Əsas Səhifə > Sosial, Manşet > "Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR?
"Azəristilik" rəhbərliyi ƏCƏBA NƏYİ DÜŞÜNÜR?30-11-2021, 10:36 |
Yenə qış mövsümü gəldi və ənənəvi olaraq “Azəristiliktəchizat” ASC-nin Azəriqaz İB-ə olan borcu gündəmə gəldi. Borc nəinki azalmayıb, hətta daha da artaraq 34 milyon manatı keçib. Nəticədə bir çox yaşayış binaları, məktəblər və sair soyuq günlərdə istiliksiz qalıb. Mövzunu deputat Etibar Əliyev də Milli Məclisdə qaldırıb. E.Əliynev vurğulayıb ki, “Anzərisitilik” deyilən bir quruma dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasına baxmayaraq, borc bataqlığından çıxa bilmir. Onu da xatırladaq ki, 2022-ci ilin dövlət büdcəsindən bu quruma 41,1 milyon subsidiya ayrılması nəzərdə tutulur. “Azəristilik” Açıq Səhmdar Cəmiyyətinin? 16 ildə büdcədən aldığı 300 milyondan çox vəsaitin necə xərcləndiyi məlum deyil: “Çünki 2017-ci ildən maliyyə hesabatlarını cəmiyyətə açıqlamırlar. Deyəsən, əsl nəticə əsaslı büdcə budur”. “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azəriqaz İstehsalat Birliyi hər il “Azəristilik” ASC ilə borcla bağlı problem yaşayır: “Bu qurum hər zaman ”Azərqaz" İB-ə belə problem yaradır. Amma hər il hansısa formada məsələ həll edilir, dövlətin dotasiyası və ya müxtəlif yollarla alınan pullar vasitəsilə “Azəriqaz”a olan borc ödənilir. Amma bu il bu məsələ daha çox uzandı və digər illərlə müqayisədə yaranan borc da çoxdur. 34 milyondan söhbət gedir. Son olaraq, müəyyən, çox cüzi miqdarda ödəniş edildi. Ona görə bir həftəlik güzəşt edilib. Dekabrın 15-nə qədər vaxt uzadıldı. Həqiqətən də dekabrın 15-nə qədər əgər bu vəsaitin ödənilməsi baş tutmazsa, Nazirlər Kabinetinin 80 saylı qərarına müvafiq olaraq, qanuni şəkildə “Azəristiliktəchizat”a mavi yanacağın verilişi dayandırılacaq. Biz də "Azərkontrakt"dan qaz alırıq və onun 100 faizini ödəyirik. Əgər biz aldığımız qazın pulunu tam olaraq, 100 faiz ödəyiriksə, deməli, bizim yığımlarımız da tam olmalıdır ki, abonentləri fasiləsiz qazla təmin edə bilək. Yəni bunlar hamısı qarşılıqlı olanda daha yaxşı olur. Ümidvaram ki, dövlət qurumu olaraq “Azəristiliktəchizat” ASC “Azəriqaz” İstehsalat Birliyinin mövcud vəziyyətini qəbul edəcək, durumunu qiymətləndirib mavi yanacağa olan borcunu ödəyəcək. Qınaq məsələsinə gəldikdə, həqiqətən də burada Azəriqaz İB-nin qınaq obyekti olması böyük ədalətsizlik olar. Bu həqiqətən də bizim quruma aidiyyəti olmayan bir şeydir. İstiliyi Azəristilik ASC verdiyinə görə burada yeganə qınaq obyekti “Azəristiliktəchizat” ASC olmalıdır". Bu xidmətlərin dövlət qurumlarının nəzarətində olması bu qədər problem yaradırsa, həmin sektorların ayrı-ayrı özəl şirkətlərə idarəetməyə verilməsi daha faydalı ola bilərmi? İqtisadçı alim, deputat Vüqar Bayramov da bildirdi ki, kommunal xidmətləri həyata keçirən bir sıra qurumların idarəetməyə verilməsi daha məqsədəuyğun olardı: “Nəzərə alsaq, ki, ”Azəristiliktəchizat" ASC ilə bağlı bu tip çətinliklər artıq bir neçə ildir ki, təkrarlanır. Eyni zamanda qarşılıqlı borclar xidmətin vaxtında və istənilən keyfiyyətdə təklif olunmasına imkan vermir. Bu baxımdan təbii ki, məqsədəuyğun olardı ki, “Azəristiliktəchizat” ASC və bir sıra digər kommunal xidmətləri həyata keçirən qurumların idarəetməyə verilməsi məsələsinə baxılsın. Onların idarəetməyə verilməsi imkan verəcək ki, həm dövlət büdcəsinə bu istiqamətdə ayrılacaq vəsaitləri səmərəli xərcləmək mümkün olsun, həm də artıq mərhələli şəkildə büdcə subsidiyalarından asılılığı aradan qaldırmaq reallaşsın. Çünki idarəetməyə verildikdə müəyyən müddət sonra artıq büdcədən bu istiqamətə subsidiya ayrılmasına ehtiyac olmaya bilər. Eyni zamanda təbii ki, vətəndaşların daha keyfiyyətli və fasiləsiz xidmət alması baxımından da idarəetməyə vermək vacibdir. Çünki əsas məqsəd ondan ibarətdir ki, həm büdcə vəsaitinə qənaət olunsun, həm də fərqli sektorlada subsidiyalaşdırma mexanizmi aradan qaldırılsın. Eyni zamanda istehlakçılar vaxtında, fasiləsiz və keyfiyyətli istilik və o cümlədən digər xidmətlər ala bilsinlər". “Yeni Müsavat” Geri qayıt |