Əsas Səhifə > Sosial, Manşet > “Pulsuz dərmanlar məni heç 10 gün görmür”
“Pulsuz dərmanlar məni heç 10 gün görmür”21-05-2021, 09:43 |
“Şəkərim yüksək olduğuna görə daim hərəsindən iki flakon olmaqla “İnsulatard”, “Actrapid” adlı pulsuz insulinlərlə təmin olunmuşam. Ancaq 3 gün əvvəl növbəti dəfə pulsuz dərman üçün gedəndə həkim mənə hər dərmandan bir flakon verdi. Dedi, Bakıdan göstəriş var, pulsuz dərmanları azaltmışıq”. 58 yaşlı Ella Qəhrəmanova Ağstafa rayon sakinidir. O, Ağstafa Rayon Xəstəxanasından şikayətçidir. Dediyinə görə, 15 ildir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. Şəkəri yüksək olduğuna görə ona verilən pulsuz dərmanların həcmi ikiqat dozada olur. Ancaq bu dəfə ona dərmanlar verilərkən məlum olub ki, doza azaldılıb. “Pulsuz dərmanlar məni heç 10 gün görmür” “Şəkərdən əlavə yan xəstəliklərim də var. Ağır çəkidən (130 kq) əziyyət çəkirəm. İndiyədək dəfələrlə cərrahiyyə əməliyyatları keçirmişəm. Hazırda ayağımda qanqren (bədənin çürüməsi) gedir. Şəkərim 400-500-ə qalxır. Normalda gün ərzində üç dəfə insulin vururam. Hökumətin verdiyi insulinlər mənə heç on gün yetmirdi. İndi onu da yarıya endiriblər. Mənim o dərmanı aptekdən almağa imkanım yoxdur, vurmasam da, halım pisləşir. İndi mən nə etməliyəm?..”, – şikayətçi deyir. “Baş həkim deyir, Bakıdan göstəriş var” Ella xanım mayın 19-da pulsuz dərmanlarının yarıbayarı azaldığına etirazını bildirmək üçün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin yanında da olub: “Ayağımdakı qanqreni xəstəxananın baş həkimi İlham Sofiyevə göstərdim, dedim, məni həyatda saxlayan o insulindir, vaxtlı-vaxtında, normasında istifadə etməsəm, çürümə irəliləyir. Dedi, get, hara şikayət edirsən, et… Mənə Bakıdan belə göstəriş gəlib, mən özbaşına deyiləm”. “Şəkəri yüksək olduğuna görə ona verilən pulsuz dərmanların həcmi ikiqat dozada olur” Ella xanım ay ərzində dərman problemini necə idarə edəcəyini bilmir. Deyir, ailədə heç kəs işləmir, üstəlik, ona pulsuz verilən dərman preparatları apteklərdə də tapılmır. Şikayətçi günbəgün yerimə qabiliyyətini itirsə də, müalicəyə maddi imkanı yoxdur. Belə bir vaxtda pulsuz dərmanın da yarıbayarı kəsilməsi gərginliyi artırıb. “Şəkər xəstələrinə qayğı budur?” “Xəstələrin vəziyyətini ağrılaşdıran elə həkimlərdir. Onsuz da əsəblərimiz, psixologiyamız pozulub, bir tərəfdən də həkimlər əsəbiləşdirir. Xəstəxanaya pulsuz dərman üçün gələn mənim kimi xeyli xəstə var ki, dərmanların azaldılmasına görə əsəb, gərginlik yaşayır. Budurmu hökumətin şəkər xəstələrinə göstərdiyi qayğı?”, – Ella Qəhrəmanova deyir. Ağstafa Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, diabetli şəkər xəstələrinin pulsuz dərmanları normaya uyğun olaraq verilir. Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin və striplərlə təminatı pulsuz həyata keçirilir. İki ildən çoxdur ki, polikninikalara dərmanlar zamanında, ərazi üzrə qeydiyyatda olan diabet xəstələrinin sayına uyğun çatdırılmadığı ilə bağlı şikayətlər olur. Həkimlər xəstə sayına görə dərman gəlmədiyini bildirirlər. Xəstələrin iddiasına görə, dərman dozalarında azalma var. Onlar striplərin, şprislərin, şəkərölçən aparatların da verilməməsindən şikayətçidilər. Meydan TV Geri qayıt |