Əsas Səhifə > Sosial, Manşet > Cənab Əmrullayev üçün bu faktlar MARAQLI OLAR...
Cənab Əmrullayev üçün bu faktlar MARAQLI OLAR...1-02-2022, 10:08 |
Paytaxtın qalmaqallı 165 saylı məktəbi və onun yarıtmaz direktoru barədə son məqaləmiz işıq üzü görəndən sonra sözügedən təhsil müəssisəsində baş verən xoşagəlməz olaylar barədə redaksiyamıza ilginc məlumatlar daxil olmuşdur. Etibarlı mənbədən verilən informasiyaya görə, Vüqar Məmmədovun direktor kimi fəaliyyətə başladığı 2017-ci ildən bu yana qol qoyduğu qanunsuzluqlar, korrupsiya hüquqpozmaları indi də davam etməkdədir: — Direktor Vüqar Məmmədovun hər ay müəllimlərdən yığdırdığı 5 manat “fond pulu”nun hara xərcləndiyi bilinmir; — 12 saatdan artıq dərs saatı olan müəllimlərin hərəsindən hər dərs ili başlayanda 700-800 manat rüşvət alınır; — İbtidai siniflərdə hər dəfə dərs buraxmış müəllimləri bir qayda olaraq bir nəfər laborant əvəz edir. Məsələn, 2019-cuy ildə ibtidai sinif müəllimi xərçəng xəstəliyindən əziyyət çəkən ibtidai sinif müəllimi dünyasını dəyişənə qədər uzun müddət dərsə gəlməmişdi. Onu sonadək Səadət adlı laborant əvəz elədi. Hansı ki, sinif direktorun əmri ilə ixtisas müəlliminə verilməliydi; — Buraxılan və əvəz edilən dərs saatlarının haqqı heç də adına yazılan müəllimlərə deyil, direktorun özünə çatır; — Şagirdlər təsdiqləyə bilərlər ki, bir nəfərin adına 2-3 sinif rəhbərliyi düşür. — Seçki məntəqəsi kimi istifadə olunan məktəbdə 2018-ci ildən bəri keçirilən bütün seçkilərdə seçki komissiyasının üzvləri məktəbin müəllimləri olublar. Komissiya üzvləri seçkiqabağı hazırlıq və seçki dövründə işdən azad olunsalar da, dərsləri özləri aparırlar və artıq pullar bölünür; — Hər ay ayrı-ayrı müəllimlərə əlavə olaraq 300-500 manat pul yazılır, onlardan götürülür. Bu pulların haradan qaynaqlandığına hətta mühasib özü heyrətlənir; — Təqaüd yaşına az qalmış müəllimlərə təklif olunur ki, yüksək məbləğli təqaüd almaq istəyirlərsə, 550-1000 manat rüşvət müqabilində onlara əlavə dərs demədikləri saatlar yazıla bilər; — Pandemiya ilə bağlı qapanmalarla əlaqədar onlayn təhsilin tətbiq olunduğu aylarda direktorun adamları qapı-qapı gəzib müəllimlərdən pul yığırdılar; — Texniki xidmət işçilərinin adları cədvəldə getsə də, özləri işdə olmurlar, bankomat kartları da rəhbərlikdə olur; — Məktəbiun psixoloqu illərdir repetitorluqlıa məşğul olur, onu məktəbdə yalnız direktorun kabinetində oturub çay içərkən görmək olar; — Təmayüllü siniflər yaratmaq adı ilə X sinifdən şagirdlər yenidən komplektləşdirilir – yaxşı oxuyanlara və pis oxuyanlara ayrılır. Bu cür münasibət təbii ki, yeniyetmə şagirdin qüruruna toxunur, onu daha da aqressivləşdirir və nəticədə onlarla avara şagird meydana çıxır. Belə yarıtmaz idarəçiliyə görə nəinki X-XI, hətta daha aşağı, VIII siniflərdə belə şagirdlərin dərsə davamiyyəti kəskin aşağı düşüb; — Direktor başına bir qrup simasız yaltağı yığıb, tərəqqipərvər müəllimləri sıxışdırır. Onun ucbatından son illərdə neçə-neçə müəllim keçirdikləri əsəb gərginliklərinə dözməyib xəstəlik tapıblar. Vicdanlı müəllimlər ürək ağrısı ilə deyirlər ki, ayağımız getmir məktəbə sarı, sanki vəhşi qanunların hökm sürdüyü cəngəllikdəyik; — Vüqar Məmmədovun işi-gücü bütün günü sosial şəbəkə profillərində sevgi statusları paylaşmaqdan ibarətdir; Məktəb direktoru haram pullar hesabına Ramana qəsəbəsində özünə dəbdəbəli villa tikdirir və s. Mənbə həmçinin bildirir ki, yaxınlarda 20 saylı məktəbdə keçirilmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iclasında Vüqar Məmmədov ayaq üstə qaldırılıb, ona paytaxt təhsil ictimaiyyətinin gözü qarşısında töhmət elan olunub. Lakin buna baxmayaraq, tapa bildiyi havadarlarının köməyi ilə hələ ki vəzifəsini qorumağı bacarır. Mənbə onu da vurğulayır ki, artıq nazirlidən komissiya gəlib araşdırma aparır. Güman olsun ki, fevral ayından Vüqar Məmmədov məktəblə vidalaşacaq. P.S. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün dəfələrlə Vüqar müəllimə müraciət etsək də, o bildirdi ki, baş idarədən ona mövqe bildirməyə qadağa qoyublar. Lakin, bunlara baxmayaraq cənab Məmmədova öz mövqeyini bildirmək üçün tribuna verməyə hər zaman hazırıq. Mövzuya qayıdacağıq. //Deryaz.az// Geri qayıt |