Əsas Səhifə > Sosial, Manşet > Nazirin milyonluq “TOPAZ” biznesinə rəqib gəlir
Nazirin milyonluq “TOPAZ” biznesinə rəqib gəlir3-03-2021, 08:57 |
Azərbaycanda uzun müddət “TOPAZ” mərc oyunlarının şəriksiz bukmeykeri olub. Amma son illərdə katalizator kontorları durğunluq dövrünü yaşayır. Bunun bir çox səbəblərini sadalamaq olar. Əvvəla, “TOPAZ” məntəqələrinin sayı artmır, hərçənd qarşıya minlərlə belə obyektin açılması hədəf qoyulmuşdu. Ona görə əhalini mərc oyununa təşviq prosesində passiv fəaliyyət göstərilib. İkinci faktor “TOPAZ”da əmsalların aşağı, minimum mərc qoyuluşunun isə yüksək olmasıdır. Əvvəl bir kupon 1 manat idisə, neçə ildir ki, 3 manata qaldırılıb. Bu da kofiçent qoymaq istəyənlərə sərf etmir. Bukmeyker isə minimum 1 manat mərc qoyuluşunu yalnız elektron variantda qüvvədə saxlayıb ki, oyunçuların əksəriyyəti internet üzərindən deyil, “TOPAZ” məntəqəsinə getməyə üstünlük verirdi. Bu biznes həm də totalizator kontoru işlədən sahibkarlar üçün yaxşı gəlir mənbəyi idi: çay, kofe, pivə və s. içkilər təklif olunurdu, futbol qumarından əlavə qazanc da çıxırdı. Amma əvvəllər Bakının az qala hər tin başında rast gəlinən bukmeykerlərin çoxu bağlanıb, rentabelli işləmir, bir yandan da minimum mərc qoyuluşunun məbləğinin artırılması, oyunlara verilən əmsalların isə aşağı göstərilməsi müştərilərin ayağını bu yerlərdən kəsib. Belə olan şəraitdə isə “TOPAZ”a rəqib gəlməyə hazırlaşır. “Yeni Müsavat”ın xəbərinə görə, Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Bunu bazarda dirçəlməyə doğru addım saymaq olar. “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev yeni şirkətin “TOPAZ”ın işinə mənfi təsir etməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, sadəcə, təbii inhisarçılıqdan rəqabət sisteminə keçəcəyik, hər iki şirkət sağlam rəqabət əsasında fəaliyyət göstərəcək. M.Tağıyev bildirib ki, yeni bukmeyker şirkətinin adı “Azərlotereya”" olacaq, idarəetmə Türkiyə şirkətinə veriləcək. Onun sözlərinə görə, mərc oyunlarına nəzarəti yenə “Azəridmanservis” MMC həyata keçirəcək. Mərc oyunları ilə məşğul olan ilk şirkətin əvvəlki adı “Azərinteltek” olub. Bu şirkət isə proqram təminatı baxımından Yunanıstanda fəaliyyət göstərən “İntralot”dan qidalanıb. İdarəetməni həyata keçirən yeni şirkətin adı isə “Caspian Tech”dir. O isə artıq Azərbaycan şirkətidir. “Azəridmanservis” Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunmuşdu. Belə desək, gənclər və idman naziri Azad Rəhimovun inhisarında idi. Uzun müddət “TOPAZ”a rəqib olmayıb. A.Rəhimov totalizator məntəqələrində monopoliyanı əlində saxlayıb. İndi isə onun milyonluq biznesinə rəqib gəlir. Hazırda ABŞ-da müalicə olunan nazirə məxsus olduğu deyilən “TOPAZ”ın son illər durğunluq dövrünü yaşaması da maraqlıdır. Bir müddət əvvəl “TOPAZ”ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkətinin “Azerinteltek”dəki payını satışa çıxarması barədə məlumat yayılmışdı. Daha sonra isə “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı. Bu dəyişikliklər və Türkiyə şirkətlərinə etimad göstərilməsində məqsəd lotereya, mərc qoyuluşu kimi sahələrdə dirçəlişə nail olmaqdır. İndiyə qədər şirkətlər bu sektorda rentabelliyə nail ola bilməyiblər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Türkiyə lotereya oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir. “Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib hesab olunur. Bu, bir tərəfdən lotereya bazarına inamın artmasına imkan verəcək - bu isə yeni sərmayənin cəlb edilməsi baxımından vacibdir. Digər tərəfdən isə fərqli məhsulların bazara çıxarılması, təqdim olunması, bazarda istehlakçıların sayının artırılması və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi baxımından önəmlidir”, - deyə deputat bildirib. İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, ziyanla işləyən, büdcədən dotasiya alan dövlət şirkətlərinin özəlləşdirilməsi və idarəetməyə verilməsi illərdir bizim də gündəmə gətirdiyimiz bir məsələdir. Xatırladaq ki, Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərlotereya” ASC Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür. “Yeni Müsavat” Geri qayıt |