Əsas Səhifə > Sosial, Manşet > Qarayazı Dövlət Təbiət Qoruğu rəsmən QARƏT OLUNUR
Qarayazı Dövlət Təbiət Qoruğu rəsmən QARƏT OLUNUR25-12-2021, 10:11 |
DİA.AZ xəbər verir ki, Dəryaz qəzetinin redaksiyasına Qarayazı Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Qaragöldən “qara balıq” deyilən balıq cinsinin ovu ilə məşğul olan brakonyerlərin əməllərinə rüşvət qarşılığında göz yumulması barədə məlumat daxil olub. Məlumatda bildirilir ki, brakonyerlərdən aylıq 1000 manat pul alıb qanunsuz əməllərinə göz yumurlar. Məlumatı verən şəxs qanunsuz balıq ovunu əks etdirən, qeydə alınmış video-görüntüləri də redaksiyaya təqdim edib (video-material təqdim olunur-red.) Məlumatda həmçinin qeyd olunur ki, Qazax ətrafındakı bütün kafe və restoranlarda qara balıqdan hazırlanmış xörəklər müştərilərə təklif olunur. Xatırladaq ki, Qarayazı Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 2 mart 1978-ci il tarixli qərarına əsasən Qazax rayonu ərazisində — Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrndə 6000 hektara yaxın ərazidə yaradılıb. Lakin sonra qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verilib və 4855 hektar ərazisi qalıb. 2003-cü ilin iyun ayında Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırılıb. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin əmri ilə 2021-ci ilin sentyabr ayından Tağıyev Vüqar Əziz oğlu Qarayazı Dövlət Təbiət Qoruğuna yeni rəis təyin edilib. Qeyd edək ki, Vüqar Tağıyev bundan əvvəl Ağstafa rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. Məsələ ilə bağlı ilk müraciət etdiyimiz instansiya 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy) oldu. İdarədən bildirdilər ki, Qoruğun ərazisinə nəzarət məhz Qoruq rəhbərliyi tərəfindən həyata keçirilir. Qoruğun rəisi Vüqar müəllimin məsələyə münasibətini soruşduqda, qoruğun işçiləri tərəfindən aparılan nəzarət tədbirləri nəticəsində bir neçə dəfə qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılsa da, faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülsə də, onlardan qanunsuz ov alətləri götürülsə də, amma ümumilikdə, brakonyerlərin öhdəsindən gələ bilmirlər. Onun sözlərinə görə, balıq brakonyerlərinə qarşı mübarizə işini əsasən su polisi həyata keçirməlidir. Məsələ ilə əlaqədar ünsiyyətdə olduğumuz su polisi rəsmisi isə bildirdi ki, Qoruğun 64 işçisi var, Qoruğun ərazisində baş verən bütün neqativ hallara onlar nəzarət etməlidirlər. Yeri gəlmişkən, qeyd edək ki, Qoruqda brakonyerlərin zavalına təkcə qara balıq deyil, həm də yerli və köçəri quşlar (qırqovul, qaratoyuq), çöl donuzu, qunduz və başqa məməli heyvanlar da gəlir. Ümumiyyətlə, Dəryaz qəzetinin redaksiyasına göndərilən məlumatlara görə, Qarayazı Dövlət Qoruğunun ərazisində ov edənlər əsasən polis və digər güc strukturları əməkdaşları, icra hakimiyyətinin məsul işçiləridirlər. Görünür, Vüqar Tağıyev RİH-də çalışdığı vaxt onunla iş yoldaşı olmuş vəzifəli şəxslərin israrları qarşısında acizdir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini (ETSN) də məlumatlandırmışıq. Nazirliyin mətbuat xidmətindən redaksiyamıza bildiriblər ki, video-materialda qeydə alınan faktlarla bağlı araşdırma aparılır. Nəticəsi hələ bəlli deyil, ya da bizə bildirməyi məqsədəuyğun saymırlar. Yəqin, ETSN-nin özünün də könlünə qara balıq düşən, quyruğu Qaragöldə olan iştahlılar var. Mövzuya qayıdacağıq Geri qayıt |