Əsas Səhifə > Sosial, Manşet > Sahil Babayev nədən GETMƏLİDİR...

Sahil Babayev nədən GETMƏLİDİR...


21-12-2021, 10:18
Sahil Babayev nədən GETMƏLİDİR...
DİA.AZ: - 4 ildir Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən Sahil Babayevin adı bu gün daha çox mənfi mənada assosasiya olunmaqdadır ki, özünün fəaliyyəti ilə cənab nazir bunu haqq etmiş durumdadır. Hər halda son zamanlar, daha dəqiqi, Sahil Babayevin nazir təyin olunmasının ardından ölkədəki sosial gərginliyin ictimai etirazlarla müşaiyət olunması belə deməyə əsas yaradır.

DİA.AZ bildirir ki, Sahil Babayevi hökumət əslində bir islahatçı, büdcə xərclərinin yersiz israfçılığının qarşısını alan məmur obrazında görürdü, ən azından belə təqdim etməyə çalışırdı. Amma əksi baş verdi.

Olduqca həssas bir sahəyə barəsində etimad göstərilmiş Sahil Babayevin addımları da ciddi hesablara söykənməli idi. Amma Sahil Babayev nə etdi: BÜDCƏYƏ QƏNAƏT EDİRİK və yaxud da BÜDCƏNİN QANUNSUZ SƏRFİYYATINI ÖNLƏYİRİK adı altında olduqca radikal addımlar atdı ki, bu da daha çox onun naşılığı ilə əlaqələndirilməlidir.

Sahil Babayev ona olan etimadı doğrulda bilmədi. Nəticədə hökuməti böyük narazı kütləsi ilə üz-üzə qoydu. Bu hal isə siyasi opponentlər üçün göydəndüşmə fürsətdir. Lakin ölkədə ümumi etimadı haqq edə bilən müxalif cinahların olmaması səbəbindən müşahidə olunan narazılıqlar siyasiləşmədi, daha doğrusu, bu yöndə maraqları olanlar əlləri yalın qaldılar.

Digər yandan, siyasi hakimiyyətin başında dayanan İlham Əliyevin şəxsi nüfuzu da burada başlıca əngəlləyici faktor kimi çıxış etməkdədir. Amma kimsə iddia edə bilməz ki, Sahil Babayev sözügedən fəaliyyətinin davamlılığı ilə siyasi hakimiyyət liderinin nüfuzundan xərcləmir. Təbii ki, onun kimi istənilən bir hakimiyyət üçün təhlükəli hesab olunan fiqurlar ümumkomanda ab-havasına ciddi zərbə hesab olunur. Yəqin ki, bunu da "yuxarılar" nəzərə almamış deyil...

Sahil Babayevin şəxsinə gəlincə isə, adamın özünü hələ də islahatçı obrazda gördüyü şəkksizdir. Bunu elə onun mətbuatla görüşündəki son açıqlamalarının ruhundan da sezmək olar. Biz Sahil Babayevdən sitat gətirib, onun hansısa fikrini çözmək fikrində deyilik. Həm yerli KİV bunu yetərincə incələdi, həm də bu, hamınınn gözü qarşısında tam çılpaqlığı ilə ifadə olunduğundan əlavə şərhə də ehtiyac qalmır.

Ehtiyac olanı isə Sahil Babayevin təcili yola salınmasıdır. Çünki bu adam heç bir keyfiyyəti olmadan, tam tükənmiş şəkildə (tükənmişlik elə onun təbi halı kimi görünür...) görəvə gətirildi. Belələri ilə isə uzun yol gedilmir, cənablar...


Geri qayıt