söyləyir ki, ölkə başçısının çıxışından sonra kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar Cəlalovdan İsmayıllı Rayon Prokurorluğuna şikayət edib: “Prokurorluqda ərizə yazdım ki, mənim bu adamın qanunsuz hesab etdiyim əməlləri araşdırılsın. Onlar da bilmirəm necə, nə cür araşdırdılar. Prokurorluq onun əməllərində heç bir yanlışlıq görmədi. Yaşar Cəlilov da bəraət qazanmağını fürsət bilib, məni İsmayıllı Rayon Məhkəməsinə verdi ki, guya onun şərəf və layəqətinə toxunuşam, təhqir etmişəm. Mənə otuz min manat təzminat ödəmək, təkzib məktubu yazmaq və üzr istəmək tələbi qoydu. Məhkəmə Yaşar Cəlilova dörd min manat təzminat ödəməyimə dair qərar çıxardı”.

İsmayıllı Rayon Məhkəməsinin bu il sentyabrın 2-də çıxardığı qərarını qərəzli sayan Fikrət Şirəliyev Şəki Apelyasiya Məhkəməsinə müraciət edəcək: “Hakimə dedim ki, günahımı deyin, bundan sonra mənə dörd min yox, lap qırx min təzminat kəsin. Camaat toplaşıb, mənə əlli-yüz manat kömək edəcək, o pulu verəcəyəm. Amma mən günahımı bilim. Körpə uşağın qarşısında yanlışım olsa - altmış yaşı haqlamışam - ondan belə üzr istəməyə hazıram. Amma belə haqsızlıq olmaz, yazdıqlarımda bir dənə də olsun böhtan yoxdur. Kəndimizdə yeddidən-yetmişə hamı o adamdan narazıdır. Lakin jurnalistlər gəlib, çəkiliş aparsalar, heç kim qorxusundan onun haqqında fikir bildirməyə cəsarət etməyəcək. Uzaqbaşı, beş-altı nəfər danışacaq, onlardan biri də mənəm. Təsəvvür edin, məhkəmə işindən sonra rayonda insanlar mənə salam verməyə də qorxur, yan gəzirlər”.

Şikayətçi deyir ki, mal-qaraları üçün nəzərdə tutulan torpaq sahələri Yaşar Cəlilov tərəfindən zəbt olunub. Buna etiraz edən bir neçə kənd sakini isə məhkəməyə verilib: “Onlardan biri də mənəm. Bu adamın qanunsuz əməllərinə necə göz yummaq olar? Prezidentimizin çıxışından sonra mən də bir vətəndaş, insan olaraq həmin sözlərə güvənib, arxayın olub, bu addımı atdım. Mitinq etmədim, bunu “Kirpi” satirik jurnalına vermədim. Yeganə şikayət etdiyim yer İsmayıllı Rayon Prokurorluğu olub. Bundan ötrü adama dörd min manat təzminət kəsərlər? Hansı vəkil işimə baxırsa deyir ki, bu, ağlagəlməz bir söhbətdir. Sizə buna görə təzminat kəsə bilməzlər. Oturub o stolda, başının üstündə mərhum Heydər Əliyevin, qarşısında isə Prezident İlham Əliyevin şəklini asıb, istədiyi özbaşınalığı edir. Mən buna dözə bilmirəm. Haram yeyən insanların əlində qalmışıq”.

“Bu adam 1999-cu ildə Qubaxəlilli kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi seçilib. Həmin vaxtdan kəndimizin qara günləri başlayıb”, - Fikrət Şirəliyev belə deyir: “Qubaxəlilli kəndinin böyük bir ərazisini Ağsu rayonuna verdi. Bununla bağlı çox yerə getdik, lakin nəticəsiz qaldı. Bildirildi ki, həmin torpaqları bələdiyyə qanuni yolla verib. Burada böyük bir mədəniyyət evi var idi. 1994-1995-ci illərdə istifadəyə verilmişdi, onu viran qoydu. Evinin yanında internat var idi. Qonşu kəndlərdə, tam onillik məktəblər olmadığından uşaqlar oxumaq üçün bizim məktəbə gəlirdi. Müstəqillik illərindən sonra həmin məktəblərə ehtiyac qalmadı. Gənc ailələr özlərinə ev-eşik düzəldənə qədər həmin binada yaşamağa başladılar. Bu adam həmin binanı “Kasimsot” traktorlarının ağzına verib dağıtdı və ərazini mənimsədi. Hadisə camaatın gözünün qarşısında baş verdi. Bu haqda prokurorluğa etdiyim müraciətdə yazmışdım. Araşdırma zamanı məlum olub ki, bu həmin yeri satmayıb, özü alıb. Hara əl vurursan, altından bu adam çıxır. Hamısına da yalan-doğru kağız düzəldib. Bütün bunların hamısı kənddə körpə uşağa da bəllidir. Kəndimizin yaxınlığında camaatın ümumi istifadəsində olan yer var idi. Onu mənimsədi, hazırda orada ferması var. Biz həmin yer üçün 2000-ci ilin əvvəllərində ovaxtkı Prezident Aparatına, Torpaq və Xəritəçəkmə Komitəsinə, Ali Məhkəməyə dəfələrlə müraciət etdik. Aylarla Bakıda qaldıq. Ona da yalançı sənəd düzəltdilər. Kənddə bir adam qapısında balaca bir hin tikirsə, gəlib ona görə də haqq alır”.

Fikrət Şirəliyev İsmayıllı Prokurorluğundan öncə yeni təyin olunmuş icra başçısı Nahid Bağırova müraciət etmək istəyib. Həmin ərəfədə prezident icra başçısına karantin dönəmində “hiking” turunda iştirak etdiyinə görə, töhmət verdiyi üçün (“Hiking” əvvəlcədən müəyyənləşdirilmiş yollarla yürüyüş parklarında, meşə, yaxud göl ətrafı ərazidə edilən qısa (8-12 km) yürüyüşlərə deyilir -red) şikayətçi fikrindən daşınıb: “Yeni başçı bir ay idi gəlmişdi, prezidentdən töhmət aldı. Düşündüm ki, hələ tələsməyim, bu rayonun adını hallandırmayım. Prokurorluqdan başqa heç bir yerə şikayət vermədim. Düşündüm ki, üzərindən 5-6 ay keçəndən sonra yeni icra başçısı Yaşar Cəlilovu tanıyar. Hazırda bu məsələ ilə bağlı dəfələrlə icra hakimiyyətinə getmişəm, başçının qəbuluna düşə bilmirəm. İcra hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindəki Nazim Səfərovun Allah canını sağ eləsin. Şikayətə gələnləri idarənin qarşısında qarşılayır, insanların dərdini soruşur, qeydiyyatını aparır. Lakin icra hakimiyyətinə hələ də buraxılmırıq. Deyirəm ki, başçı ilə onlayn görüşüm, dərdimi deyim. Deyirlər ki, yox, olmaz, məktub yaz. Yeganə istədiyim budur ki, prezidentimiz bu özbaşınalığı görsün və müvafiq göstərişlər versin. Biz kasıbların da canı belə haqsızlıqdan qurtarsın”.

Geri qayıt