Əsas Səhifə > Sosial, Manşet > Kənd Təsərrüfatı Nazirliyi kimi və nəyə görə aldadır?

Kənd Təsərrüfatı Nazirliyi kimi və nəyə görə aldadır?


20-03-2021, 11:15
Kənd Təsərrüfatı Nazirliyi kimi və nəyə görə aldadır?
Azərbaycanlılar dünyada ən çox çörək istehlak edən ölkələrdən biridir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına əsasən, orta hesabla əmək qabiliyyətli əhali 150 kiloqram, pensiyaçılar 109 kiloqram, 0-14 yaşlı uşaqlar 98 kiloqram çörək və çörək məhsulları istehlak edirlər. Bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Bu statistikaya əsasən, bir azərbaycanlı gün ərzində təxminən 330 qram çörək yeyir. Hökumətin müəyyən etdiyi istehlak normasına əsasən, Azərbaycanda ildə 1 milyon 190 min ton çörək istehlak edilir. Bunu da buğdaya çevirəndə təxminən 1 milyon 400 min ton ərzaqlıq buğda eləyir. Bundan əlavə mal-qara və quş yemi üçün ildə 545,6 min ton, toxum üçün 142,2 min ton, qeyri-ərzaq məhsullarının istehsalı üçün 43,3 min ton buğda istifadə olunur. Deməli ölkəmizin buğdaya olan illik tələbatı 2 milyon, 2 milyon 200 min ton civarındadır.

Lakin statistik göstəricilərdə parodoksallıq var. Belə ki, 2019-cu ildə Azərbaycanda 2 milyon 100 min ton buğda istehsal olunub. 1 milyon 500 min ton buğda isə idxal edilib. 2020-ci ildə isə 2 milyondan bir qədər artıq buğda istehsal olunub. 1 milyon 500 min tona yaxın buğda idxal edilib. Beləcə, son iki ildə ölkəmizdə hər dəfə 3 milyon 500 min ton buğda tədarük edilib. Amma ölkənin ehtiyacları maksimum 2 milyon 200 min tondur. Bəs 1 milyon 300 min ton buğda hara yoxa çıxıb? Bax, əsl məsələ budur. Onu da qeyd edək ki, 2019-cu ildə buğda idxalı birdən-birə 500 min ton artıb. Hansı zəruriyyətdən bu qədər idxal həcmi artıb? İzah etmək çətindir. Və ən qəribə burasıdır ki, son bir neçə ildə məhsuldarlığın kəskin şəkildə artdığı qeyd edilir. Belə ki, 2019-cu ildə hər hektardan 32 sentner, 2020-ci ildə isə 31 sentner buğda biçilib. Bugünkü reallıqda ölkə üzrə ortalama 31 sentner buğda biçilməsi qeyri-ciddi səslənir. Aqrar sektorun ən sürətli inkişaf etdiyi 70-80-ci illərdə belə bu qədər məhsuldarlıq əldə edilməyib.

İndiki vəziyyətdə isə belə bir məhsuldarlığın əldə edilməsi qeyri-mümükündür. Belə ki, Kürdəmir, Zərdab, Ucar, Ağdaş və digər rayonlarda 20 sentner buğda əldə etmək hər zaman böyük hünər sayılıb. 30 sentnerdən artıq məhsuldarlıq əldə etmək yalnız Cəlilabad, Beyləqan, Ağdam, Bərdə, Tərtər və daha bir neçə digər rayonda mümkündür. Çünki bu rayonlarda torpaq münbitdir. Amma əksər Aran rayonlarında torpaqların şoranlaşması səbəbindən 30-35 sentner məhsuldarlıq əldə etmək sadəcə möcüzədir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyinin məhsuldarlıqla bağlı dedikləri absurddur. Hələ onu demirəm ki, bu gün yerlərdə normal statistik məlumat əldə etmıyin özü çox çətindir.

Amma neyləyək ki, Kənd Təsərrüfatı Nazirliyi davamlı inkişafdan, yüksək məhsuldarlıqdan ağızdolusu danışır. Daha doğrusu, danışmaq məcburiyyətindədir. Çünki hər il büdcədən ayrılan yüz milyonlarla manat subsidiyanın silinməsinin başqa yolu yoxdur. Məhz bu subsidiyalar üzündən hər il əkin dövriyyəsi və məhsuldarlıq süni şəkildə artırılır. Amma deyilən rəqəmlərin heç bir iqtisadi əsası yoxdur. Əgər deyilən rəqəmlər reallığı əks etdirsəydi, onda hər il ölkəmizə 1 milyon 500 min ton ərzaqlıq buğda idxal edilməzdi. Halbuki ölkənin ərzaqlıq buğdaya olan ehtiyacı bundan xeyli azdır. Bu qədər ərzaqlıq buğda idxal edilirsə, bəs 2 milyon tonluq yerli “istehsal” hara sovrulur? Hələ son 10 ildə məhsuldarlığın birdən-birə 50 faiz artmasını demirəm. Bu “inkişafın” müqabilində gərək Azərbaycan ərzaqlıq buğdaya ehtiyacını çoxdan ödəmiş olmalı idi. Bəs niyə ödəyə bilmir? Ona görə də belə bir məntiqi sual ortaya çıxır: Kənd Təsərrüfatı Nazirliyi kimi və nəyə görə aldadır?

Qarşı tərəfi dinləməyə hazırıq…

Surxay Atakişiyev,
KONKRET.az

Geri qayıt