Əsas Səhifə > Sosial, Manşet > “Rayon rəhbərliyi çevrilib yaşadığı şəhərə baxsa, pis olmaz”
“Rayon rəhbərliyi çevrilib yaşadığı şəhərə baxsa, pis olmaz”1-12-2021, 09:42 |
Addımbaşı dolu zibil qabları, ağaclardan asılmış tullantı torbaları, məhəllələrarası gölməçələr, süpürülüb, toplanmamış qalaq-qalaq yarpaqlar bu şəhərin sakinlərini təngə gətirib. Söhbət Göyçaydan gedir. Sakinlərin deməsinə görə, problem heç də yalnız kənar məhəllələrdə deyil, elə mərkəzi küçələrin durumu da oxşardır. Şəhər sakini Adil Babayev bildirir ki, bu problem son vaxtlar sosial şəbəkələrin mövzusuna çevrilib, göyçaylıların qruplarında da müzakirə edilir: “Özüm sosial şəbəkə istifadəçisi deyiləm, uşaqlar göstərir, hələ şəkillərdə yaxşı düşüb deyərdim. Zibilləri süpürüb toplayırlar, sonra daşıyıb aparmırlar. Külək əsəndə həmin zibil qalaqları dağılır və həyətlərə, məhəllələrə yayılır. Bəzi yerlərdə isə həmin topaların üstünə yağış yağıb, nə bilim bizim insanları bilirsiz, topa zibil görəndə həmin ərazisini zibilxanaya çevirirlər. Nəticədə o ərazidə böyük təpə, yaxud zibillik yaranır”. Sakinlərin aidiyyatı qurumlara şikayət edib-etmədiyinə gəlincə, Adil Babayev deyir ki, görünən məsələ ilə bağlı şikayət mənasızdır: “İcra başçısı o yollardan keçmir, görmür? Yaxud başqa vəzifəli məmurlar bunun fərqində deyillər? Bir maşın qum-çınqıl gətirib məhəllələrarası yollara tökmürlər. Axırda problem dərinləşir, yollar keçilməz vəziyyətə düşür. Oğlum bacımgilin məhəlləsinə maşın sürmür. Deyir, ordan gələndən sonra maşını ustaya aparmalı olur. Bu gündədir Göyçayın yolları”. Sakinlər bildirirlər ki, həm yollar, həm də zibillərin daşınmaması, yaxud küçələrin vaxtında təmizlənməməsi, baxımsızlıq hamını yorub. Artıq buna bir əncam çəkilməlidir. “Facebook”dakı Göyçay səhifəsində də tez-tez şəhərin küçələrinin baxımsız olması və zibillərin daşınmaması ilə bağlı paylaşımlar edilir. Sakinlər bildirirlər ki, hətta şəhərin ağaclarını budayırlar, o kəsilmiş budaq parçaları həftələrlə, bəzən aylarla küçənin ortasında qalır: “Ya bunu etməyin, ya da edirsinizsə, işi tamamlayın, yarımçıq qoyub getməyin”. İstifadəçilər deyirlər ki, nəinki kənar məhəllələr, elə mərkəzi Heydər Əliyev prospekti, İdarəetmə və Texnologiya kollecinin olduğu küçələrdə də mənzərə eynidir: “Rayonun Heydər Əliyev prospektinin işıqlandırılması üçün nəzərdə tutulan müasir elektrik dirəkləri zibil tullantısı kimi obyektlərin arxasına atılıb. Həmçinin, Göyçay Sanitar-Təmizlik İdarəsi ümumiyyətlə, buralarla heç maraqlanmır. Göyçay Rayon İcra Hakimiyyətliyinin Arxitektura şöbəsi isə bu kiçik əraziyə asfalt örtüyü çəkilməsini unudub. Halbuki hər il Göyçaya dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bəs niyə şəhər bu gündədir, niyə baxılmır? Buna cavab tapan yoxdur”, – istifadəçilər bildirir. Adil Babayev də bildirir ki, şəhərdə həm də yeni zibil qutularına ehtiyac var. İndi olanların çoxu köhnə, paslanmış qutulardır: “Özü də məhəlləyə bir dənə yox, 3-4 ədəd qutu qoyulmalıdır. O qoyulan bir zibil qutusu səhər saatlarında dolur. Qalanını kənarına qoyurlar. Dolub-daşır, suyu axır heç vaxında gəlib aparmırlar da. Bəzi məhəllələrdə heyvanlar həmin topa zibilləri dağıdır, vəziyyət daha da acınacaqlı hal alır. Rayon rəhbərliyi bir üzünü çevirib yaşadığı şəhərə baxsa, pis olmaz”. Göyçay Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Musayev Meydan TV-yə bildirib ki, bəli, şəhərin müəyyən hissələrində zibillərin yığılıb qalması ilə bağlı müraciətlər alıblar. Hətta sosial şəbəkələrdəki paylaşımlardan da xəbərləri var: “Həmin əraziləri də təbii ətrafda yaşayan sakinlər o hala salmışdılar. İki gün öncə şəhərdəki topa zibillər daşınıb. Xüsusən də mərkəzi küçələrdə, Heydər Əliyev prospekti, İdarəetmə və Texnologiya Kolleci ətrafı şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində təmizlənib”. Şəhərdəki zibil qutularının köhnəldiyinə və bəzi yerlərdə olmamasına gəlincə, Nicat Musayev deyib ki, bunlar Nazirlər Kabineti tərəfindən təmin edilir və artıq şəhərin mərkəzi küçələrinin yeni zibil qutuları ilə təmin olunması üçün müraciət edilib: “Ümid edirik ki, tezliklə bu məsələ də həllini tapar”. Geri qayıt |