Əsas Səhifə > Sosial, Manşet > Sahil Babayevin nəyin bahasına olursa-olsun QƏNAƏT REJİMİ...

Sahil Babayevin nəyin bahasına olursa-olsun QƏNAƏT REJİMİ...


23-02-2022, 10:44
Sahil Babayevin nəyin bahasına olursa-olsun QƏNAƏT REJİMİ...
Ölkədə bütün sahələrdə müşahidə olunan bahalaşma fonunda ötən ilin sonunda Prezident İlham Əliyev büdcədən maliyyələşən müəssisə və təşkilatlar başda olmaqla, əhalinin dövlət təminatındakı bütün təbəqələrindən olan hissəsinin pensiya və maaşlarında 20 faizə qədər artımla bağlı sənədlər imzaladı. Həmin sənədlərin biri də bu il yanvarın 1-dən hərbçilərin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 20 faiz artırılması barədə idi. Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı dövlət başçısının imzaladığı sənəd Azərbaycan Ordusunda xidmət edənlərlə bərabər, ehtiyatda və təqaüddə olan hərbçiləri də sevindirmişdi. Çünki bir qayda olaraq, hərbçilərin maaşları və aylıq pul təminatındakı artım, adətən, vaxtilə pensiyaya çıxan və ehtiyata buraxılan hərbçilərin təqaüdlərində də özünü göstərirdi.

Lakin cari ilin yanvar ayının sonunda məlum olub ki,

BU DƏFƏ ARTIM EHTİYATDA VƏ TƏQAÜDDƏ OLAN HƏRBÇİLƏRİN PENSİYALARINA ŞAMİL EDİLMƏYƏCƏK.

Bu məsələ ilə bağlı son vaxtlar mediada ehtiyatda olan hərbçilərin çoxsaylı çıxış və müraciətləri yer alıb. Əslində qanunvericiliyə görə, maaş artımı ehtiyatda və təqaüddə olan hərbçilərin də pensiyasına təsir etməlidir. Çünki bu halda pensiyaçı alan hərbçilərin aylıq təqaüdlərinin artırılması ölkənin müvafiq qanunvericiliyində öz əksini tapıb. Ona görə də hərbçilərin maaş artımı, əlavələr baş verdikdə, bu, ehtiyatda və pensiyada olan hərbiçilərə də şamil olunmaldır.
Buna baxmayaraq, heç bir səbəb göstərilmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ehtiyatda olan hərbçilərin pensiyalarını artırmaqdan imtina edir. Buna görə də bir müddətdir ehtiyatda olan hərbi qulluqçularla ƏƏSMN arasında “açıqlama savaşı” gedir.

Ehtiyatda olan və təqaüddə olan keçmiş hərbçilər qanunla nəzərdə tutulan hüquqlarının pozulduğunu əsas gətirərək pensiyalarının artırılmasını tələb edirlər. Lakin Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN bu tələbləri özünəməxsus şəkildə yozumlayır.

Beləliklə, son vaxtlar dövlət vəsaitinə qənaət etmək adı altında xəstə, əlil, əmək qabiliyyəti olmayan minlərlə insanı sosial təminatdan məhrum edən və sondərəcə arzuolunmaz məmur imicinə malik olan Sahil Babayevin növbəti “hoqqası” ehtiyatda və təqaüddə olan hərbçilərin başında çatlayıb.

Vətəndaşları narazı salaraq, o cümlədən vaxtilə Vətənin keşiyində dayanan şəxsləri dövlətə qarşı ayağa qaldırmağa çalışan

S.BABAYEV NƏYİN BAHASINA OLUR OLSUN DÖVLƏTİN PULUNA QƏNAƏT ETMƏK İSTƏYİR.

Bütün bunların qanun pozuntusu olduğu, dövlət başçısının addımlarının əhalinin sosial rifahına hesablandığını dərk etməkdə çətinlik çəkən S.Babayev təqaüddə və ehtiyatda olan hərbçilərin narazılığına baxmayaraq, geri addım atmaq istəmir.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı açıqlamalarında da olduqca anlaşılmaz cümlələr yer alıb. Yəni həmin bəyanatlardan başa düşmək olmur ki, dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanında ehtiyatda və təqaüddə olan hərbçilərin artımdan kənarda qalması barədə bir söz belə olmadığı halda, həmin şəxslər niyə artım ala bilmirlər?

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun da media orqanlarına açıqlamasını başa düşmək üçün ali təhsilli olmaq yetərli deyil. Gərək hüquq və sosial elmlər üzrə ən azı elmlər doktoru olasan. Görün, özünü çoxbilmiş kimi göstərən bu adam nə deyir: “Pensiya sahəsində aparılan islahatlar zamanı da ilk növbədə hərbi qulluqçuların fəaliyyətinin, göstərmiş olduqları xidmətlərinin xüsusi önəmi diqqətdə saxlanaraq, onların maraq və mənafeləri xüsusi nəzərə alınır”. Bu nə deməkdir? Nazirlik rəsmisinin problemin həllinə dair cavabı?.. O zaman Vətənə xidmət göstərən hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydası dəyişməyibsə, pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik olunmayıbsa, artım niyə verilmir?

Məsələ ondadır ki, bu günə qədər ənənəvi olaraq maaşlar artanda pensiyaların artması baş verdiyi halda, bu dəfə bunun qarşısını alan səbəbi söyləmək əvəzinə Sahil Babayevin rəhbərlik etdiyi

NAZİRLİK BOŞ-BOŞ SÖZLƏRLƏ VƏTƏNDAŞLARIN BAŞINI ALDATMAQLA MƏŞĞUL OLUR.

Ona görə də anlaşılmaz cümlələrlə dolu bəyanatlar məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.

Qeyd edək ki, bu məsələ ilə bağlı Milli Məclisdə komitə iclası da keçirilib. Lakin komitədə aparılan müzakirə hərbçiləri qane etməyib. Milli Məclisin komitə iclasında məsələ haqqında danışmaqdansa, gələcəkdə hərbi qulluqçuların maaşı artırılarsa, yalnız hərbi rütbəyə görə artımı nəzərdə tutan absurd və yerində olmayan təkliflər irəli sürülüb. Qalib Azərbaycan Ordusunda xidmət edən hərbçilərə diqqət və qayğının artırılmasından tez-tez ağızdolusu danışdıqları halda, Sahil Babayevi dəstəkləyən deputatlar da yanlış mövqe tutublar.

Nazirlikdən dəqiq açıqlama almayan ehtiyatda və təqaüddə olan hərbçilər əlacsızlıqdan pensiya qalmaqalını məhkəmədə həll etmək yolunu seçiblər. Məhkəməyə təqdim etmək üçün iddia ərizələri də hazırlayırlar. Çünki hüquqi müstəvidə məsələnin həlli çox sadədir.

Yəni, kimin nə deməyindən asılı olmayaraq qanun hərbi qulluqçuların pensiyalarının artırılmalı olduğunu tələb edir. Sahil Babayevin cəhdləri isə hərbçilərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə maneə yaratmaqdan başqa bir şey deyil.
Aztoday.az

Geri qayıt