Əsas Səhifə > Sosial, Manşet > "Azərbaycan doğru işi görür"

"Azərbaycan doğru işi görür"


4-11-2020, 10:07
"Azərbaycan doğru işi görür"
"Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik".

DİA.AZ bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Republica” qəzetinə verdiyi müsahibəsində bildirib. Daha sonra isə Prezidentimiz "Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz?" sualını aşağıdakı kimi cavablandırıb:

"Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri – üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Lakin onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik".

"Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir?" sualına isə dövlət başçısı belə cavab verib:

"Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir".

Geri qayıt