Əsas Səhifə > Sosial, Manşet > “Atəşgah” da dövlətə meydan oxuyur:

“Atəşgah” da dövlətə meydan oxuyur:


12-11-2020, 12:24
“Atəşgah” da dövlətə meydan oxuyur:
“Özünü şirkətin əməkdaşı kimi təqdim edən bir şəxs mənə zəng vuraraq, ofisə dəvət etdi”.

Yenicag.az-a müraciət edən Qarabağ qazisi, II qrup əlil Məmmədov Natiq İslam oğlu “Atəşgah” Sığorta Şirkətinin öz öhdəliyini yerinə yetirmədiyini bildirib..

Natiq Məmmədovun sözlərinə görə, oktyabrın 13-də Biləcəri dairəsindən “Yaşıl bazar”a gedən yoldakı işıqforda dayandığı zaman sərnişin avtobusu onun 01 CA 554 dövlət nişanlı avtomobilini vurub.

Belə ki, işıqforda yaşıl işıq yandıqda, avtobusun yolun sağına çıxması nəticəsində onun “Opel” markalı avtomobili sol tərəfdən əzilib. Avtobus sürücüsü günahın onda olduğunu etiraf edib.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşının araşdırması nəticəsində də günahkarın avtobus sürücüsü olduğu təsdiqlənib.

Qəzanın nəticəsi ilə bağlı “Atəşgah” Sığorta Şirkətinə məlumat göndərilsə də, şirkət günahın avtobus sürücüsündə olmadığını bildirir. Yəni şirkət BDYPİ-nin təsdiqlədiyi faktı inkar edir.

Şirkətin “qaynar xətt”inə zəng vurub şikayət etdim. Daha sonra özünü şirkətin əməkdaşı kimi təqdim edən bir şəxs mənə zəng vuraraq, məsələni araşdırmaq üçün ofisə dəvət etdi. Ofisə getdim, lakin həmin şəxs zənglərimə cavab vermədi”.

Qarabağ qazisi və əlilinin şikayəti üzrə “Atəşgah” Sığorta Şirkəti ilə əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışsaq da, bu cəhdlərimiz nəticəsiz qaldı.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, son dövrlərdə vətəndaşların müxtəlif seqmentlərdə fəaliyyət göstərən bir sıra tanınmış şirkət və qurumlara yönəlik şikayətləri xeyli artıb.

Belə görünür ki, Azərbaycanda Vətən müharibəsinin başlaması ilə gündəmin kökündən dəyişməsi bir sıra şirkətlərin öz müştəriləri qarşısında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən yayınmalarına fürsət yaradıb.

İndiki halda isə “Atəşgah” Sığorta Şirkəti daha da irəli gedərək, Qarabağ əlilinə dəymiş ziyanın ödənilməsindən imtina cəsarəti göstərir, onu get-gələ salaraq, problemini həll etməkdən boyun qaçırır. Şirkət həm də müştəri qarşısında öhdəliyini yerinə yetirməməklə, özünə hüquqi məsuliyyət yaradan davranışa yol verir.

Başqa sözlə desək, “Atəşgah” Sığorta Şirkəti prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağ Müharibəsi qaziləri ilə əlillərinin problemlərinə necə yüksək həssaslıqla yanaşdıqlarını da gözardı edərək, faktik surətdə dövlətə meydan oxuyur.

Mövzunu diqqətdə saxlayacağıq.

Geri qayıt