Əsas Səhifə > Sosial, Manşet > Tibbi sosial ekspert QƏSSABLARI

Tibbi sosial ekspert QƏSSABLARI


27-11-2021, 12:57
Tibbi sosial ekspert QƏSSABLARI
DİA.AZ: - "Media qurumları hər gün, hər saat, hər dəqiqə hansısa Qarabağ qazisinin ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) qərəzinə, qəzəbinə tuş gəlməsini yayımlayır. Qazilərə qarşı ƏƏSMN məmurlarının qərəzi, kini əvvəllər də olub, amma, düzünü desək, belə “ekspertiza qəssablığı” səviyyəsində olmayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Belə demək mümkünsə, əvvəlki ekspertlər əlillik dərəcəsinin müəyyən edilməsi zamanı qıraqdan sifarişə yox, daha çox vicdanlarının səsinə qulaq asırdılar , özəlliklə, Qarabağ qazilərinə diqqət və qayğı ilə yanaşır, onlardan tibb müəssisəsinin “forma 88” göndərişindən özgə nəsə ummurdular. Hətta “xoşagəlməz” əlillərin cəzalandırılması sifarişlərini də TSEK -lər yerinə yetirməkdən imtina edirdilər. Hüquq, qanun məsuliyyəti qorxusundan özgə, həm də vicdan məsuliyyəti başlıca rol oynayırdı bu imtinada. İndi, elə bil, yaralı qazi həkim müayinəsindən yox, qəssab bazarlaşmasından keçir. “Təmizləmə”, “saxta əlilliklə mübarizə” adı altında əlillik dərəcələrinin -pensiya və müavinətlərin kəsilməsi prosesi sürür. Bu prosesi ƏƏSMN -in əli ilə hökumətin həyata keçirməsini hakimiyyətin hər üç qolunun əlillərin reabilitasiyasını “sertifikasiya” ilə qarışdırması ortaya qoyur. Hamı “quru”(pensiyaya baxan) əlillərin “qəssab testi”ndən kəsilməsini , “yanmasını” alqışlayır, amma “qurunun oduna yaşın da yanmasından” “rahatsızlıqlarını” dilə gətirir. Özləri də çox gözəl bilir ki, “yanan elə “yaş”lardır” , “qurular” heç ekspertiza qəssabxanasına gəlmədən “rüsum haqqı”nı ödəyib, elektron qaydada əlillik dərəcələrinə” qəssab möhürünü vurdururlar.

Bu günlərdə Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü, gizir Həsənov Mübariz Əli oğlunun əlillik dərəcəsinin təyin edilməməsindən şikayətinə ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi cavab verib ki, qazinin müalicəsi başa çatandan sonra(?-M.B.) əlilliyi qiymətləndiriləcək. Bu cavab açıq – aşkar qazilərin, xəstələrin hüquqlarına tüpürməkdir. Necə yəni, müalicə başa çatmayıb, yarımçıqdır? Elə əlillik müalicə başa çatmadığına, səmərə vermədiyinə görə təyin edilir də! Özü də, harada yazılıb ki, müalicə başa çatmadığına görə, əlillik təyinatından imtina edilsin? TSEK-in ona yox, tibb müəssisəsinə, həkim məsləhət komissiyasına aid olan göndərişə “qulp qoyması” , axı, NK-nın 12.01.2020 tarixli 11 saylı “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda nəzərdə tutulmur. TSEK NK-nın eyni -12.01.2020 tarixli 12 saylı “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na uyğun olaraq tibb müəssisəsindən daxil olan “forma 88” göndərişi əsasında əlilliyi qiymətləndirməlidir. Daha tibb müəssisəsinə aid olan müalicənin başa çatmadığını “əsas” tutub, yaralı qaziyə imtina etməli deyil.

TSEK-in ömürlük əlillik təyin edilmiş Qarabağ qazilərinin dərəcələrini özbaşınalıqla yüngülləşdirməsi isə heç bir məntiqə, izaha sığmır. Təsəvvür edin, Ağsunun Gəgəli kəndində doğulan , Bakıda yaşayan, bir qardaşı şəhid olan Qarabağ qazisi Rövşən bəy qanpulunu almaq üçün müraciət edib və bildirilib ki, ƏƏSMN reyestrində qeydə alınandan sonra baxıla bilər. Əlillərin adlarının reyestrə daxil edilməsi ƏƏSMN -in görəvi olsa da, əlilin özünün bunun edilməsini diləməyə vadar ediləndə , təkrar (?) TSEK-in komissiyasına göndərilib və. ..komissiya 2-ci dərəcəli ömürlük əlilliyi 20 ildən sonra 3-cü dərəcəyə endirib. Əlillərə, qazilərə güzəşt -endirim belə olur, deyəsən. Hələ “endirim güzəşti” bununla bitməyib, məhkəməyə üz tutacağını deyən qaziyə TSEK qəssabları hədə-qorxu gəliblər ki, o zaman indiyədək artıq aldığı məbləği geri ödəməli olacaq! (?) Şantaj metoduna baxın, ağır formada şəkərli diabet xəstəliyindən ölüm ayağında olan qaziyə, şəkəri sonradan “tapdığına” görə dərəcə düşmədiyini bildiriblər. Bu ekspertiza qəssabları onu da bilmirlər ki, ƏLİLLİYİN SƏBƏBİ BİR NEÇƏ XƏSTƏLİKLƏ MÜƏYYƏN EDİLDİKDƏ ƏN YÜKSƏK GÜZƏŞT HÜQUQU VERƏN SƏBƏB ƏSAS TUTULUR. Yəni, məsələn, savaşda kontuziya alan əlil sonradan avtomobil qəzasında əl – ayağını da itirirsə, dərəcə ağırlaşsa da , səbəb müharibə ilə bağlı olaraq qalır . Bu qaydanı bilərəkdən bilməyənlər, yəqin onu da bilmirlər ki,

əlilliyi müəyyən edilmiş Qarabağ qazilərinin dünyalarını dəyişəndə şəhid statusu əldə etmələri qanunlaşıb.

Qazilərin qanuntanımaz, qaydabilməz məmurlarla “döyüşdən” məğlub ayrılmasına kimsə son qoyacaqmı?"

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...


Geri qayıt